Məcid Araz: Tehranın Azərbaycan Respublikası və Türkiyə siyasətinə İranın içindəki ‘türk məsələsi’ yön verir

Bu gün, 16:54           
Məcid Araz: Tehranın Azərbaycan Respublikası və Türkiyə siyasətinə İranın içindəki ‘türk məsələsi’ yön verir
Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətində Zəngəzur dəhlizi və ümumiyyətlə Azərbaycan Respublikası və Türkiyə ilə əlaqədar məsələlərə dair İran İslam Respublikasının mövqe və siyasətini dəyərləndirib.

Araz hesab edir ki, Tehranın Azərbaycan Respuklikası və Türkiyə ilə əlaqədar siyasətinə İranın içindəki türk məsələsi yön verir.

İslam Respublikası Zəngəzur dəhlizinin inşasına kəskin etiraz edir. Dəhliz İranın rəsmi və yarı-rəsmi mətbuat orqanlarında sıx-sıx “Turan dəhlizi” və “NATO dəhlizi” ifadələri ilə təqdim edilir. İranın müxtəlif siyasi qrupları, o cümlədən ölkə xaricindəki dissident qrupların Zəngəzur dəhlizinə münasibəti böyük ölçüdə Tehranın mövqeyi ilə üst-üstə düşür.

Araz İran rəsmilərinin mövqeyinə diqqət çəkərək deyir ki, “bu, yeni bir məsələ deyil. Bu, İranın Azərbaycan siyasətinin bir parçasıdır. Bu, Azərbaycanın müstəqilliyindən başlayıb, birinci və ikinci Qarabaş savaşları və ondan sonra Zəngəzur dəhlizi və digər məsələlər ilə bu günə qədər gəlib çıxıb. Ümumiyyətlə mən belə düşünürən ki, İranın Quzey Azərbaycan və Türkiyə ilə əlaqəli siyasətinə yön verən məsələ İranın içindəki türk məsələsidir.”

Siyasi fəal bu məsələ ilə bağlı İslam Respublikasının mövqe və təpkilərinin qismən isterik, qismənsə rasional olduğunu önə çəkir.
“İndi türk məsələsi bölgədə inanılmaz dərəcədə bir nöqtəyə gəlib. Artıq bir Türk ölkələri birliyi var. Bu birlik kültür həddini keçib, iqtisadiyyat həddini də keçib və hərbi iş birliyi həddinə gəlib. Qarabağ savaşı bunun ən açıq örnəyi idi. Hətta ortaq əlifba da ortaya çıxdı. Yəni, İranın şimalında özlərinin Turan dedikləri məsələ bir şəkildə gerçəkləşir. Ölkənin daxilindəki türk məsələsi də artıq Təbrizi, Urmiyəni, Ərdəbili keçib Həmədana, Qəzvinə, Tehrana və Şiraza çatıb. Dolayısı ilə İranda hakim olan zehniyyət və sistem bu nöqteyi-nəzərdən böyük bir təhlükə hiss edir və o cəhətdən isterik təpkilər verir”, Araz bildirib.
O, Məsud Pezeşkianın iyun ayındakı prezident seçkilərinə namizədliyinin təsdiqlənməsinə işarə edərək əlavə edir ki, “bunlar sadəcə isterik və qeyri-iradi təpkilər vermir. Çalışırlar daha məntiqli və rasional təpkilər də versinlər. Misal üçün Pezeşkian bunun bir nəticəsidir. Təbii ki, Pezeşkianın prezident olmasında başqa faktorlar da var. Amma ən önəmli faktorlardan biri rejimin türk məsələsindən qorxması və bu ehtiyacı hiss etməsi ki, mən türkləri bir şəkildə öz yanıma çəkməliyəm və türklərdə rejimə qarşı meydana gələn bu dalğanı, bu enerjini bir şəkildə kontrol altına almalıyam... Pezeşkian kimi layihələr rejimə qısamüddətli olaraq qismi kontrol imkanı verər, amma uzunmüddətdə məsələnin daha da genişlənməsinə və daha da yayılmasına səbəb olar. Necə ki, elə Pezeşkianla birlikdə türklük məsələsi Tehranın küçələrinə və İranın rəsmi siyasətinə daşındı. Bu, önəmli bir şeydir.”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.