Ermənistan region üçün yeni “bomba” hazırlayır-AES tikintisi

19-07-2019, 08:50           
Ermənistan region üçün yeni “bomba” hazırlayır-AES tikintisi
İkinci AES-in tikintisinin qarşısı necə alınmalı?
Rəsmi İrəvan Ermənistanda yeni Atom Elektrik Stansiyasının (AES) tikintisində Rusiyanın mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır. RİA Novosti xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib. O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir. T.Avinyanın sözlərinə görə, Ermənistanda Metsamor AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək: “Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”.

Qeyd edək ki, Metsamor AES hazırda region üçün ciddi təhlükə mənbəyidir.

Bu ilin martında isə Ermənistan hökuməti bəyan etmişdi ki, onların stansiyanı bağlamaq kimi öhdəlikləri yoxdur, onun gücünü əvəzləyəcək mənbələr tapmağa ehtiyac var. Ermənistanda ildə 600 meqavat enerji istehsal edən yeni atom enerji bloku inşa ediləcək. Bu, ölkədə istehsal edilən enerjinin həcmini saxlamağa imkan verəcək.

Metsamor AES elektrik stansiyası artıq uzun müddətdir ki, mübahisə mövzusuna çevrilib. Bəzi beynəlxalq strukturlar, o cümlədən də Avropa İttifaqı stansiyanın bağlanmasında və ya modernləşdirilməsində israr edir. Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və geniş tərəfdaşlıq haqda Saziş müzakirələrin fəallaşmasına səbəb olub.

Enerji və nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlıq haqda bölməyə əsasən, Ermənistan tərəfi AES-i bağlamaq və onu yeni güclərlə əvəz etmək öhdəliyi götürüb. Amma ölkə hakimiyyəti artıq bəyan edib ki, istismar müddəti uzadılacaq. Hazırda stansiyanın təhlükəsiz istismarını uzadacaq işlər həyata keçirilir. Hələlik aydın deyil ki, bu müddət nə qədər uzadılacaq.

İndi də üstəlik yeni AES-in inşası planlaşdırılır.

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə ay öncə bəyan edib ki, atom elektrik stansiyasının bağlanması məsələsi gündəlikdə yoxdur. Aİ ilə Saziş AES-in bağlanmasını nəzərdə tutmur. Metsamor atom elektrik stansiyası iyirmi ildən çoxdur ki, respublikanın enerji təhlükəsizliyi sistemində həlledici həlqə olaraq qalır. AES Ermənistanda istehsal olunan elektrik enerjisinin 40 faizinə qədərini təmin edir. Strateji istiqamət hesab olunur. Obyekt istismara 1977-ci ildə verilib. 1988-ci ildə ölkənin şimalında baş verən dağıdıcı zəlzələdən sonra SSRİ Nazirlər Kabineti və Ermənistan SSR Nazirlər Kabineti AES-in fəaliyyətini dayandırmaq qərarı verib. Bu, təkanların təkrarlanması ehtimalı ilə bağlı olub. Amma beş ildən sonra, 1993-cü ildə Ermənistanın hakimiyyəti stansiyanın ikinci enerji blokunu təkrar işə salıb. Atom energetikası Ermənistanın ümumi enerji sistemində hələ də mühüm yer tutur və strateji istiqamət hesab olunur. Görünür, elə buna görədir ki, Ermənistan ikinci AES-i tikməyə hazırlaşır.

Bu mövzuda “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli öncə bildirdi ki, MDB məkanında mövcud olan və ya tikilməkdə olan AES-lərin hamısı Rusiya tərəfindən inşa edilir. Çünki bu tip elektrik stansiyalarındakı istifadə edilən bütün mexanizmlər, xüsusilə də reaktorlar yalnız Rusiyada istehsalı olunur: “Doğrudur, reaktorlar istehsal eləyən digər ölkələr də var. Amma məsələ burasındadır ki, Rusiyada istehsalı edilən reaktorlar üçüncü nəsil reaktorlar hesab olunur. Bunların çertyojları və inşaatı 1960-cı illərdən başlayıb, 1970-ci illərdən praktiki olaraq istismarı həyata keçirilir. Məsələn, bu gün də Çernobılda qəza törədən və oranı ölüm meydançasına çevirən reaktorlar hələ də Rusiyadakı 22-dən artıq AES-də istifadə edilir. Çernobıl reaktorlarına bənzər reaktorlar Ermənistandakı Metsamor AES-ə qoyulub. O da kifayət qədər təhlükəli və bütün resurslarını tükətmiş istifadəyə yararsız AES-dir. Ermənistanla ruslar arasında razılaşma əldə edilib, AES-i tikəcəklər. Belə bir məlumat da yayılıb ki, buraya qoyulacaq reaktorlar dördüncü nəsil reaktorlar tipindən olacaq. Guya bu reaktorlar təhlükəsizdir, həcm etibarilə daha kiçikdir və dünyada olan reaktorlara standart etibarilə uyğun gəlir. Amma bunların hamısı praktikada təsdiq edilməmiş məlumatlardır. Rusiya AES-lər üçün istehsal edilən reaktorların dördüncü nəslinin istehsalına girişsə də, hələ onun tam istehsalını həyata keçirə bilmir. Dünyada Fransanın, Almaniyanın, ABŞ-ın istehsal etdiyi reaktorlar isə beşinci nəsildirlər. Yəni ən müasir reaktorlardır. Onlardan fərqli olaraq rus AES-lər həm də çox böyük ərazini tutur”.

Politoloq qeyd etdi ki, Azərbaycan və digər bölgə dövlətləri Ermənistanın ikinci AES-ə sahib olmasının təhlükəli olduğu barədə beynəlxalq təşkilatlara müraciət etməlidir: “Şübhəsiz, Rusiya iddia edəcək ki, Ermənistanda qurulacaq AES-dəki reaktorlar dördüncü nəsildir, təhlükəsizdir, bölgə üçün heç bir təhlükə vəd etmir. Ermənistan bundan qat-qat yüksək səslə deyəcək ki, yeni tikilən AES tamamilə yeni tiplidir və təhlükəsizdir. Amma hətta ən təhlükəsiz beşinci nəsil reaktorlarla təchiz edilmiş AES-lərin belə ətrafında ən azı 30-50 km. məsafədə radiasiya fonu yaranır. Ona görə də həmin AES-lər əhalinin məskunlaşmadığı, əkin-biçin olmayan sahələrdə tikilir. Bu AES-lər əhalinin yaşadığı sahədən ən azı 100-150 km. uzaqda olmalıdır. Ermənistanda isə belə bir ərazi, demək olar ki, yox dərəcəsindədir. Metsamor AES-in özünün yaşayış məntəqəsindən uzaqlığı 25-30 kilometrdir və bu stansiya həmişə qəza şəraitində işləyir. Bu stansiya Türkiyə sərhədlərindən cəmi 50 kilometr uzaqlıqdadır. Yeni AES-in Metsamorda tikiləcəyi ehtimalı böyükdür. Çernobıl faciəsi təcrübəsini nəzərə alsaq demək lazım gəlir ki, Metsamorda bir qəza baş versə, küləyin əsmə istiqamətindən asılı olaraq, təxminən 500-600 kilometrə qədər məsafəni radiasiya ilə zəhərləyəcək.

Bu nöqteyi-nəzərdən Ermənistanda ikinci AES-in tikilməsi çox riskli və bölgə üçün təhlükəlidir. Türkiyə, İran, Gürcüstan, Azərbaycan üçün bu, ciddi təhlükədir. Ona görə də, Azərbaycan da daxil, bu dövlətlər MAQATE-yə-Beynəlxalq Atom Enerjisindən İstifadə Təşkilatına müraciət etməlidirlər. Birincisi, 20-ildən artıqdır fəaliyyət göstərən və çox böyük təhlükə saçan Metsamor AES-in bağlanmasına nail olunmalıdır. Azərbaycan bununla bağlı dəfələrlə müraciət edib. Ermənistanda ikinci AES-in tikilməsinin təhlükəli olduğu sübuta yetirilməlidir. Ermənistan enerjini su elektrik stansiyalarının sayını artırmaqla əldə edə bilər. Bunu beynəlxalq təşkilatlara çatdırmaq lazımdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.