Özbəkistanda "arzuolunmaz əcnəbilər"i nə gözləyir?

Bu gün, 09:16           
Özbəkistanda "arzuolunmaz əcnəbilər"i nə gözləyir?
Ali Məclisin Senatı (Özbəkistan parlamentinin yuxarı palatası) xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkədə arzuolunmaz şəxs kimi tanınması ilə bağlı "Özbəkistan Respublikasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanuna düzəlişlər qəbul edib.

Bu barədə gazeta.uz yazır.

Məlumata görə, "arzuolunmaz əcnəbilərin" ölkəyə girişinə beş il müddətinə qadağa qoyulması təklif edilir.

Xarici vətəndaşların ölkədə qalmasının arzuolunmaz elan edilməsi üçün əsaslar aşağıdakılar ola bilər:

- Özbəkistanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd olan ictimai bəyanatlar və hərəkətlər;

- Dövlətlərarası, sosial, milli, irqi və dini düşmənçiliyə səbəb olan ictimai bəyanatlar və hərəkətlər;

- Özbək xalqının şərəfini, ləyaqətini və tarixini ləkələyən ictimai bəyanatlar və hərəkətlər.

"Arzuolunmaz vətəndaşlar" beş il müddətinə müvafiq reyestrə daxil ediləcək. Onların ölkəyə girişi, bank hesabı açması, daşınmaz əmlak alması, əmlakın özəlləşdirilməsində iştirak etməsi, maliyyə və müqavilə münasibətlərinə girməsi qadağan olunacaq.

Ölkədə olması arzuolunmaz hesab edilən əcnəbilər on gün ərzində könüllü olaraq respublikanı tərk etməlidirlər, əks halda, onlar deportasiya ediləcəklər.

Düzəlişlərin qüvvəyə minməsi üçün sənədi Özbəkistan prezidenti imzalamalıdır.

Qanun layihəsini Qanunvericilik Palatasının bir qrup deputatı hazırlayıb. Düzəlişlər müasir qloballaşma şəraitində Özbəkistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün yeni tədbirlərin müəyyən edilməsi zərurəti ilə bağlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.