PKK-ya dair məxfi sənədlər, ABŞ-ın masasında

17-02-2018, 00:11           

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində Tillerson Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüş öncəsi Türkiyə mətbuatında görüşlə bağlı maraqlı informasiyalar yayıldı. Belə ki, ABŞ-ın dövlət katibinə Türkiyədə ölkəsinin söz verib etmədiklərindən ibarət 76 səhifəlik hesabat veriləcəyi bildirilirdi.

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində sənədlərdə əsasən ABŞ-ın dəstək verdiyi YPG-nin PKK ilə əlaqələrini sübut edən faktların olduğunu deyib:

“Qeyd etdiyimiz 76 səhifəlik sənədin ilk hissəsində Turkiyə-ABŞ arasında son iki ildə yaşanan böhranlı vəziyyət və Ankaranın mövqeyi xatırladılır. İkinci bölümdə son 7 il ərzində Türkiyə və ABŞ arasında Suriyaya dair 43 dəfə keçirilmiş yüksək səviyyəli görüşlərində ABŞ-ın verdiyi vədlər, o cümlədən, Rakka əməliyyatından sonra ABŞ-ın PKK/PYD-dən silahların yığılmasına dair verdiyi vədi və buna əməl etməməsi yer alır. Üçüncü hissədə isə PKK/PYD əlaqəsi faktlarla ortaya qoyulur. Tillersona göndərilən 76 səhifəlik sənəddən başqa Ankara Amerikanın baş diplomatının önünə daha iki dosye qoymağı planlaşdırır. Bunlar PYD-nin PKK ilə əlaqələrinə dair sübutlar və bu barədə olan etiraflardan ibarətdir. 76 səhifəlik sənəddə ABŞ-ın Türkiyə qarşısında götürdüyü, lakin əməl etmədiyi öhdəliklər yer alır. Türkiyənin Tillersona təqdim etdiyi dosyelərdə Ankaranın Suriyadakı öz qətiyyətli mövqeyindən geri çəkilməyəcəyi və “Zeytun budağı” əməliyyatını sonadək aparacağı əsas xətt kimi keçir. Məlumatlara görə, Ankaraya gəlməzdən öncə Tillerson Türkiyə hökumətinə olan təkliflərini iki ayrı kanaldan çatdırıb. Məlumdur ki, Tillersonun səfəri ərəfəsində Senatın Kəşfiyyat Komitəsinə təqdim olunan sənəddə YPG/PYD -PKK-nın Suriya qanadı kimi göstərilib. Bu, artıq bir neçə məsələdən xəbər verir: ABŞ-ın özündə PYD/YPG-yə münasibətdə yekdillik yoxdur, onu dəstəkləyən qüvvələrə, Pentaqonda qarşı duran güclər var və onlar YPG/PYD-ni terrorçu kimi qəbul edir; ABŞ PKK-nı terror təşkilatı kimi çoxdan tanıyıb və indi PYD-nin onunla əlaqəsini etiraf etməklə terrorçulara dəstək verdiyini etiraf etmiş olur; dəyərli müttəfiq hesab olunan Türkiyə ilə münasibətləri düzəltməyə çalışan qruplar fəaliyyətə keçiblər və məhz onların səyləri Senata təqdim olunan mötəbər sənəddə PYD-nin terrorçu qrupun bir qolu olduğunu təsdiq edib”.

Ekspert hesab edir ki, Ankara ABŞ-lı qonağı narazı şəkildə qəbul edib:

“Hökumətə yaxın Türkiyə mətbuatı da ABŞ-ın Türkiyəyə qarşı vuruşan terrorçuları dəstəklənməsini ifadə edən manşetlər verməklə dövlət katibinin səfərinə mövqelərini ortaya qoyublar. Baş nazir Yıldırımın ABŞ-ı PYD-nin hamisi adlandırması xüsusilə, diqqəti cəlb edir. Bu o deməkdir ki, Ankara Tillersonu narazı şəkildə qarşılayıb və danışıqlar da olduqca gərgin keçir. Türkiyə rəhbərliyi və mətbuatı ABŞ Konqresinə təqdim olunan dosyeyə əsasən Vaşinqtonun günahkar olduğunu bildirir. Görünür, 76 səhifəlik sənəddə ABS-a qarşı Türkiyənin bu və ya digər iddiaları öz yerini tapıb. Əsas iddialar nədən ibarət ola bilər. Türkiyə NATO müttəfiqindən Vaşinqtonun özünün də terror təşkilatı kimi tanıdığı PKK-ya niyə dəstək verməsinin, onun Suriya qolu olan PYD/YPG-nin iştirakı ilə Türkiyə-Suriya sərhədində 30 minlik ordu yaratmasının, terrorçulara 4 min iri yük maşını və 2 min təyyarə dolusu silah verməsinin, NATO-nun 5-ci maddəsinə dair müttəfiqlik öhdəliyinə niyə əməl olunmamasının səbəblərini soruşmaq haqqı var və böyük ehtimalla Türkiyə sənəddə bu iddiaları qeyd edib. Orta Şərq səfəri çərcivəsində İordaniyada olarkən Tillersona Ərdoğanın dediyi “Osmanlı silləsi” ifadəsi ilə bağlı sual veriləndə o, Türkiyənin çox dəyərli müttəfiq olduğunu və onunla eyni istiqamətdə işləmək lazım olduğunu vurğulayıb”.

Sonda Nəzakət Məmmədova vurğulayıb ki, Tillersonun səfəri ərəfəsində 8 nəfər demokrat senator ona məktub göndərərək guya Afrində mülki əhalinin öldürüldüyünü və bu səbəbdən Türkiyəyə təzyiq göstərilməsini tələb ediblər:

“Məktubda senatorlar qeyd edirlər ki, “NATO müttəfiqimiz olan Türkiyənin suverenliyinə və sərhəd təhlükəsizliyini təmin etməsi haqqına hörmətlə yanaşırıq, lakin Türkiyənin mülki əhalinin can güvənliyini qarantiya altına alması lazımdır və bölgəyə humanitar yardımın çatdırılması üçün humanitar təşkilatlara keçid icazəsi verilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.