Təbrizdə elektrik kəsintiləri ciddi narazılığa səbəb olub
26-09-2024, 11:58
Son həftələrdə Təbrizdə havanın temperaturunun aşağı düşməsi və elektrik enerjisi istehlakının azalmasına baxmayaraq, elektrik fasilələri şəhər sakinlərinin narazılığına səbəb olmağa davam edir.
Yerli mətbuat son günlərdə Təbrizdə tez-tez elektrik kəsintiləri barədə bir neçə dəfə xəbər yayıb və insanların mövcud vəziyyətdən narazılığını əks etdirib.
Xəbərlərə görə, Təbrizin müxtəlif bölgələrində hər gün bir neçə saatlıq elektrik kəsintiləri baş verir. Payızın gəlişi ilə, xüsusilə də elektrik istehlakının azalması fonunda, kəsintilərin dayanacağı və ya ən azı azalacağı gözlənilsə də, vəziyyət dəyişməyib. Təbrizdəki fasilələrin ölkənin digər böyük şəhərləri ilə müqayisədə daha tez-tez və geniş miqyasda baş verməsi əhali arasında ciddi narahatlıq doğurur
Baxmayaraq ki, rəsmilər ölkənin enerji balansındakı problemlərdən və digər şəhərlərdə də fasilələrin olduğunu bildirirlər, Təbrizdəki davamlı kəsintilər sosial şəbəkələrdə geniş narazılığa səbəb olub. Şəhər sakinləri bəziləri deyir ki, tez-tez yaşanan kəsintilər səbəbindən liftdən istifadə etməkdən imtina edirlər, sahibkarlar isə istehsal və ticarət fəaliyyətlərinin dayanması nəticəsində iqtisadi itkilərə məruz qalıqlarını bildirirlər.
Ümumilikdə İran enerji təchizatı böhranı ilə üz-üzədir və həm elektrik enerjisində, həm də təbii qazda balanssızlıq mövcuddur. İki gün əvvəl İranın birinci vitse-prezidenti Məhəmmədrza Arifin rəhbərlik etdiyi iclasda, bu problemin həllində özəl sektorun iştirakının vacibliyi vurğulanıb. O, bundan əvvəl də ölkənin qarşıdan gələn qışda qaz qıtlığı, gələn yayda isə elektrik çatışmazlığı ilə üzləşə biləcəyini proqnozlaşdırmışdı.
Hökumət bəzi sənaye müəssisələrinin enerji təchizatını məhdudlaşdırmaqla, elektrik kəsintilərini əhali üzərindən yüngülləşdirməyə çalışsa da, bu il şəhərlərdə və yaşayış məntəqələrində elektrik kəsintilərinin qarşısını tam almaq mümkün olmayıb.