“YouTube”un rus seqmentində Ərdoğana və Türkiyəyə qarşı kəskin ittihamlar tökülür - cavab niyə yoxdur?..

10-02-2022, 11:35           
“YouTube”un rus seqmentində Ərdoğana və Türkiyəyə qarşı kəskin ittihamlar tökülür - cavab niyə yoxdur?..
Yeganə Hacıyeva: “Nə ABŞ, nə Rusiya, nə də Aİ müxtəlif regionlarda Türkiyənin güc kimi nufuz toplamasından məmnundur”

“YouTube”un rus seqmentində Türkiyə prezidenti Ərdoğanla bağlı aktiv şəkildə antikampaniya aparılır. Maraqlıdır ki, həmin kampaniyaya nə rus, nə də türk dillərində heç bir cavab verilmir. Bu kampaniyanın arxasında hansı qüvvələr ola bilər və niyə həmin ittihamlar cavabsız buraxılır?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün Türkiyə prezidenti Ərdoğana qarşı bir neçə ünvandan kollektiv şəkildə siyasi-sosioloji, horizontal-vertikal, rasional-irrasional kampaniya olan qara təbliğat gedir: “Əgər ilk illərdə bu kampaniya Türkiyənin xarici siyasətinin formalaşmasında Qərb dünyası ilə münasibətlərin ciddi şəkildə kəskinləşməsi məqsədilə həyata keçirilirdisə, son illər bu istiqamət daha da haçalandı.

Uzun illərdir müxtəlif sosial platformalarda Türkiyə prezidenti R.T.Ərdoğana qarşı sistemli informasiya müharibəsi aparılır, 2021-ci ildən isə bu kampaniyaya rusdilli seqmentlər də qoşulub. Qərbin təbliğat maşını ilə paralel rus təbliğat maşını da güclü işə düşüb.

Burda onu da qeyd etmək lazımdır ki, Ərdoğana qarşı Qərb təbliğat təsisatları maliyyələşdirmə sxemi birbaşa demokratiya və insan haqları fondlarının maliyyəsi hesabına aparılır və bu maliyyələşmə kifayət qədər şəffafdır. Azadlıq və Demokratiya Fondunun bir çox ölkələr üzrə qrant ayırdığı vəsaitlər bu istiqamətdə sərf olunur.

2020 - ci ildən Ərdoğan əleyhinə aparılan rusdilli seqmentin qara təbliğatının isə birbaşa Rusiya dövlətinə bağlı təsisatlardan maliyyələşməsi izlənilir. Türkiyənin Liviya, Suriya, Balkanlar, Cənubi Qafqaz, Ukrayna məsələlərinə təsiri Rusiyanın bu regionlarda ənənəvi “halından razı”, rahat davranışını dəyişdirməyə, bir sözlə narahatlığına səbəb olub.

Burda təkcə Rusiya daxilindəki erməni şəbəkəsi aktiv deyil, həm də ənənəvi QRU xətti də aktiv dezinformasiya aparır.

Aydın məsələdir ki, nə ABŞ, nə Rusiya, nə də Aİ müxtəlif regionlarda Türkiyənin güc kimi nufuz toplamasından məmnundur. İstər xaricdəki, istərsə də daxildə olan dağıdıcı qüvvələr qüdrətli ölkə görmək istəmir.

Türkiyənin belə uğurlu qlobal oyunçu kimi formalaşması da birbaşa Ərdoğanın adı ilə bağlıdır. Son zamanda dezinformasiyasının valyuta məzənnəsinə, ölkədəki investisiya mühitinə təsir hesabı ilə aparılması da məhz Ərdoğanın daxildə başının qatılması ilə xaricdəki uğurlu siyasətdən vaz keçməsinə çalışmaq məqsədini güdür.

Son illərin informasiya hücumları ilə mübarizə təcrübəsinin artması, informasiya gigiyenası saxtakarlıq və düşmənçilik təbliğatına qarşı mübarizənin vacibliyini prioritet edir.

Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın Avropadakı və lap elə ölkə daxilindəki bir sıra təbliğat təsisatları da sətiraltı olaraq Türkiyə və prezident Ərdoğana qarşı təbliğat aparır.

Azərbaycan daxilində təbliğat mexanizmi bir koalisiya formasinda: Rusiya, Azərbaycandakı müxalifət, xaricdəki blogerlər və küçədə etirazlar və s. formasında həyata keçirilir.

Odur ki, dezinformasiyaya qarşı mübarizədə Türkiyə və Azərbaycan Milli Təhlükəsizlik və Müdafiə Şuraları formalaşmalı və yaxın vaxtlarda dezinformasiyaya qarşı birğə mübarizə mərkəzi fəaliyyətə başlamalıdır”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.