Türkiyəli ekspert: "SGC-nin gücünün artırılması çətin olmayan məsələdir"

8-02-2022, 17:46           
Türkiyəli ekspert:
"Bakıda keçirilmiş, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzin də iştirak etdiyi Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı Azərbaycanla iqtisadi əlaqələrimizin dərinləşməsi baxımından mühüm hadisələrdən biridir. İki ölkənin rəsmi şəxslərinin görüşlərinin mütəmadi və müəyyən təqvim çərçivəsində keçirilməsi də tərəflərin bu məsələyə verdiyi önəmi ortaya qoyur".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında enerji siyasəti üzrə ekspert, Türkiyənin "Dünya" qəzetinin yazarı Mehmet Kara bildirib.

"Türkiyə Azərbaycan qazını nəql etməklə regionda enerji siyasətinin yürüdülməsində dominant aktyor rolunu oynayır. Bildiyiniz kimi, SGC-nin Türkiyə ərazisindən keçən hissəsi Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) kimi layihələndirilib və bu layihə bütün tərəflər üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə TANAP-la nəql olunan qazın mühüm istehlakçısıdır, həm də onu Avropaya daşıyır. Bundan başqa, Türkiyə həmin qazın hasil olunduğu yataqda pay sahibidir və bununla regionda enerji sektorunda dominant oyunçudur. TANAP Türkiyənin getdikcə artan qaz tələbatının ödənilməsində, enerji çatışmazlığı riksinin azaldılmasında mühüm rol oynayır və bu baxımdam ölkəmiz üçün təkcə kommersiya deyil, həm də strateji baxımdan əhəmiyyətlidir", - deyə o, qeyd edib.

Gələcəkdə SGC-nin buraxılış gücünün artırılmasına gəlincə isə M.Kara deyib ki, layihə ilk gündən böyük potensiala malik, genişmiqyaslı layihə kimi qiymətləndirilib: "Əslində bu dəhliz təkcə Azərbaycan qazını deyil, regionun digər ölkələrinin qazını da daşıya biləcək bir xətt kimi görünürdü. Hələ ki, Azərbaycandan kənar bu xəttə qazın verilməsindən söhbət gedə bilməz. Ancaq, bu reallaşdırılması çox da çətin olmayan məsələdir. Bu gün Azərbaycan və Türkiyənin qaz nəqli potensialını ikiqat artırmağa hazırlaşması məlumdur. Qaz ənənəvi enerji mənbələrindən bərpa olunan enerji mənbələrinə keçid prosesində aralıq yanacaq növü hesab olunur və bir çoxları "mavi yanacağ"ın qarşıdakı illərdə nəinki əhəmiyyətinin azalacağını, əksini artacağını düşünür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.