Ankaraya dəstək yoxdur, Kreml isə şansı əldən verdi

1-06-2022, 10:38           
Ankaraya dəstək yoxdur, Kreml isə şansı əldən verdi
Hər keçən gün Rusiya və Qərb arasında qarşıdurmanın artdığını görürük. Qərb Ukraynada müharibənin genişlənməsi və dərinləşməsi, bu çərçivədə Rusiyanın diz çökdürülməsi məqsədini güdür.

Bu sözləri Axar.az-a Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib. Professor Ukraynada müharibənin uzanacağını və Rusiya üçün daha mürəkkəb hal alacağını qeyd edib:

“Ukraynadan verilən açıqlamalarda Krım da daxil olmaqla, işğal altındakı bütün torpaqların azad ediləcəyinin vurğulanması müharibənin uzanacağını və Rusiya üçün daha da mürəkkəbləşəcəyini göstərir. Əlbəttə, Kiyevin müdafiədən hücuma keçməyə hazırlanmasında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların və Ukraynaya göndərilən hərbi yardımların təsiri danılmazdır. Belə bir şəraitdə Kremlin istədiyinə nə dərəcədə nail olacağı hələlik açıq mövzudur. İndi Kremlin qarşısında iki seçim var: birincisi, müharibədə məğlub olmamaq üçün yeni və daha genişmiqyaslı hücum təşkil etməlidir. Heç şübhəsiz, bu ssenari dəhşətli nəticələr doğura bilər. İkinci və daha rasional seçim müzakirələrə qayıtmaq və atəşkəsi əldə etməkdir. Bu halda Rusiya işğal etdiyi ərazilərin separatçı qrupların nəzarətində qalması və Şərqi Ukraynanın donmuş münaqişə bölgəsi halına gəlməsi üçün çalışa bilər”.

Ərol Türkiyənin bölgədə sülhün əldə edilməsi və müharibənin coğrafiyasının genişlənməməsi üçün çalışdığını, lakin Qərbdən konkret dəstəyin olmadığını da vurğulayıb:

“Burada əsas məsələ odur ki, Putin və Zelenski qısamüddətli atəşkəsin əldə edilməsi, orta və uzun müddətdə isə davamlı sülhün bərqərar olmasında Türkiyənin vasitəçi ola biləcəyini qəbul edirlər. Əslində Antalya Diplomatiya Forumunda prosesdə irəliləyiş hiss olunurdu. Daha sonra İstanbul vasitəçilik mərkəzi kimi ön plana çıxmağa başladı. Fəqət mövcud vəziyyətdə tərəflərin atəşkəsi nə qədər istədiyi son dərəcə mübahisəlidir. Rusiya döyüş meydanında işlərin planladığı kimi getməməsi ucbatından da atəşkəsi istəyə bilər. Kremldən verilən “Biz sülh istəyirik, lakin Kiyev istəmir” açıqlaması da bunu təsdiq edir. İyunun 8-də Sergey Lavrovun Türkiyəyə səfəri də gözardı edilməməlidir”.

Hazırda Ukraynanın müqavimətinin, motivasiyasının yüksək olduğuna diqqəti çəkən professor deyib:

“ABŞ və İngiltərənin müharibənin uzanmasını istədikləri görünür. Bu səbəbdən Ukraynaya hərtərəfli yardım göstərən, Rusiyaya sanksiyalar tətbiq edən aktorların tələblərinin də diplomatik masaya gətirilməsi mümkündür. Xatırlayırsınızsa, bu ilin fevral ayında Putinin Türkiyəyə səfəri gözlənilirdi. Həmin geosiyasi vəziyyətlə indiki durumu müqayisə etdikdə hazırda atəşkəs razılaşmasının daha çətin olduğunu deyə bilərik. İndi üçüncü aktorların tələbləri və gözləntiləri də prosesə təsir göstərəcək. Yəni, Rusiya ilin əvvəlində əlində olan şansı itirib. Buna baxmayaraq, Antalya və İstanbul görüşləri sülhə ümidlərin olduğuna dəlalət edir. Lavrovun Türkiyə səfərində taxıl idxalı və qida təhlükəsizliyi məsələləri də müzakirə ediləcək. Çünki tədarük zəncirində meydana gələn pozulmalar qlobal səviyyədə böyük problemə çevrilməkdədir.

Ankaranın bugünkü mövqeyi müharibənin regional və qlobal risklərini görməsindən, müharibənin Dnestryanı və Belarusa keçə bilmə ehtimalının fərqində olmasından qaynaqlanır. Regionda qeyri-sabitliyin dərinləşməməsi üçün Türkiyə aktiv şəkildə sülh üçün çalışır. Amma açıq etiraf etmək lazımdır ki, Ankaranın bu fəaliyyətinə Qərbdən konkret dəstək yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.