Türkiyə prezidentliyinə namizədlər – Onlar kimdir?

30-03-2023, 08:16           
Türkiyə prezidentliyinə namizədlər –
Xəbər verdiyimiz kimi, Türkiyənin Ali Seçki Qurumu prezidentliyə namizədlərin ilkin rəsmi siyahısını yayıb: Rəcəb Teyyub Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Sinan Oğan.

Yekun siyahı martın 31-də açıqlanacaq.

Prezident seçkisi mayın 14-də parlament seçkisi ilə birgə keçiriləcək.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Rəcəb Teyyub Ərdoğan Xalq ittifaqında birləşən Ədalət və İnkişaf; Milliyyətçi Hərəkat; Böyük Birlik; Yenidən Rifah partiyalarının namizədidir. Hür Dava Partiyası da ona dəstək verir.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasına liderlik edən Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq; Demokrat; Demokratiya və Sıçrayış; Gələcək; Səadət partiyalarını və Yaxşı Partiyanı birləşdirən Millət ittifaqının namizədidir.

1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.

2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.

2010-cu ildən Cümhuriyyət Xalq Partiyasına sədrlik edir.

Məhərrəm İncə lideri olduğu Məmləkət Partiyasının namizədidir.

1964-cü il mayın 4-də doğulan Məhərrəm İncə fizika üzrə ali təhsil alıb, bir müddət müəllimlik edib. 1983-cü ildən siyasi fəaliyyətlə məşğuldur. 2002-ci ildən 2015-ci ilədək 5 dəfə parlamentin deputatı seçilib. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olub. Məmləkət Partiyasını 2021-ci ildə yaradıb.

Müstəqil siyasətçi Sinan Oğanı Ata ittifaqında birləşən Ədalət; Ölkəm; Türkiyə İttifaqı və Zəfər partiyaları namizəd göstərib.

1967-ci il iyulun 1-də doğulan Sinan Oğan Azərbaycan türküdür. İqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Milliyyətçi Hərəkat Partiyasının üzvü, parlamentin deputatı (2011-2015-ci illər) olub.

Partiyalar 600 nəfərlik Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır.

Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.

Ali Seçki Qurumu parlament seçkisinə 36 partiyanı buraxıb: Ana Vətən Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiya, Demokratiya və Sıçrayış Partiyası, Ədalət Partiyası, Ədalət-Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Hür Dava Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluş Partiyası, Xalqların Demokratik Partiyası, Məmləkət Partiyası, Millət Partiyası, Milli Yol Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Müstəqil Türkiyə Partiyası, Səadət Partiyası, Sol Partiya, Türkiyə Fəhlə Partiyası, Türkiyə İslahat Partiyası, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yaxşı Partiya, Yaşıllar və Sol Gələcək Partiyası, Yeni Türkiyə Partiyası, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Zəfər Partiyası.
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.