TÜRKİYƏ İLƏ İRAN ARASINDA KRİTİK ANLAŞMA! – Təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalandı / FOTO

21-10-2021, 07:23           
TÜRKİYƏ İLƏ İRAN ARASINDA KRİTİK ANLAŞMA! –
Tehranda səfərdə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə iranlı həmkarı Vahidi ikitərəfli və heyətlərarası görüşlərdən sonra anlaşma memorandumu imzalayıblar.

Qafqaz.media “Hürriyet”ə istinadən xəbər verir ki, daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Süleyman Soylu, "PKK və digər terror təşkilatları ilə mübarizədə ortaq bir iradə nümayiş etdiririk. Bu gün terrorla mübarizədə əzmimizi və birliyimizi bir daha təsdiq etdik”, - deyə ifadə edib.

Əfqanıstanda baş verən hadisələrdən sonra mühacirlərlə bağlı mövzunun yenidən aktuallaşdığını deyən Soylu bildirib ki, görüş zamanı bu haqda da müzakirə aparılıb: "Daha əvvəl təmas nöqtəsi olaraq gördüyümüz bir çox işləri bir üst səviyyəyə qaldırırıq. Sərhəd təhlükəsizliyi İranla Türkiyə arasında ən əsas mövzulardan biridir. Təhlükəsizlik divarları və texnoloji sistemlər məsələsində bizə dəstək göstərən iranlı dostlarımıza təşəkkür edirəm".

Narkotiklərlə Mübarizə

Soylu onu da deyib ki, İran tərəfinin təklifi ilə iki ölkənin sərhəd əyalətlərində ortaq işçi qruplarının yaradılması da qərara alınıb: "Silah qaçaqmalçılığı, mütəşəkkil cinayət və narkotiklərlə mübarizə üçün ortaq qruplar yaradılıb. Həm Türkiyə, həm də İran narkotiklərlə ən yüksək səviyyədə mübarizə aparır və bu mövzuda ortaq iradə nümayiş etdirirlər".

Müxtəlif sahələrdə nazirliklər arasında əməkdaşlığı genişləndirəcək anlaşma memorandumunu imzaladıqlarını ifadə edən Soylu, müsəlman coğrafiyasının qarşılaşdığı problemləri də dəyərləndirdiklərini vurğulayıb.

"İsrail və ABŞ-ın dağıdıcı rolu"nu…

Mətbuat konfransında çıxış edən Vahidi də iki ölkə arasındakı əlaqələri dəyərləndirib. Türkiyə ilə İran arasında yeni bir dövrün başlayacağını ifadə edən Vahidi, "Sui-qəsdçilərin İranla Türkiyə arasındakı münasibətlərdə problem yaratmasına icazə verməyəcəyik. İran və Türkiyə strateji əlaqələri genişləndirmək istəyini ortaya qoydu. Bu, dost ölkə Türkiyə ilə əlaqələri dərinləşdirmək üçün bir başlanğıcdır", - deyə bildirib.

Daxili işlər naziri Soylu ilə terrorla mübarizə, sərhəd təhlükəsizliyi, narkotik və silah qaçaqmalçılığı sahələrində əməkdaşlıq mövzusunda çox əhəmiyyətli görüş keçirdiklərini qeyd edən Vahidi, "İsrail və ABŞ-ın dağıdıcı rolu"nu və Əfqanıstandakı prosesləri də müzakirə etdiklərini söyləyib.

Qeyd edək ki, Türkiyə və İran arasında imzalanan anlaşma memorandumu təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq və inkişaf etdirmək məqsədi daşıyır. Müqavilə iki ölkənin, xüsusən sərhəd bölgələri ilə bağlı hər cür terror və qanunsuz hərəkətlərin qarşısının alınmasını və bu istiqamətdə həyata keçirilən hər cür hüquq-mühafizə tədbirlərinin qarşılıqlı inkişafını nəzərdə tutur.

Müqavilə ilə, həm işçi qüvvəsi istedadını əldə etmək, həm də iki nazirlik adasında bilik və təcrübəni daha sürətli paylaşmaq məqsədi daşıyır.

Qafqaz.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.