Ermənistanın Gürcüstan üzərindən “nüvə qaçaqmalçılığı” planları rəsmən açıldı…

19-04-2019, 20:57           
Ermənistanın Gürcüstan üzərindən “nüvə qaçaqmalçılığı” planları rəsmən açıldı…
Gürcüstan ərazisi terror təşkilatlarına “Metsamor” nüvəsi satmaq üçün çox münbit məkana çevrilir…
img
Regionda ciddi təhdid mənbəyi kimi qalmaqda davam edən “Metsamor” atom elektrik stansiyası (AES) bu dəfə İrəvan və Tiflis arasında yeni çəkişmə predmetinə çevrilməkdədir. Məsələ burasındadır ki, İrəvan “Metsamor”da istifadə edilmiş radioaktiv tullantıların qalıqlarını indi Gürcüstan üzərindən daşımağa çalışır. Amma Tiflisin buna razılıq verəcəyi inandırıcı sayılmır.

İndilikdə isə yayılan məlumatlardan bəlli olur ki, Ermənistan “Metsamor” AES-dən istifadə zamanı çirklənmiş nüvə yanacağını Rusiyada təmizləmək niyyətindədir. Hazırda işlənmiş radioaktiv maddələrin Gürcüstan ərazisindən keçməklə Rusiyaya daşınması məsələsi müzakirə olunur. Ermənistanın Energetika Nazirliyinin kredit və qrant proqramları idarəsinin rəisi Vardan Martirosyanın sözlərinə görə, radioaktiv maddələrin təmizlənməsini Rusiyanın “Mayak” İstehsalat Birliyi həyata keçirəcək.

V.Martirosyan bildirib ki, bu cür təhlükəli tullantılar təyyarə ilə daşınmır. Ona görə də Gürcüstan ərazisindən keçməklə təhlükəsiz olaraq Rusiyaya daşınmalıdır. Gürcüstan dövləti yüklərin öz ərazisindən keçməklə təhlükəsiz daşınması barədə əsaslandırılmış məlumat və təminat verməlidir. Gürcüstan hökuməti hələlik Martirosyanın açıqlamasına cavab verməyib. Amma politoloqlar və müstəqil ekspertlər bunun mümkünsüz olduğunu iddia edir. Politoloq Quram Marxuliyanın sözlərinə görə, Gürcüstan belə təhlükəli yüklərin daşınmasına yol verə bilməz. Bu, Gürcüstan qanunları ilə də qadağandır: “Ermənilər, sadəcə, bu cür sərsəm bəyanatlarla Gürcüstanı “yükləmək” və bu yolla radioaktiv tullantıların öz ərazisindən daşınmasına icazə verməyə məcbur etmək istəyir”. Marxuliya vurğulayıb ki, Tiflis bu qanunsuz halların icrasına razılıq verməyəcək. Bütün bunlara səbəb “Metsamor”dakı tullantıların kifayət qədər təhlükəli xarakterə malik olmasıdır.

Xatırladaq ki, indiyə qədər “Metsamor” AES-dən çıxarılan radioaktiv tullantıların işğal altında olan Azərbaycan ərazilərində basdırılması, həmin ərazilər vasitəsilə daşınması barədə çoxsaylı məlumatlar yayılıb. Məlumatlara görə, həmin tullantılar əsas etibarı ilə Ağdərə, Kəlbəcər və Laçın rayonlarında basdırılır. Ekspertlər qeyd edib ki, həmin ərazilərdə radiasiyanın şiddətli dərəcədə artması da qeyd edilənlərin təsdiqidir. Bu isə təkcə Azərbaycan yox, bütün region üçün çox böyük təhlükədir. bundan başqa “Metsamor”un nüvə tullantılarının “qara bazar”da satışı bütün dünya üçün təhlükə mənbəyidir. Burada onu da xatırladaq ki, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya ordusu qoruyursa, Gürcüstan sərhədlərini ermənilər özləri qoruyur. Buna görə də onların yolları Gürcüstan istiqamətindən açıqdır. Buradan isə ermənilər stansiyadan çıxarılan təhlükəli tullanıtları dəfələrlə dünya bazarlarına çıxarmağa çalışıblar. Təkcə rəsmi rəqəmlərə görə, 1999-cu ildən indiyə qədər 17 erməni vətəndaşı nüvə tullantılarını satarkən saxlanıb. Satışın həyata keçirilməsi, üstü açılmayan halların isə bundan dəfələrlə çox olması ehtimal edilir. Başqa sözlə, ermənilər AES-dən əldə etdikləri tullantıları dünya terror təşkilatlarına göndərirlər.

Digər tərəfdən ehtimal olunur ki, Ermənistan “çirkli bombalar” istehsalı ilə məşğul olur. Onların partlaması isə çox böyük fəsadlar yarada bilər. Özü də heç kim zəmanət verə bilməz ki, həmin bombaları ermənilər terror təşkialtlarına ötürmür. Bununla yanaşı, artıq dəfələrlə qeyd olunduğu kimi, stansiyanın özünün mövcudluğu ciddi təhdid mənbəyidir. Burada hansısa fəlakət baş verərsə, 100 kilometr radiusda ərazinin ölü zonaya çevrilməsi təhlükəsi var. Bu baxımdan Ermənistanın özü də bu fəlakətdən sığortalanmayıb. Xatırladaq ki, “Metsamor” Ermənistanın paytaxıtından cəmi 75 kilometr uzaqlıqda yerləşir. Fəlakət baş verəcəyi təqdirdə radiasiya həm də Rusiya ərazisinə, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə də təsirsiz ötüşməyəcək. Qeyd edək ki, “Metsamor” AES 1970-ci illərdə sovet texnologiyası ilə inşa olunub. Həmin stansiya kifayət qədər köhnəlib. Onun 30 il istismar müddəti olub. 2011-ci ildə stansiyanın istismar müddəti başa çatıb. Lakin sonradan bu müddət daha 15 il uzadılıb. Xatırladaq ki, erməni mütəxəssislər özləri də “Metsamor”un ciddi təhlükə mənbəyi olduğunu etiraf edirlər. Onların fikrincə, “Metsamor”da qəza baş versə, qonşu ölkələr kimi, Ermənistan da böyük ekoloji fəlakət qarşısında qalacaq. Odur ki, Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, dünya ölkələri beynəlxalq səviyyədə “Metsamor”un fəaliyyətinin dayandırılmasında aktiv rol oynamalıdır.
Bakı xeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.