İranda Ərdəbil vilayəti səfalət indeksində birinci yeri tutub

Bu gün, 11:24           
İranda Ərdəbil vilayəti səfalət indeksində birinci yeri tutub
Yayımlanan son hesabata görə, İran Azərbaycanının Ərdəbil vilayəti ölkə üzrə səfalət indeksinə görə birinci yeri tutub

Ərdəbil vilayəti bu indeks üzrə 45.3 göstərici ilə ölkənin ən aşağı nəticəsini nümayiş etdirib. Ümumi ölkə üzrə orta səviyyə isə 39.7 olaraq qeydə alınıb.

Bu məlumatlar İran Statistika Mərkəzi tərəfindən payız fəslinə aid olaraq dərc edilib.

Səfalət indeksi, illik inflyasiya dərəcəsinin işsizlik səviyyəsinə əlavə edilməsi ilə iqtisadi vəziyyəti qiymətləndirmək üçün istifadə olunan elmi göstəricidir.

Statistikaya görə, ölkənin 15 vilayətində səfalət indeksi ölkə ortalamasından yüksəkdir. Ərdəbil vilayətində inflyasiya 35.2%, işsizlik səviyyəsi isə 10.1% təşkil edib ki, bu da vilayətin 45.3 vahidlik səfalət indeksi ilə ölkədə ən yüksək göstəriciyə sahib olduğunu göstərir.
Ümumilikdə, Ərdəbil vilayətində işsizlik səviyyəsi həmişə yüksək olub və ölkə ortalamasını üstələyib. Ərdəbildə payız fəslində işsizlik faizi 10.1 olduğu halda, bu rəqəm ümumilikdə ölkə üzrə 7.2 olaraq qeydə alınıb. Bu da vilayətin işsizlik səviyyəsinin ölkə ortalamasından yüksək olduğunu göstərir.

Bu indeksə əsasən, Ərdəbil vilayətinin sakinləri payız fəslində ölkənin ən aşağı rifah səviyyəsini yaşayıblar. Əvvəlki illərə nəzər salsaq, 2022-ci ildə də Qərbi Azərbaycan vilayəti səfalət indeksi üzrə ən pis vəziyyətdə idi.
Hərçənd ki, İran Statistika Mərkəzi səfalət indeksini mütəmadi olaraq ölkə və vilayətlər üzrə yayımlayır, bəzi tənqidçilər bu məlumatların dəqiqliyi və əhatəliliyinə şübhə ilə yanaşırlar. Məlumatların toplanmasında şəffaflığın təmin edilməməsi, işsizlik anlayışının məhdud şəkildə təsvir olunması, iş yerlərinin keyfiyyəti, iş şəraiti və əmək haqqı kimi vacib göstəricilərin nəzərə alınmaması səbəbindən bu statistikaların cəmiyyətin reallıqlarını tam əks etdirmədiyi yönündə tənqidlər irəli sürülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.