Türkiyənin yeni bəlası: suriyalı qaçqınlar...

5-07-2017, 11:10           
Türkiyənin yeni bəlası: suriyalı qaçqınlar...
Sayları 3 milyona çatan qaçqın ordusu Türkiyə hökumətini hələlik narahat etməsə də, yerli əhalidə ciddi narazılıq yaranır, səbəblər isə çoxdur

Türkiyədə suriyalı qaçqınlar mövzusu ölkə gündəminin əsas hadisələrindən birinə çevrilib. Suriyalı qaçqınların sayının artması özü ilə ənənəvi problemləri də gətirib. Suriyalı gənclərlə yerlilər arasında küçə davaları, məhəllə qarşıdurmalarının sayı artıb. Hətta vəziyyət o həddə çatıb ki, artıq Türkiyədə suriyalıların geri göndərilməsi çağırışları daha tez-tez eşidilməyə başlayıb.


Türkiyənin məşhur müğənnisi Demet Akalın tvitterdə açılan “suriyalılar evinə dönsün” haştağına dəstək verib. Müğənni sosial şəbəkədə yazıb ki, “suriyalılar evinə dönsün”, qətiyyətlə sonuna qədər dəstəkləyirəm. Oğurluq, bıçaqlama xəbərlərindən bezdik".


Demet Akalın bu paylaşımına görə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub, irqçilikdə günahlandırılıb. Müğənniyə kəskin reaksiyalar olsa da, fakt budur ki, Türkiyədə demək olar ki, hər gün suriyalılarla bağlı hansısa xəbərlər mediaya düşür. Bunun isə bir sıra səbəbləri var.


İlk növbədə suriyalıların sayı çoxdur. Rəsmi məlumatlara görə, hazırda Türkiyədə 3 milyon 49 min 879 nəfər suriyalı qaçqın var. Türkiyə Köç İdarəsinin mart ayına olan məlumatına görə, ölkə ərazisində 2 milyon 957 min 454 suriyalı dövlət qeydiyyatındadır. Qaçqınların 10 faizindən bir az hissəsi, yəni 261 min nəfəri (bu düşərgələrdə əlavə olaraq 8200 nəfər iraqlı da qalır - K.R) Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) 10 vilayətdə qurduğu 26 çadır düşərgəsində yaşayır.
Qaçqınların yerdə qalan 90 faizi, başqa sözlə 2 milyon 700 min nəfəri müxtəlif yaşayış məntəqələrinə səpələnib. Ən çox suriyalı İstanbul şəhərindədir. Türkiyənin ən böyük şəhərində 480 min suriyalı qaçqın qeydiyyatdadır. Adanada 151 min, İzmirdə 109 min, Bursada 106, Ankarada 80 min qeydiyyatda suriyalı qaçqın var. Bundan başqa cənub-şərqdə Şanlıurfa (420 min), Hatay (384 min), Qaziantep (329 min) və Mersində (146 min) çoxlu sayda qaçqınlar yerləşdirilib.
Əlbəttə, bu qədər sayda qaçqının olması istər-istəməz yerlilərlə müəyyən problemlərə gətirir. Bu problemlər isə aşağıdakılardan ibarətdir.


1.Ucuz işçi qüvvəsi. Suriyalı qaçqınlar ehtiyac səbəbindən ucuz işçi qüvvəsidir. Yerli sakinlərdən fərqli olaraq çox cüzi, bəzən 300-400 lirə maaş qarşılığında bir ay işləyən suriyalıların varlığı yerlilərin böyük sayda iş yerlərinin itirməsinə səbəb olur. Bu isə istər-istəməz narazılıq və qəzəb doğurur. Xüsusən də azyaşlı uşaqlar ucuz işçi olaraq cəlb olunur və bu zaman sahibkarlar vergidən yayınır, işçilərin sosial müdafiəsi istiqamətində hər hansı xərclər olmur.


2.Narazılıq və qarşıdurma yaradan ikinci faktor gənclərdir. Suriyalı gənclərin dəstə halında gəzmələri, yerli adətlərə, mühafizəkar cəmiyyətin qaydalarına riayət etməmələri bir çox hallarda əks təsirə səbəb olur, kütləvi məhəllə davaları, bıçaqlaşma hadisələri olur. Bu hadisələr yerli insanları narahat edir və qaçqınlara qarşı qəzəb yaradır.


3.Suriya müharibəsi və Türkiyənin Suriyaya ordu göndərməsi. Məlum olduğu kimi, 2016-cı il avqustun 24-də Türkiyə ordusu “Fırat Kalkanı” əməliyyatı çərçivəsində Suriyaya hərbi müdaxilə edib. 5 ay davam edən hərbi kampaniya zamanı 70-ə yaxın Türkiyə əsgəri şəhid oldu, bundan başqa Suriya ilə sərhəddə baş verən toqquşmalarda çoxlu sayda Türkiyə hərbçiləri öldürülüb. Aramsız şəhid xəbərlərinin fonunda Türkiyədə dövlətin verdiyi səhiyyə sığortası, təhsil və sair güzəştlərdən faydalanaraq yaşayan suriyalılar yerli əhalidə qəzəb doğurur. Suriyalı gənclərin öz ölkələrini qorumaq üçün geri göndərilməsi tələbləri sosial şəbəkələrdə tələb olaraq yayılır. İnsanlar hesab edir ki, suriyalı gənclər Türkiyəyə gəlməməli, öz torpaqların gedərək vuruşmalıdır.


4.Nəhayət, “sokakların” suriyalılar tərəfindən “işğal olunması”. Türkiyədə küçə ticarəti, xuliqanlar, vasitəçilər, avaralar böyük bir şəbəkədir, daim yerli mafiaların nəzarətində olub. Son 30 ildə küçələrdə hakim olan cənub-şərq bölgələrindən gələnlər təşkil edib. PKK və onun kimi bənzər silahlı qrupların gücünün qaynağı da məhz küçələrdəki cinayətkar qruplar olub. Ancaq son illərdə küçədə artıq ənənəvi gücə qarşı suriyalı alternativi ortaya çıxmağa başlayır. Ucuz işçilər, küçə satıcıları, fırıldaqçılar, cibgirlər və küçə mafiyaları sırasında suriyalıların sayı artmaqdadır. Bu amil yerli əhalini narahat etməklə yanaşı, küçə “savaşlarının” sayının artmasına da səbəb olacaq.


Bu vəziyyətdən hökumət narahat deyil. İlk növbədə Türkiyə hökuməti Suriya münaqişəsində ən çox qaçqın qəbul edən ölkə kimi tarixə düşüb və buna görə BMT başda olmaqla bir çox beynəlxalq təşkilatlar Ankaraya minnətdarlıq edib. Bu, ilk növbədə mənəvi bir borcdur və Türkiyə bir müsəlman, qonşu ölkə olaraq Türkiyə üzərinə düşən öhdəliyi artıqlaması ilə yerinə yetirib. Münaqişə başlayandan bu yana Suriyada 12 milyon insan qaçqın düşüb. Bunlardan 7 milyonu ölkə daxilində qaçqın olub, 4,8 milyon insan isə xarici ölkələrə sığınıb. 3 milyona yaxın insan, yəni qaçqınların böyük əksəriyyəti Türkiyəyə sığınıb.


Hazırda 60 milyon nəfərdən bir qədər çox qaçqın geri, ölkəsinə qayıtsa da, böyük çoxluq hələ də Türkiyədədir. Onların bir qismi isə artıq vətəndaşlıq alıb. Xüsusən də suriyalı gənclərin bir çoxu Türkiyəyə ali təhsil alır və işlə təmin olunanlar var. Hələlik dəqiq rəqəmlər açıqlanmasa da, 5 illik məcburi yaşamaq şərti dolan suriyalıların Türkiyədə vətəndaşlıq alması yolunda maneə qalmayacaq. Bu mənada Türkiyə dövləti hələlik suriyalı mövzusuna səbirli yanaşır, əhalidən gələn təpkiləri diqqətə almır. Ancaq münaqişənin həllinə doğru yaxınlaşdıqca çox güman ki, hökumət də qaçqınlar sıxlığını azaltmağa çalışacaq. Hazırda “Fırat Kalkanı” əməliyyatı sonrası azad edilmiş 2 min kv.km Suriya ərazilərində müxalif silahlılar və Türkiyə hökuməti bərpa işlərini davam etdirir. Ankara qaçqınların bir qismini Suriya torpaqlarına köçürməyə çalışacaq. Bununla həm ölkə daxilində qaçqın yükünün azaldılması, həm də gərginliyin yumşaldılması və qaçqınların öz ölkələrinə geri dönməsi həyata keçəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.