İtaliyada erkən seçki havası: 5UH – DP koalisiyasının üzləşdiyi çıxmazlar – Təhlil

29-01-2020, 09:04           
İtaliyada erkən seçki havası: 5UH – DP koalisiyasının üzləşdiyi çıxmazlar – Təhlil
İtaliyada avqust ayında Luici Di Maionun rəhbərlik etdiyi 5 Ulduz Hərəkatı Partiyası (5UH) və Matteo Salvininin rəhbərlik etdiyi Liqa Partiyası arasında olan 14-aylıq koalisiyanın qəfil dağılmasından və bitərəf Baş Nazir Cüzeppe Kontenin istefasından sonra sentyabrda əvvəllər əksər məsələlərdə sərt rəqib olan 5UH və Demokratik Partiya (DP) arasında koalisiya qurulmuş və Konte yenidən Baş Nazir təyin edilmişdir. Həmin vaxt tərəfləri koalisiya qurmağa vadar edən onların qəfildən ortaq mövqeyə gəlməsi yox, yeni seçkilər olacağı təqdirdə M.Salvininin qalibiyyət ehtimalının yüksək olması olmuşdur. Başlanğıcdan etibarən güclü olmadığı və vaxtından əvvəl dağılma ehtimalı qeyd edilən 5UH – DP hakimiyyəti son həftələrdə getdikcə artan təzyiqə məruz qalır. Hətta bəzi mötəbər mənbələr (məs. Bloomberg informasiya agentliyi) koalisiyanın yaxın zamanda dağılma ehtimalının olduğunu iddia edir. 1946-cı ildə ilk hökumətin qurulmasından keçən 73 ildə 67 hökumət dəyişmiş İtaliyada koalisiyaların uzun müddət davam edə bilməməsi və hakim koalisiyanın ölkənin üzləşdiyi fərqli qəbildən olan çağırışlar qarşısında effektiv həllər təklif edə bilməməsi bu ehtimalın ciddiliyini artırır.

Hökumət Qarşısındakı Çağırışlar

Şübhəsiz ki, İtaliya rəhbərliyi üçün hal-hazırda ən böyük çağırış iqtisadiyyatla bağlıdır. Baxmayaraq ki, keçən ilin sentyabrında yeni koalisiya əlavə dəyər vergisinin gözlənilənin əksinə olaraq 22%-dən 26,5%-ə qaldırılmasının qarşısını aldı və bunun nəticəsində yaranmış 23 milyard dollarlıq büdcə kəsirlərini örtmək üçün müxtəlif sahələrə (plastik tədarükünə və qumar oyunlarına) əlavə vergilər qoydu və vergidən yayınmaya qarşı daha sərt cərimələr tətbiq elədi, bu tədbirlər büdcədəki kəsiri aradan qaldırmaq üçün kifayət etmir.

Dövlət borcu ÜDM-un 136% nisbətinə çatmış İtaliyada hökumət iqtisadiyyatı dirçəltmək üçün lazımi investisiyalar qoya bilmir. Ölkənin sənaye sektoru zəif texnoloji inkişafdan və innovasiyadan ciddi şəkildə əziyyət çəkir. Kiçik və orta biznesin innovativ texnologiyalara və beynəlxalq rəqabətədavamlı sahələrə investisiya qoymaq imkanı çox məhduddur. Ölkə üzrə real maaşlarda da azalmaların müşahidə olunması əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələnir və bu iqtisadi böyüməyə ciddi təzyiq edir. 2019-cu ildə kiçilmə təhlükəsini yalnız 0.1% iqtisadi böyümə ilə dəf etmiş ölkədə 2020-ci il üçün gözlənti 0.4%-dən yüksək deyil.

Dekabrın sonunda dövlət büdcəsindən təhsilin inkişafı üçün tələb etdiyi əlavə 3 milyard dollar vəsaiti ala bilməyən Təhsil nazirinin buna etiraz edərək istefa etməsi vəziyyətin ciddilik dərəcəsinin başqa bir göstəricisi kimi qiymətləndirilə bilər. Nazir istefa ərizəsində ölkənin məktəb və universitetlərinin inkişafı üçün mühüm maddi vəsaitin ayrılmamasını əsas gətirmişdi. Bu cür iqtisadi problemlər qarşısında aciz qalan koalisiyaya həm xalq tərəfindən, həm də müxalifət tərəfindən təzyiqlər artmaqdadır.

Hökumətə təzyiq edən digər bir faktor 5UH – DP koalisiyasının regional seçkilərdə göstərdiyi uğursuzluqlarla əlaqəlidir. Keçən ilin oktyabrında Umbriya vilayətində uğursuzluqdan sonra Demokratik Partiya üzvləri günahı 5UH hərəkatı ilə birlikdə seçkilərə qatılmaqda görürdülər. Buna görədir ki, 26 yanvarda Emilia-Romagno bölgəsindəki seçkilərdə 5UH və DP ayrılıqda iştirak edəcəklər. Bu, rəqib partiyaların, xüsusilə də Liqa Partiyasının qalib olma şansını artırır. Qalib olacağı təqdirdə Salvini siyasi olaraq daha da güclənəcək. Regional seçkilərdə davamlı uğursuzluğun yaratdığı bu ehtimal Demokratik Partiya daxilində 5UH-ya qarşı narazılığı artırır və koalisiyadan ayrılmaq meyllərini gücləndirir.

Bunlarla yanaşı, 5UH daxilində də partiyanın lideri Di Maioya qarşı etiraz böyüməkdədir. 2018- ci ilin mart ayında İtaliya üzrə ümumi 32%, bir neçə cənub rayonlarında isə 50%-ə yaxın səslə hakimiyyətə gəlmiş 5UH-nun ölkədə dəstəyi sürətlə azalmaqdadır. 2019-cu ilin may ayındakı Avropa Parlamentinə seçkilərində 5UH-nun səsi 32%-dən 17%-ə qədər azalmış, M.Salvininin Liqa Partiyası isə 2018-ci ilin mart seçkilərinə nisbətən səsini 17%-dən 34%-ə qaldırmışdır. Sorğular 5UH-a dəstəyin daha da azalmaqda olduğunu göstərir. Bu uğursuz trendi Di Maio ilə əlaqələndirən partiya üzvlərinin sayı artmaqdadır. Sentyabrda yeni hökumət fəaliyyətə başlamasından bu günə qədər 20-ə yaxın 5UH-lu deputat partiyanı tərk edib. Bu cür qərar verən parlamentarilərin sayının artması 5UH-nun parlamentdə onsuz da zəif olan mövqeyini daha da zəiflədir.

Bundan əlavə, ideologiyanın partiya üçün önəmli bir funksiya oynadığı İtaliya cəmiyyətində 5UH-nun post-ideoloji mövqe tutaraq özünü nə sağ, nə də sol cinahla identifikasiya etməsi seçicilər arasında çaşqınlıq və partiyaya qarşı etibarsızlıq yaradır. 5UH-nun əksinə olaraq konkret ideologiya və proqram təklif edən Liqa Partiyası getdikcə daha çox rəğbət qazanır.

5UH – DP Hökuməti Davam Edə Biləcəkmi?

Qeyd edilən çağırışlarla yanaşı tərəfləri əməkdaşlığa və yeni seçkilərdən yayınmağa vadar edən bir neçə mühüm faktorlar mövcuddur. Yuxarıda da göstərildiyi kimi bu kontekstdə ən başlıca faktor M.Salvininin yaratdığı sağçı populizm təhlükəsidir. Sorğular göstərir ki, erkən seçkilər olacağı təqdirdə Salvininin Baş Nazir postunu ələ keçirməsi şansı yüksəkdir. Liqa Partiyasının qalibiyyəti eyni zamanda Salvini üçün 2022-ci ildə kritik məqamlarda mühüm funksiyası olan İtaliya Prezidentinin təyinatı prosesində həlledici rol oynamağa şərait yaradacaq və beləliklə siyasi sistem Evroskeptik və radikal milliyətçi güclərin əlinə keçmiş olacaq. Buna mane olmaq məcburiyyəti digər partiyaları əməkdaşlığa təhrik edir.

Hakim partiyalar üçün seçkiləri indiki mərhələdə qeyri-cəlbedici edən digər bir məsələ keçən ilin son aylarında parlamentin strukturunda gerçəkləşdirilmiş dəyişikliklərlə əlaqəlidir. Oktyabr ayında İtaliyada Parlamentin tərkibi haqqında qəbul edilən qanun dəyişikliyinə əsasən parlamentarilərin sayı 945-dən 600-ə endirilib. Sayların azaldılması o deməkdir ki, yeni seçkilər olacağı təqdirdə hazırki millət vəkillərinin yenidən seçilmək şansı azalacaq. Bu faktor 2018-ci il seçkilərindən etibarən xalq arasında dəstəyi sürətlə azalan hakim 5UH partiyası üçün xüsusilə qorxuducudur. Digər tərəfdən, 5UH-nun partiyadaxili qaydalarına əsasən, iki dəfədən artıq parlamentə seçilmək qadağan olduğu üçün partiyanı hazırda parlamentdə təmsil edən bəzi deputatlar yeni seçki ideyasını heç də müsbət qarşılamırlar. Seçki olacağı təqdirdə 5UH lideri və hazırki Xarici İşlər Naziri Di Maio da daxil olmaqla partiyanın bir neçə üzvü yenidən seçilmək üçün müraciət edə bilməyəcək. Bundan əlavə həm 5UH, həm də onun hazırki koalisiya partnyoru Demokratik Partiyada bu ilin birinci yarısında partiyadaxili struktur islahatları planlaşdırılır və bu da həmin partiyalarda seçkilərə qarşı mövqe yaradan başqa bir faktor rolunu oynayır.

Parlamentarilərin sayında azalma, eyni zamanda seçki qanuna da dəyişiklik etmək məcburiyyəti yaradır və bu dəyişiklik yeni seçkilərdən öncə həyata keçirilməlidir. 5UH və İtaliya Viva partiyaları gələcək seçkilərdə parlamentdə yerlərini ən azından qorumaq üçün tam proporsional sistemə keçməyin tərəfdarlarıdır. Liqa partiyası isə majoritar sistem, daha dəqiq desək, Böyük Britaniyada tətbiq olunan “first-past-the-post” (“birinci olan qazanır”) sisteminin tətbiqini təklif edir. Bu dəyişikliyin baş tutması üçün uzun müzakirələr və hətta sonda referendum tələb olunur. Yeni seçkilərin bu proses başa çatmamış keçirilməsi ehtimalı zəifdir. Belə gözlənilir ki, referendum bu ilin may və ya iyun ayında keçirilə bilər.

Xülasə

İtaliyada 2019-cu ilin Sentyabrında Cüzzepe Kontenin Baş Nazirliyi altında qurulmuş 5 Ulduz Hərəkatı (5UH) və Demokratik Partiyanın (DP) hakimiyyəti müxtəlif qəbildən olan problemlərin təzyiqi altındadır. Bir tərəfdən müxalif Matteo Salvininin Liqa Partiyasına xalq arasında artan dəstək və partiyanın regional seçkilərdə göstərdiyi müsbət nəticələrə görə hakim partiyalarda yaranan partiyadaxili narazılıqlar, digər tərəfdən də ölkənin iqtisadiyyatında yaşanan durğunluq erkən seçkilər ehtimalını gücləndirir. Bununla yanaşı, müxtəlif siyasi faktorlar və erkən seçkilər olacağı təqdirdə M.Salvininin Baş Nazir olacağı ehtimalı hakim koalisiyanı seçkilərdən yayınmaq üçün bütün vasitələrdən istifadə etməyə vadar edir.

Müəllif: Vasif Hüseynov,

BMTM-in baş məsləhətçisi
ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.