Ermənistandakı bir sorğuya Türkiyədən reaksiya - nəticələr üst-üstə düşür, amma...

12-02-2022, 12:15           
Ermənistandakı bir sorğuya Türkiyədən reaksiya -
Ankara-İrəvan əlaqələri ictimai rəydən nə dərəcədə asılıdır? Ekspertlər deyirlər ki...
İstanbul Kadir Has Universiteti “Türkiyə Trendləri - 2021" araşdırmasını dərc edib. Bu araşdırma çərçivəsində digər məsələlərlə yanaşı, Türkiyə sakinlərinin Ermənistana münasibəti ilə bağlı sorğu da keçirilib.

Məlum olub ki, respondentlərin 60,9%-i Ermənistanı Türkiyə üçün təhlükə hesab ediblər (22,3% - “yox”, 16,8% - “bilmirəm”). “Sizcə, Türkiyə Ermənistanla münasibətlərini bərpa etməyə cəhd etməlidirmi” sualına 14,4% müsbət cavab verib, 66,2% “yox” deyib, daha 19,4% “heç bir fikri yoxdur” deyib. Bundan əlavə, “Siz erməni qonşunu qəbul etməyə razısınızmı” sualına yalnız 9,1% müsbət cavab verib. Digər 37,1% “fərq etməz” cavabını verib, 53,8% buna hazır deyil.

Qeyd edək ki, analoji nəticələr, lakin əks işarə ilə az öncə Ermənistanda ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğu zamanı üzə çıxmışdı. Erməni respondentlərin 78%-i Türkiyəni Ermənistan üçün ən böyük təhlükə saydıqlarını bildirmişdilər. Belədə sual ortaya çıxır, hətta sərhədlər açılsa belə, tərəflər arasında barışıq mümkün olacaqmı?

Siyasi yazar Kənan Rövşənoğlu bildirdi ki, bu nəticələr bizləri təəccübləndirməməlidir: “İnsanları, xüsusən də bu əsrdə hakimiyyətlər, media idarə edir, yönəldir. Əgər hakimiyyətlər barışığa qərar veribsə, demək cəmiyyətlər də buna uyğunlaşacaq. Konkret olaraq sorğuya gəlincə, bu nəticə, yəni hər iki tərəfdəki nəticə bizi təəccübləndirməməlidir. Ermənistanda uzun illərdir ki, Türkiyə əleyhinə qara kampaniya aparılıb, az qala bütün bəlaların səbəbkarı türklər göstərilib. Türkiyədə də Ermənistanın ərazi iddiaları barədə çox insan məlumatlıdır, 100 il əvvəl baş verənləri çox adam bilir. Ona görə də əhali bir-birinə qarşı etimadsızdır. Həm də ortada Azərbaycanın acı təcrübəsi var. 70 il eyni ittifaq tərkibində, qonşu-dost ölkə kimi yaşayan Ermənistan və Azərbaycan ilk fürsətdə erməni düşmənçiliyi və nifrəti ilə üzləşdi, Xocalı soyqırımı kimi cinayətə, torpaqlarının 20 faizinin işğalı və zorakılıqlara məruz qaldı. Bu ”təcrübə" insanları narahat edir, haqlı olaraq ehtiyatlı olmağa sövq edir. Amma siyasət reallığa əsaslanır. Reallıq isə odur ki, indi həm Ermənistanda, həm də Türkiyədə hakim qüvvələr sərhədlərin açılması və münasibətlərin normallaşmasının hər iki ölkənin və bütünlükdə regionun faydasına olacağını düşünür. 1990-cı illərin təcrübəsi göstərdi ki. Ermənistan kimi qonşusu olan ölkə daim hazırlıqlı olmalı, riskləri nəzərə almalıdır. Amma həm də o da var ki, qonşu ölkələr arasında sərhəd münaqişələri, müharibələr yalnız Qafqaza məxsus deyil. Ən yaxın tarixdə Orta Asiyanın qonşu ölkələri arasında sərhəd münaqişələri göstərdi ki, bu cür həssas nöqtələr hələ də çoxdur. Yəni risklər var, amma bu risklər yumşalma cəhdlərinə də mane olmamalıdır. Türkiyə, Azərbaycan və elə Ermənistanın indiki rəhbərliyi də düşünür ki, əlaqələrin yaranması xalqlar arasında münasibətləri yumşaldacaq, regionda müsbət nəticələr doğuracaq. Azərbaycan xalqı erməni faşizminin vurduğu ağır yaraları unutmur, bu yaralar unudula bilməz. Amma siyasətin də öz tələbləri var".

Politoloq Züriyə Qarayeva istənilən halda bu məsələdə diqqətli olmağın vacibliyini vurğuladı: “Türkiyə və Ermənistan arasında yaxınlaşma Sovet İttifaqının dağılmasının və iki ölkə arasında münasibətlərin başlanmasının 30-cu ildönümündə baş verir. Təbii ki, bu yaxınlaşma regional sülh və təhlükəsizlik baxımından əlverişlidir. Mövcud siyasi konyuktura əvvəlkindən Bakının bu yaxınlaşmaya əks olmaması ilə seçilir. Ankara-İrəvan yaxınlaşması cənab Ərdoğanın və cənab Əliyevin təklif etdiyi 6-lıq platforması baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər arasında əməli və praktiki addımların baş tutması Azərbaycan və Türkiyənin xarici siyasət strategiyasına adekvat cavab verir. Bu yaxınlaşma bir neçə aspektdən müsbət qiymətləndirilə bilər. İlk növbədə Qarabağda rus sülhməramlı qüvvələrinin 5 ili keçmədən bölgəni tərk etməsinə, ümumilikdə isə Rusiyanın dominantlığının azalmasına rəvac verə bilər. Sülh müqaviləsinin imzlanmasını sürətləndirə bilər. Siyasi və iqtisadi inteqrasiya sayəsində Ermənistan iqtisadiyyatının dirçəlişi erməni cəmiyyətinin də mövqeyində dəyişikliyə səbəb ola bilər ki, bu da Qarabağda post-münaqişə dövrünün daha tez başa çatması ilə nəticələnmiş olar. Ermənistan-Türkiyə sərhədi açılsa, Ermənistan ilk növbədə Trabzon limanından və Zəngəzur dəhlizindən istifadə edə biləcək. Ermənistan üçün bu, təkcə Cənubi Qafqazda, Mərkəzi Asiyada deyil, həm də dünya ticarətində sıçrayış deməkdir ki, bu da bölgədə Türkiyənin və Azərbaycanın ciddi şəkildə rolunu daha da artıra bilər. Bütün bunların qısa zamanda baş verməsini əlbəttə ki, ehtimal etmək çətindir. Ermənistan revanşist ideologiyadan əl çəkmək istəmir. Hələ də Azərbaycanın və Türkiyənin suveren ərazilərinə iddialar, soyqırım iddiaları davam edir. Ermənistan-Yunanıstan-Kipr ittifaqının Türkiyə-Azərbaycan-ŞKTC ittifaqı ilə necə mübarizə apardığı, həmçinin erməni diasporunun fəaliyyəti də unudulmamalıdır. Hazırda Türkiyə və Azərbaycanı Naxçıvan üzərindən birləşdirəcək dəhliz mövzusu və Türkiyə əsgərlərinin Qarabağda Rusiya hərbçiləriylə birgə işləməsi kimi məsələlərdə Ermənistanla problemlər də davam edir. Bütün bunları nəzərə alaraq, yaxınlaşma strategiyasında diqqətli davranmaq lazımdır. Əks halda, şərtlər qarşılanmadan yaxınlaşmanın baş tutması kiçik miqyasda Ermənistan-Yunanıstan-Kipr ittifaqı, böyük mənada isə ABŞ-Aİ, həmçinin Rusiya və İran üçün böyük fürsət olacaq”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov erməni cəmiyyətinin başqa heç bir çıxış yolunun qalmadığını qeyd etdi: “Ümumiyyətlə, bu cür təqdim olunan statistik göstəricilər heç vaxt real mənzərəni tam əks etdirə bilmir. Çünki sorğunun hansı kateqoriyadan olan insanlar arasında keçirilməsi məlum deyil. Reallıq ondan ibarətdir ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpası prosesi davam edir. Və həm Türkiyə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyətləri bundan razıdırlar. Çox böyük ehtimalla Ermənistan təxminən bir ay sonra keçiriləcək Antalya diplomatiya forumunda iştirak edəcək. Beləliklə, tərəflər arasında əlaqələrdə yeni mərhələnin əsası qoyulacaq. Doğrudur, normallaşma əlaqələrinə mane olmaq istəyənlər var. Minsk Qrupunun ”reanimasayadan çıxarılması" istiqamətində cəhdlər də bu baxımdan qiymətləndirilməlidir. Lakin əlaqələr davam edəcək. Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri gözlənilir. Şübhəsiz, həmin görüşlərdə regional məsələlər müzakirə olunacaq. Kremlin proseslərə təsir imkanının minimuma endirildiyi, Minsk Qrupunun “oyundankənar” vəziyyətdə saxlanıldığı təqdirdə əlaqələr sürətlənəcək. Ərdoğan dediyini edən siyasətçidir. Əgər o, regionda sabitlik, əməkdaşlıq yaratmaq istəyirsə, bunu edəcək. Əlbəttə, xalqların barışacağını demək çətindir. Bunun üçün nəsillər dəyişməlidir, xatirələr, həqiqət kimi təqdim olunan məqamlar yenilənməlidir. Lakin hakimiyyətlərin əlaqələri, ölkələr arasında inteqrasiya tədricən “buzları əridə bilər”. Bu günlərdə “Anadolu” agentliyinin Ermənistanda türkologiya təhsili alan gənclər arasında keçirdiyi sorğu da təsdiq edir ki, onlar əlaqələrdə maraqlıdırlar. Ümumiyyətlə, fərdlərin fikirləri fərqli olsa belə, Ermənistan toplumunun Türkiyə ilə yaxınlaşmaqdan başqa yolu yoxdur. Otuz il əvvəlki hadisələrin gələcəkdə yenidən təkrarlanmaması üçün bu dəfə daha diqqətli, tədbirli olmalıyıq. Ermənilərin boşluq hiss etdikləri anda təxribata əl atmaları, iddialarla çıxış etmələri istisna deyil".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.