Güneyli aşıqlardan Azərbaycana ünvanlanan hiddətli MÜRACİƏT: - “Bunun bir adı var - dəllallıq!”
6-07-2015, 22:02
Güney Azərbaycanda fəaliyyət göstərən bir qrup saz-söz adamı Modern.az saytına müraciət göndərblər. O taylı aşıqlar bu taydan onların işinə törədilən menaçiliklərdən söz açıblar. Müraciəti olduğu kimi təqdim edirik:
- Hörmətli redaksiya! Səsimizə səs verib sözümüzü Azərbaycan ictimaiyyətinə çatdıracağınıza inandığımızdan Sizə müraciət edirik. Bu müraciət, aşağıdakı imzalardan da göründüyü kimi, İranın ayrı-ayrı şəhərlərindəki aşıqların rəhbər nümayəndələri tərəfindən ünvanlanır Sizə.
Hörmətli redaksiya! Əvvəlcə nəzərinizə onu yetirək ki, indiyədk İranda aşıqların ayrıca birliyi olmamışdı və aşıqlar da pərakəndə şəkildə hər kəs öz gücü çatan şəkildə bu sənəti yaşadırdı. Son illərdə Bakıda və bəzi rayonlarda keçirilən rəsmi tədbirlərdə də çıxışlarımız olub, I və II Beynəlxalq Aşıq Festivalında rəsmi qaydada dəvət əsasında iştirakımız təmin olunub kı, yeri gəlmişkən, Azərbaycan Respublikasının Mədəniyət və Turizm Nazirliyindən və Azərbaycan Aşıqlar Birliyinə də öz təşəkkürümüzü bildiririk.
Biz aşıqların çoxdankı arzusuydu ki, sizdə olduğu kimi, İranda da aşıqların öz birliyi olsun. Nəhayət uzun sürən zəhmətimiz hədər getmədi, öz Birliyimizi qurmağa nail olduq. Bunun üçün azərbaycanlıların yaşadığı və aşıq sənətinin geniş yayıldığı bütün şəhərlərdə aşıqlar arasında azad bir seçki keçirdik, hər şəhərdə aşıqların rəhbər heyəti və İran Aşıqlar Birliyinə nümayəndələr seçdik. Artıq bu işimiz yekunlaşmaq üzrədir və Allahın izniylə bütün təşkilatı məsələlər rəsmi qaydada yaxın zamanlarda başa çatacaq, inşallah!
Bu işə başlayanda düşünürdük ki, ürəyində saza-sözə məhəbbət olan hər kəs buna sevinəcək, bizə dəstək olacaq. Bilməzdik ki, demə dəstək olmaq bir yana, hətta işimizə əngəl olmağa çalışanlarla üzləşəcəyik. Bizim işimizə ən böyük əngəl olanlardan biri və birincisi haqqında sizin sayənizdə Azərbaycanda hər kəsə məlumat çatdırmaq istəyirik. Ona görə ki, bu adamı az-çox o tayda tanıyanlar var. Çünki adamların Arazın bu tayına olan sevgisindən sui-istifadə edərək min bir fırıldaqla etbarını qazanmaqda ustadır. Bu adam o tayda özünü Böyükbəy Ələkbəroğlu kimi təqdim edən şəxsdir. Elə ki, İranda Aşıqlar Birliyi yaradılması xəbəri yayıldı, bu adamın rahatlığı pozuldu. Bu təşkilatı özünün “fəaliyyətinə” ən böyük maneə kimi gördüyündən hər addımda işimizi əyməyə çalışdı. Bu da səbəbsiz deyil. Bu adam neçə illərdir ki, o taydakı yaxın dostları professor Məhərrəm Qasımlı və digər folklorşünas alim Elxan Məmmədlinin sayəsində bu taydan müxtəlif yollarla hər dəfə bir neçə aşığı Bakıya aparıb elə onların da sayəsində radio və televiziyalara çıxarıb. Bu tayın aşıqlarının Bakıda radio və televiziyalarda çıxış etmələrini biz də istəyirik. Amma di gəl ki, düz-əməlli məktəb təhsili olmayan bu Böyükbəyin özünü də televiziya ekranından Məhərrəm Qasımlı kimi böyük alimin öz verilişində folklorşünas kimi təqdim etməsi İranda həm aşıqlar, həm də aşıq ədəbiyyatını araşdıranlar tərəfindən narazılığa səbəb olurdu.
Burda hər kəs düşünürdü ki, balam, Böyükbəy də folkorşünasdır, Məhərrəm Qasımlı da? Axı bu tayda biz Məhərrəm Qasımlını böyük alim kimi tanımışıq hər zaman. Eləcə də Elxan Məmmədlinin aşıq sənətində böyük xidmətləri olduğunu bilirik. Bəs necə olur ki, bu iki alim bu dəllalı özləri səviyyəsində tuturlar? Hələ bu yaxınlarda Azərbaycan Dövlət Televiziyasında gedən muğam yarışmasında hörmətli alim Nadir Axundovun da onu həm folklorşünas, həm də İran Aşıqlar Birliyinin rəhbəri kimi canlı yayımda təqdim etməsi doğrudan da bizləri hədsiz kədərləndirdi, qəzəbləndirdi.
Yeri gəlmişkən onu da deyək ki, onun son zamanlar Azərbaycanda əl-qol açmasında bir kömək yeri də “Borçalı” cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədlidir ki, onun da bu əməli indiyədək bu tayda olan hörmətinə xələl gətirməkdədir.
Axı bu adamın o taya gedib-gəlməsinin sadəcə bir adı var – dəllallıq. Bu taydan o taya hansısa verilişə çıxarmaq üçün minbir yola əl atıb şirnikdirərək aşıq aparır, o taydakı aşıqlar üçün də bu tayda toy sifarişi götürür (özünün də payı olmaqla təbii ki). Bir adam ki, özü aşıq olmaya, folklor nədir bilməyə, bu adam aşıq sənətinə necə xidmət edə bilər? Görün Azərbaycan Respublikasında bir neçə nəfər bu adamı necə şişirdib ki, hətta Elxan Məmmədli deyir ki, Folklor İnsititutu bir folklorçu kimi onun xidmətlərinə həsr olunmuş kitab nəşrə hazırlayır.
Hörmətli redaksiya! Görəsən ya çox hörmətli professor Məhərrəm Qasımlı ya da Elxan Məmmədli hər addımda folklorşünas kimi ağızdolusu təriflədikləri Böyükbəy Əlkəbəroğlunun kitbalarını demirik, heç olmasa bircə elmi məqaləsinin adını çəkə bilərlərmi? Onunla hansı elmi əməkdaşlığı edirlər? Bu adamın Təbrizdə yaxud da İranın başqa bir yerində rəsmən keçirdiyi bircə aşıq tədbirinin adını deyə bilərlərmi? Onları birləşdirən folklor, aşıq sənəti sahəsindəki elmi əməkdaşlıqdır, yoxsa başqa nə isə? Bunca böyük nüfuza malik olan alimlər bu adama necə inanırlar? Doğrudanmı onu bir folklorşünas kimi qəbul edirlər?
Bəlkə də bu alimlərin adlarını çəkməzdik heç bu yazıda. Amma buna vadar olduq. Əvvəla ona görə ki, bu adamın əməlləri, İranda aşıqlar arsında təfriqə salması, heç bir nüfuzunun olmaması barədə onların hər biri ilə söhbətimiz olub, amma faydasını görməmişik. İkincisi də, yenə də bildirmək istəyirik ki, bu tay aşıqları hər iki alimə yenə də öz hörmətlərini izhar edirlər və bildirmək istəyirlər ki, özlərinə dost bildikləri bu Böyükbəy öz əməlləri ilə başdan-ayağa çirkabın içindədədir və əgər bu çirkaba onlar da bulaşmaq istəmirlərsə, vaxtında tədbirlərini görsünlər.
Biz İranda Aşıqlar Birliyini qurmağa başlayanda düşünürdük ki, müstəqil Azərbaycanda bu sahə ilə məşğul olanlar bizə əllərindən gələn köməyi göstərəcəklər. Amma əvəzində nə gördük? Hər ikisinə bir alim kimi böyük hörmət bəslədiyimiz Məhərrəm Qasımlı və Elxan Məmmədli bu adama dil verirlər, onu tanınmış folklorşünas kimi təqdim edir və hətta bir az da uzağa gedərək İran Aşıqlar Birliyinin rəhbəri kimi tanıdırlar.
Biz aşağıda imza edən İran aşıqlarının seçilmiş nümayəndələri adlarını yuxarıda çəkdiyimiz şəxslərdən bir təvəqqə edirik ki, haqqın, haqlının yanında olsunlar, şərin, böhtanın yox. Əgər doğurdan da İrandakı aşıqlara canıyananlıq etmək istəyirlərsə, vaxt ayırıb İrandakı aşıqlarla bağlı son aylarda həyata keçirlən təşkilatı işlərlə tanış olsunlar. Aşıq sənətinə dəxli olmayan birini orda yersiz tərifləməklə biz aşıqları təhqir etməsinlər, aşağılamasınlar. Ən azından bu müqəddəs Ramazan ayında bu kimi əməllərin günah olduğuna diqqət etsinlər.
Bu müqəddəs Ramazan ayında hər birinizə xoş arzularla:
Aşıq Səlcuq Şəhbazi – Tehran, İran Aşıqlar Birliyinin qurucusu
Aşıq Hidayət Mehri – Birliyin Urmiyə şöbəsi
Aşıq Qurban Purvəli – Birliyin Urmiyə şöbəsi
Aşıq Əli Qereağacı – Birliyin Urmiyə şöbəsi
Aşıq Səbur Şərifi – Birliyin Urmiyə şöbəsi
Aşıq Əli Məhəmmədi – Birliyin Parsabad şöbəsi
Aşıq Əkbər Sadiqi – Birliyin Parsabad şöbəsi
Aşıq Mərəhmənd Nurşvənd – Birliyin Parsabad şöbəsi
Məhəmməd İbadi Alışıq – Birliyin Təbriz şöbəsi
Aşıq Çingiz Mehdipur – Birliyin Təbriz şöbəsi
Aşıq Ayət Qənbəri – Birliyin Təbriz şöbəsi
Aşıq Əli Xodadad – Birliyin Təbriz şöbəsi
Aşıq Çingiz Biriya – Birliyin Təbriz şöbəsi
Aşıq Ayaz Şucayi – Birliyin Kərəc şöbəsi
Aşıq Vahid Həqqi – Birliyin Kərəc şöbəsi
Aşıq Yusif Hüseynzadə - Birliyin Kərəc şöbəsi
Aşıq Səttar Xudayi – Birliyin Zəncan şöbəsi
Aşıq Mehdi Nəcəfi – Birliyin Zəncan şöbəsi
Aşıq Hüseyn Əsədi – Birliyin Zəncan şöbəsi
Aşıq Abbas Səttari – Birliyin Miyana şöbəsi
Aşıq Həmzəli Xidri – Birliyin Miyana şöbəsi
Aşıq Arif Qasimi – Birliyin Miyana şöbəsi
Aşıq Behbud Nəzəri – Birliyin Tehran şöbəsi
Aşıq Talıb Əslanifər – Birliyin Tehran şöbəsi
Aşıq Sulduz Mehdipur – Birliyin Tehran şöbəsi
Aşıq Rəsul İsmayılzadə - Birliyin Tehran şöbəsi
Aşıq Fərəc Muradi – Birliyin Nəzər abad Həşgerd şöbəsi
Aşıq Ramazan Xudabəndə - Birliyin Nəzər abad Həşgerd şöbəsi
Aşıq Əli Kəlhor – Birliyin Nəzər abad Həşgerd Şöbəsi
Aşıq Fətulla Rizayi _ Birliyin Qayabaşı şöbəsi
Aşıq Əbülfəz Quluzadə - Birliyin Qayabaşı şöbəsindən
Aşıq Ənvər İmani – Birliyin Mərənd şöbəsindən
Aşıq Əbil Məhəmmədi – Birliyin Mərənd şöbəsindən
Aşıq Məsum Əhmədi – Birliyin Mərənd şöbəsindən
Aşıq Xəlil Namazi – Birliyin Xoy şöbəsindən
Aşıq Səttar Bərazeş – Birliyin Miyandab şöbəsindən