Zəncanlı siyasi məhbus Məhəmməd Məliki cəzasını başa vurub

Bu gün, 15:08           
Zəncanlı siyasi məhbus Məhəmməd Məliki cəzasını başa vurub
İranda 2022-ci il ümummilli etirazların ildönümü ərəfəsində keçən il Zəncanda həbs edilən və 10 il həbs cəzasına məhkum edilən Zəncanlı siyasi məhbus Məhəmməd Məlikinin məhkumluq müddəti başa çatıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Məliki son bir ayı sınaq müddəti və müəyyən məhdudiyyətlər altında həbsxanadan kənarda keçirib. Bu həftə, çərşənbə axşamı ona cəzasının tamamilə başa çatdığı bildirilib.

Məliki 2024-cü il yanvarın 6-da Zəncan həbsxanasına köçürülüb və təxminən 9 ay həbsdə saxlandıqdan sonra, oktyabrın 8-də cəzasının bitməsi barədə məlumat alıb. O, 2023-cü il sentyabrın 19-da Məhsa Əmininin ölümündən sonra başlayan 2022-ci il etirazlarının ildönümündə həbs edilmiş, bir ay nəzarət altında sorğu-suala çəkildikdən sonra 600 milyon tümən girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
İlkin məhkəmə hökmü barədə məlumat olmasa da, Apellyasiya Məhkəməsi Məlikiyə "sistemə qarşı təbliğat aparmaq", "milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq", həmçinin “Zəncan Məhəllələrinin Gəncləri” adlı Telegram kanalı yaradaraq idarə etmək" ittihamları ilə bağlı cəza verib. O, müvafiq olaraq 8 ay, 3 il 7 ay və 6 il 1 gün, ümumilikdə 10 il 3 ay 1 gün həbs cəzasına məhkum edilmişdi.

İranın cinayət qanunlarına əsasən, bir neçə ittiham irəli sürüldüyü halda ən ağır cəza tətbiq edilir. Məhəmməd Məliki, açdığı sosial media kanalı ilə bağlı aldığı 6 il 1 gün həbs cəzasının 5 ilini sınaq müddəti olmaqla şərti cəza kimi almışdı.

Keçən ilin sentyabrında, Məhsa Əmininin ölümünün ildönümü yaxınlaşarkən, İranda geniş internet kəsintiləri müşahidə olunub. Təhlükəsizlik qüvvələri, 2022-ci il etirazlarında həlak olanların ailələrinə təzyiq göstərərək, ildönümü mərasimlərini keçirmələrini əngəlləyib. Eyni zamanda, qadın hüquq müdafiəçiləri və digər fəallar kütləvi şəkildə həbs olunub. Hakimiyyət, hər hansı yeni etirazların qarşısını almaq üçün cəmiyyətə ciddi nəzarət və təzyiq tədbirləri həyata keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.