Əliyev-Ərdoğan görüşü: Hərb variantı üçün... - Şərh
11-07-2017, 10:59

Türkiyə ilə bu məsələlərin vaxtaşırı müzakirəsi gələcəkdə problemin ədalətli şəkildə, beynəlxalq hüquqi normaları çərçivəsində həllinə təkan verə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını hədəf aldığını təsdiq edən Alxanlı olayının dünya liderlərinə çatdırılmasında önəmli olduğunu bildirib:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə 22-ci Dünya Neft Konqresi çərçivəsində Dağlıq Qarabağ problemi ətrafında yaranmış yeni situasiyanı Ərdoğanla geniş şəkildə müzakirə edib. Hazırda Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün ciddi təbliğat kampaniyası başladıb. Dünya ictimaiyyətinə işğala məruz qalan ölkə olaraq, erməni əsgərlərinin Füzulinin Alxanlı kəndində dinc sakinləri hədəfə almasını çatdırmaq Bakının qarşıya qoyduğu vacib addımlarından biridir. Ehtimal edirəm ki, görüşdə Dağlıq Qarabağ probleminin hərb variantlarından da söhbət gedib və Türkiyənin Azərbaycan ordusunun gücü və qüvvətinin artması üçün edəcəyi köməklər müzakirə olunub. Prezident İlham Əliyevin Türkiyədə Alxanlı məsələsini dünya ictimaiyyətinə çatdırması çox böyük əhəmiyyətə malikdir”.
Politoloq Azərbaycan prezidentinin Türkiyəyə səfərini yüksək dəyərləndirib:
“Ərdoğan görüş zamanı Azərbaycan enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, xüsusilə də Qərbin ehtiyaclarını ödəməsini yüksək dəyərləndirib. Belə qənaətə gəlmək mümkündür ki, bu görüş həm siyasi, həm də iqtisadi cəhətdən dəyərləndirilə bilər”.
Qeyd edək ki, İstanbulun ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresinin işində iştirak etmək üçün Prezident İlham Əliyev Türkiyəyə səfər edib. Səfər çərçivəsində İlham Əliyev Türkiyə Prezidenti Ərdoğan və ABŞ Dövlət katibi Tillerson da daxil olmaqla, bir sıra görüşlər keçirib.