Özbəkistandan Bakının bəyanatına - Dəstək
26-04-2016, 08:39
Özbəkistanın Ziyouz.uz portalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın beynəlxalq hüquq normalarını pozması ilə bağlı geniş məqalə yayıb.
Axar.az xəbər verir ki, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına yer verilir və qeyd olunur ki, beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağdakı təxribatlarını qınamalıdır.
Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Ermənistan isə bu beynəlxalq təşkilatın sənədlərini saymır, beləliklə də beynəlxalq ictimaiyyətə meydan oxuyur.
Məqalədə qeyd edilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib və bu ərazilərdə kütləvi etnik təmizləmə siyasəti aparıb. Bu isə Azərbaycan ərazisinin 20 faizi deməkdir. Nəticədə hər 9 azərbaycanlıdan biri öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qeyd edilir ki, Ermənistan Azərbaycan əhalisinə qarşı hərbi cinayət törədib və buna görə cavab verməlidir.
Materialda bu ayın əvvəlində ermənilərin Dağlıq Qarabağdakı təxribatları haqqında da məlumat verilir.