Milli fəal Əli Rəzizadə Nadarlı azadlığa buraxılıb

Bu gün, 15:44           
Milli fəal Əli Rəzizadə Nadarlı azadlığa buraxılıb
Tehran sakini olan türk dil haqları fəalı Əli Rəzizadə Nadarlı bu gün oktyabrın 14-də Evin həbsxanasından azad edilib.

Hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, o, bir illik həbs cəzasını tamamladıqdan sonra sərbəst buraxılıb.

Keçən ilin yanvar ayında Əli Rəzizadə Nadarlının məhkəmə prosesi ilə bağlı məlumat yayılmışdı. İyul ayında Tehranın Ümumi və İnqilab Məhkəməsinin 15-ci şöbəsində onun məhkəmə iclası keçirilmişdi. O, "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə üzləşmiş və özünü bu ittihama qarşı müdafiə etmişdi.

Bir həftə sonra məhkəmə onu "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə pantürkist qruplaşmaya üzv olmaq" ittihamı ilə iki il həbs cəzasına məhkum etmişdi. Bununla yanaşı, Rəzizadənin iki il müddətinə ölkədən çıxışına və hər hansı qrup və təşkilatlara üzv olmasına qadağa qoyulmuşdu.
Daha sonra milli fəalın Apellyasiya Məhkəməsinə verdiyi şikayət nəticəsində məhkəmə onun iki illik həbs cəzasının bir ilini beş il müddətinə şərti hesab etmiş, cəzanın digər bir ili isə qüvvədə saxlamışdı.

Əli Rəzizadə Nadarlı oktyabrın 29-da bir illik həbs cəzasının tətbiq edilməsi üçün Evin həbsxanasına köçürülmüşdü.

Bu ilin aprel ayında o, həbs cəzasının yarısını başa vurduqdan sonra şərti əfv tələb etsə də, bu tələb rədd edilmişdi. Həbsdə olduğu müddətdə o, may ayında 5 günlük məzuniyyətə buraxılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.