“Sən oruc tutmayana “müsəlman deyilsən” söyləyə bilməzsən” - deputat

7-05-2019, 11:01           
“Sən oruc tutmayana “müsəlman deyilsən” söyləyə bilməzsən” - deputat
İnsanların şəxsi həyatına müdaxilə, inancına, siyasi baxışlarına, ideoloji mövqeyinə lağ etmək, məsxərəyə qoymaq əxlaqdankənar hərəkətlərdir. Avropa, sivil dünya belə banal söhbətləri çoxdan adlayıb. Amma bizdə kimlərinsə başqalarının inancına lağlağı etməsi üçün sosial şəbəkələr rupora çevrilib.

Ramazan ayının başlanması bu tendensiyanı yenidən üzə çıxardı. Kimisi oruc tutana lağ edir, kimisi replika yazır, dindarlar isə onlara ağır şəkildə cavab qaytarırlar və nəticədə lazımsız yerdə mübahisələr başlanır.

“Məni ən çox əsəbləşdirən odur ki, ateistlər dindarları söyür, onlar da bunları təhqir edirlər. Sən oruc tutmaq istəyirsən tut, tutmursan dünəndən tutma. Amma oruc tutan adamlara lağ eləmək ayıb deyilmi?”

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında yazıçı-deputat Aqil Abbas Ramazan ayının başlanması ilə əlaqədar sosial şəbəkələrdə gedən həmin müzakirələrə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, virtualda bu cür müzakirələr çox mənasızdır: “Amma sən oruc tutmayan adama da ”müsəlman deyilsən" söyləyə bilməzsən. Hər kəsin öz inancı var. Əgər biri oruc tutmursa, bəyəm həmin adam müsəlman deyil, yaxud cənnətə düşməyəcək? Axı bu harada yazılıb?"

A.Abbas qeyd etdi ki, dünyada bütün dinlər birləşir, Almaniya ilə Hollandiya arasında sərhəd yoxdur: “Bizdə isə belə söhbətlərlə nifaq salırlar, Ağcabədi ilə Ağdam sərhədi qoyurlar. Biri oruc tutmağa ayın 5-də, biri 6-da başlayır. Bu məsələləri qırağa qoymaq lazımdır. Biz hələ də Mirzə Cəlilin, Axundovun, Üzeyir bəyin obrazlarıyıq.

Bu gün insanlar bina tikirlər, biz hələ şeytandan, cindən danışırıq. Ümumiyyətlə, dini gözdən salan bəzi adamlar var.

Eləcə də bəzi ateistlər də dinin əleyhinə danışmaqla onları gözdə qaldırırlar. Buna yol vermək olmaz, hər kəsin inancına hörmət etmək lazımdır".

AĞ Partiya sədri Tural Abbaslı isə “Yeni Müsavat” dedi ki, XXI əsrdə belə məsələlərin diskussiyası normal deyil:

“Söhbət dindən getmir, düşüncə olaraq birinin başqasının yaşam formasını müzakirə etməsi özlərinin qəbul etdiyi normalara uyğun deyil. Kim oruc tutar-tutmaz özü bilər, bu məsələlərə müdaxilə etmək ibtidai yanaşmadır. Sən necə kiminsə dünyagörüşünü məsxərəyə qoya bilərsən? Bu, hansısa qida deyil ki, ziyanlı olub-olmadığını iddia edəsən”.

T.Abbaslı bu cür polemikaları ziyanlı hesab edir: “Onsuz da siyasi düşüncələrinə görə bölünmüş cəmiyyətin bir də bu cür müzakirələrlə parçalanması xoşagəlməzdir, vəziyyəti dərinləşdirir. Mən inanclı adamam, orucumu da tuturam, kiminsə fikirləri də məni narahat eləmir. Çünki biz insanlara görə ibadət eləmirik. Sadəcə, mənim kimi bu mövqedə dayanıb adekvat olmayan, tolerant yanaşmayan adamlar ola bilər. Həmin şəxslər nəzərə almalıdırlar ki, qanunvericilikdə də bu məsələlər tənzimlənir, kiminsə etiqadını ələ salmaq yolverilməzdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.