Ərdoğan “Qarabağ topu”nu Putinə atdı
3-11-2017, 18:16
Dağlıq Qarabağ məsələsində biz gələcəkdə də Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcəyik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə prezidenti əmin edib ki, münaqişənin müvafiq həlli üçün səylərini əsirgəməyəcək. “Biz hörmətli Putinlə görüşüb bu məsələni müzakirə edəcəyik. Çünki o bu məsələnin həlli ilə məşğul olarsa, nəticənin əldə edilməsi daha da asan olacaq”, - Ərdoğan qeyd edib.
Bəzi siyasi ekspertlərin fikrincə, son illər Türkiyənin Rusiya ilə strateji yaxınlıq nümayiş etdirməsi Dağlıq Qarabağ probleminin həllində Ankaranın təsir imkanlarını məhdudlaşdırır. Yaxın Şərqdə, o cümlədən Suriyadakı geosiyasi proseslərdə Kremlin dəstəyini əldə edən Ərdoğan hakimiyyəti Rusiyanın Cənibi Qafqazdakı maraqlarına güzəştə getmək məcburiyyətində qalıb. Bu isə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Türkiyənin neytrallaşması və Rusiyanın mövqeyinin möhkəmlənməsi ilə müşahidə olunur. Türkiyənin prosesdən kənarda qalması təbii ki, ilk növbədə Ermənistanın maraqlarına cavab verir.
Ancaq Türkiyə prezidentinin Bakıya səfərindən dərhal sonra belə açıqlama verməsi göstərir ki, Azərbaycan rəhbərliyi ilə apardığı danışıqlarda Dağlıq Qarabağ problemini rusiyalı həmkarının qarşısında qaldırmaq barədə müzakirələr aparılıb. Çünki Türkiyənin geosiyasi passivliyinin artması münaqişənin nizamlanması prosesində Azərbaycanın mövqeyinə mənfi təsir göstərir. Digər tərəfdən, son dövrlər Bakı-Tiflis-Qars, Şimal-Cənub dəmir yolları, Böyük İpək Yolu kimi regional layihələr Azərbaycanın bölgədə geostrateji əhəmiyyətini artırır. Rusiya, Türkiyə və İran kimi bölgə dövlətlərinin Azərbaycanla yaxınlaşması bölgənin geosiyasi mənzərəsini dəyişməklə yanaşı, Ermənistanın daha çox təcrid vəziyyətinə düşməsi ilə müşahidə olunur.
Ekspertlərin fikrincə, adıçəkilən meqalayihələırin işə düşməsi Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda geosiyasi ağırlığını artıracaq. Bu da yaxın perspektivdə Azərbaycanı Dağlıq Qarabağ probleminin həlli prosesində söz sahibinə çevirə bilər. Çünki Azərbaycanın regional əhəmiyyətinin artması həm də Ermənistanın iqtisadi cəhətdən zəifləməsi ilə müşahidə olunacaq. Artıq Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan tranzit ölkə kimi, Rusiya, Türkiyə, İran, Çin, Qazaxıstan, həmçinin Avropa Birliyi və ABŞ üçün daha böyük önəm daşımağa başlayacaq. Ona görə də rəsmi Bakının Dağlıq Qarabağ məsələsində Moskvanı öz mövqeyinə yenidən baxmağa inandırmaq üçün diplomatik fəallığı artıracağı gözləniləndir. Prezident Ərdoğanın sözləri də yaranmış situasiyadan Dağlıq Qarabağ probleminin həlli istiqamətində faydalanmağa çalışan rəsmi Bakının siyasi təşəbbüsü kimi başa düşülə bilər.