Türkiyə gündəmi: antiterror həbsləri və…
22-04-2016, 09:55
Aprelin 21-də Türkiyə gündəminin əsas xəbərləri yenə antiterror əməliyyatları oldu. Jandarma qüvvələri gündüz saatlarında PKK üzvü olan 6 nəfəri, sərhədi qanunsuz olaraq Suriyaya keçməyə çalışarkən həbs edib.
Saxlanılan 6 nəfərdən birinin Rezzan A adlı terrorçunun 2012-ci ildə Diyarbəkrdə qanunsuz aksiya zamanı polis məmuru Ahmet Toprakoğlunun qətlə yetirilməsi cinayəti ilə bağlı axtarışda olduğu məlum olub. Eyni zamanda PKK terrorunda iştirak etdiyi üçün barəsində 9 il həbs cəzası hökmü çıxarıldığı da məlum olub. Digər saxlanılan Zinad A-nın isə Sur qəsəbəsindən olduğu və PYD ilə PKK arasında kuryer olaraq çalışdığı məlum olub.
Aprelin 21-də Türkiyə təhlükəsizlik orqanları ötən ilin oktyabrında Ankara Dəmir Yol Vağzalında törədilmiş və 103 nəfərin ölümünə səbəb olmuş terror aktını həyata keçirənlərdən biri İŞİD üzvü Nihad Ürkmezi Elazığ vilayətində həbs edib. Xatırladaq ki, 2015-ci il oktyabrın 10-da Ankara Dəmir Yolu Vağzalı qarşısında keçirilən dinc yürüş zamanı terror hadisəsi baş vermişdi. Sonradan İŞİD tərəfindən törədildiyi məlum olan terror aktı nəticəsində 103 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı.
Prezident Ərdoğan və baş nazir Davudoğlu aprelin 21-də İzmit körfəzi üzərindən keçən və İstanbul-İzmir avtomobil yolunun bir hissəsi olan yeni körpünün açılışını həyata keçirdi. “Osman Qazi” adlandırılan yeni körpü İstanbul yolunun 1 saatlıq hissəsini 6 dəqiqəyə qədər qısaldır.
Türkiyə Apellyasiya Məhkəməsi Ergenekon prosesi ilə bağlı qərarını elan edib. Yüksək məhkəmə yerli məhkəmənin 3 il öncə “Ergenekon işi” prosesində verdiyi bütün qərarları ləğv edib. 16-cı Cinayət Məhkəməsi idarəsinin verdiyi qərarda ”Ergenekon terror təşkilatı”nın kim tərəfindən nə zaman yaradıldığı, cinayətlərinin, idarəetmə sisteminin ortaya qoyulmadığı, liderinin müəyyən olunmadığı kimi səbəblərlə yerli məhkəmə “Ergenekon terror təşkilatı” qərarının yerində olmadığına” hökm edib.
İstefada olan polkovnik Dursun Çiçək prosesdən sonra bildirib ki, “Ergenekon prosesində uzun illər günahsız insanlar işgəncəyə məruz qalıb”, eyni zamanda əlavə edib ki, hakim bu prosesi “bir qurudan üç dəri çıxarmağa” bənzədib.
Türkiyə tarixinin ən böyük və qalmaqallı məhkəmə proseslərindən olan “Ergenekon işi” adlı prosesdə yüksək rütbəli ordu komandanları, keçmiş baş qərargah rəisi İlkər Başbuğ, ordu generalları Şener Eruyğur, Hurşit Tolon, Hasan Iğsız, generallar Vəli Küçük, Levent Ersöz, Yalçın Küçük və başqa tanınmış ictimai-siyasi xadimlər, zabitlərlə birlikdə ümumilikdə 274 şəxs mühakimə olunub.
“Ergenekon işi” 2007-ci il iyunun 12-də Ümraniyədə 27 ədəd qumbaranın tapılması ilə başlayıb. Daha sonra cinayət işi böyüyərək ordu rəhbərlərinin də daxil olduğu “terror təşkilatı” ittihamına çevrildi. 6 il 2 ay davam edən məhkəmə prosesi 5 avqust 2013-cü ildə İstanbul 13 saylı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökmün elan olunması ilə bitdi.
Bu cinayət işinə görə, keçmiş baş qərargah rəisi İlkər Başbuğ ömürlük, “Vətən” Partiyası sədri Doğu Perinçək ağırlaşdırılmış ömürlük həbs, ordu generalı Hurşit Tolon ömürlük, istefada olan general Vəli Küçük 2 dəfə ağırlaşdırılmış ömürlük həbs və əlavə olaraq 99 il həbs cəzası aldı.
Ancaq bu olaydan sonra 13-cü Ağır Cinayətlər Məhkəməsi ləğv olundu və müttəhimlərin Ali Məhkəməyə müraciətindən sonra işə yenidən baxılması üçün iş Prokurorluğa göndərildi və 16 600 səhifədən ibarət olan cinayət işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə çıxarıldı.(musavat.com)