“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”

25-04-2019, 00:31           
“Əşşi, qaçqın-köçkün, Qarabağ qazisi kimdir ki, deyə ki, torpaqları müharibə yoluyla azad etmək gərəkdir?..”
-Fikir savaşı...-
“Qazın limitini artırıb, Qarabağa azadlıq istəyənlərin “qaz”ını almaq lazımdır...”
Milli Məclisin dünənki iclasında hörmətli spiker Oqtay Əsədovun, möhtərəm deputatlar Qənirə Paşayeva, Fazil Mustafa, Fərəc Quliyev və digərlərinin Qarabağ və qaza, işığa qoyulan limitin artırılması məsələləri ilə bağlı çıxışlarını dinləyib belə qənaətə gəldik ki, gələcək üçün strategiyamız hələlik bu cürdür:
“Qazın, işığın limitini artırmaq, Qarabağa azadlıq istəyənlərin “qazı”nı almaq lazımdır...”

***

Şəxsən bir vətəndaş kimi düşünürəm ki, qazın, işığın limitini artırmasaq da olar, amma Qarabağa azadlıq istəyinə mütləq hədd, limit qoymaq lazımdır...

***

Qarabağ məsələsinin ətalətli, üzr istəyirəm, ədalətli həlli üçün xaricdə kifayət qədər lazımlı danışıqlar aparılır, ona görə də daxildəki: çayxanalarda, xeyir-şər məclislərində, evlərdə, sosial şəbəkələrdə, saytlardakı lazımsız danışıqlara limit qoymaq lazımdı ki, camaat lazım gəldi-gəlmədi, ağzına gələni danışıb həddini aşmasın...

***

Əşşi, adi vətəndaş, özü də qaçqın-köçkün, nə bilim, Qarabağ qazisi, veteranı, əlili kimdir ki, evdə, küçədə, mitinqdə deyə ki, torpaqları müharibə yoluyla azad etmək gərəkdir. Bunlara həddini bildirmək lazımdır ki, otursunlar yerlərində, “qaz”larını alsınlar, bərkgedənlik etməsinlər...

***

Qaçqın-köçkün, veteran, əlil başını aşağı salıb sakitcə, yalvarışla çörəkpulunun, pensiyalarının artırılmasını, uzaqbaşı, ev, maşın verilməsini arzulayar, istəyər. Yoxsa Qarabağın azad edilməsini, özü də savaş yoluyla istəmək onların həddi deyil. Bu, artıq “qaz” limitini keçməkdir...

***

Qoy dəyərli qaçqın-köçkün, keçmiş döyüşçü vətəndaşlarımız torpaqlarına olan həsrət, istək və yanğılarını yalnız gül-bülbül, aşiq-məşuq şeirləri ilə, mahnı, muğam, segah, “Qarabağ şikəstəsi”, oxumaqla, aşıq havası çalmaqla, bayramlarda, toylarda, məclislərdə “Gün o gün olsun ki, gələn il bu vaxtı Qarabağda, Şuşada belə yeyib-içib oynayaq” tostlarını deməklə, uşaqları orta məktəbdə inşa yazmaqla, bir də yuxuda o dağları, meşələri, çəmənləri, bulaqları görməklə ifadə etsinlər... İrəvana, Zəngəzura, Göyçəyə, Dərələyəzə, Basarkeçərə olan həsrətimizi, sevgimizi nə təhər ifadə edirik? Onun kimi...

***

Deyəsən, bu Qarabağ haqda çox danışıb müharibə arzulayanların başına iş qəhətdir. Başa düşmürlər ki, separatçı rejimi, işğalçı ölkəni, erməni lobbisini qıcıqlandırmaq olmaz. Arxalarında urus, ingilis, fransız dayanır. Bir dəfə də tərpənib gəlsələr, Gəncədən, Bərdədən, Tərtərdən, Ağcabədidən də qaçqın düşəcəklər...

***

Həddi aşanları susdurmaq üçün öncə “Qarabağa azadlıq istəyinin limiti” haqda qanun qəbul etmək lazımdır. Belələrini həmin qanun əsasında əvvəlcə lazımi həddə cərimələmək, bu cinayət yenidən təkrar olunarsa, azadlıqdan məhrum etmək gərəkdir. Əks halda bunlar hədlərini bilməyəcəklər...

***

Axı biz xalq olaraq birdəfəlik demişik ki, lazım gəlsə, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik... Odur ki, lazım gəldi- gəlmədi, ağzınızı boş-boş qoyub danışmayın... Şükür edin ki, qazınız, gəlir, işığınız yanır. Hələ üstəlik, suyunuzu da verir hökumət... Ona görə də, ağzınıza su alıb, oturun isti evinizdə televizorun qabağında və kirimişcə Xoşdəqəmə, Zaura, mənalı seriallarımıza, milli ləyaqətli, əxlaqlı aparıcılarımıza, artistlərimizə, aktrisalarımıza baxın...

***
Lazım gəlsə, deyərlər, danışarsınız...

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.