Türkiyə Ukraynanın yanındadır: Qərb niyə Ankaranı görmək istəmir?

20-03-2022, 08:46           
Türkiyə Ukraynanın yanındadır: Qərb niyə Ankaranı görmək istəmir?
Türkiyə Ukrayna böhranın müharibəyə keçid mərhələsinin əvvəlindən fəal diplomatiya aparır. Rəsmi Ankaranın mövqeyi belədir:

Ukraynaya qarşı hərbi təcavüz dayandırılmalıdır, ölkənin BMT çərçivəsində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır;

İmzalanacaq atəşkəs və sülh müqaviləsi bu çərçivədə baş tutmalıdır, eyni zamanda Rusiyanın narahatlıqları nəzərə alınmalıdır (Ukraynanın NATO-ya qoşulmaması, ölkə ərazisində hücum silahlarının yerləşdirilməməsi və s.).

Türkiyə paralel olaraq Ukraynaya müasir silah sistemləri, o cümlədən döyüşdə həlledici üstünlüyü təmin edən "Bayraktar TB-2" dronları verir. İşğala məruz qalan ölkəni humanitar yardımlarla təmin edir, ən yüksək səviyyədə siyasi dəstək verir.

Ankara, paralel olaraq Rusiya rəhbərliyi ilə dialoqu kəsmir, Prezident Putin və Zelenskini görüşdürmək istəyir, üzərində işlədiyi sülh şərtlərini onlara təqdim edir. Hazırda ciddi nəticə olmasa da, bu istiqamətdə müzakirələr davam etdirilir.

Türkiyə NATO-nun üzvüdür, bu təşkilatın Ukrayna böhranında mövqeyini dəstəkləyir, amma yuxarıda qeyd olunan fəaliyyəti həm öz milli maraqlarına, həm də ümümdünya maraqlarına xidmət edir.
Ətraflı
Ad - 00:28

Rusiya və Ukrayna Türkiyənin ən böyük ticarət tərəfdaşları arasında birinci beşlikdə yer alır. Rusiyadan illik qaz alışının həcmi 20 milyard kubmetr təşkil edir, habelə bu ölkənin neft məhsullarının həcmi də bazarda əhəmiyyətli yer tutur. Rusiyadan həm də ildə 10 milyondan artıq turist Türkiyəni ziyarət edir və bu sektorun ayaqda qalmasını təmin edir. Qardaş ölkə isə Rusiyaya kənd təsərrüfatı məhsulları, yüngül sənaye malları, ərzaq və s. gündəlik tələbat malları göndərir. Bu ölkənin qeyri-neft sektorunda ciddi yatırımlara malikdir.

Ukrayna-Türkiyə iqtisadi əlaqələrinin əsas hissəsini turizm, kənd təsərrüfatı, ərzaq məhsulları, meşə materialları, ağır sənaye istehsalının komponentləri təşkil edir.

Müharibə hər iki ölkənin Türkiyə ilə ticarətinə kəskin mənfi təsir göstərir, turist axınının dayanması, enerji məhsullarının bahalaşması onsuz da ciddi problemləri olan Türk iqtisadiyyatında böhranı daha da dərinləşdirir. Bu çətin şəraitdə Ankara həm dünya ilə ortaq mövqe nümayiş etdirir, bəşəri dəyərləri müdafiə edir, Rusiya işğalını durdurmaq, onun məğlub olması üçün imkanı çatan hər şeyi edir. Amma təəssüf ki, Ərdoğan iqtidarının bu çabaları Qərb tərəfindən görməzdən gəlinir. Müharibə başlayandan bu günə qədər cəmi bir dəfə, o da Türkiyə hökumətinin təşəbbüsü ilə ABŞ Prezidenti Co Baydenlə Ukrayna məsələsi müzakirə edilib. Avropa ölkələri hərdən bir təmas saxlasalar da, böhranı Ankara ilə müzakirə etmək, onun təşəbbüslərinə dəstək verməkdə maraqlı görünmürlər. Bu məsələdə yalnız Britaniya istisnadır. Bu gün pərdəarxası gedən müzakirələrdə London-Ankara koordinasiyası hiss olunur, hər iki ölkənin Ukraynanın təhlükəsizliyinə qarant dövlətlər kimi çıxış edə biləcəyi də təsadüfi görünmür.

Ən əsası, Ukrayna Türkiyədən çox razıdır, bunu Prezident Zelenski, xarici işlər naziri Kuleba dəfələrlə dilə gətirib. Ukrayna xalqı da yardımsevər Türkiyə cəmiyyətinə minnətdardır. Bu gün minlərlə qaçqına məhz Türkiyə sığınacaq verir, onları hər cür humanitar yardımla təmin edir. Avropa ölkələrinin Ankaranın prosesdəki fəal diplomatiyasına, çevik siyasətinə qısqanclıqla yanaşması ikrah doğurur. Amma bu münasibətdən Türkiyəyə zərər gəlməz...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.