“Xəzər adaları” – Barıt çəlləyi üzərində şəhər...

9-01-2016, 12:35           
“Xəzər adaları” – Barıt çəlləyi üzərində şəhər...
Moderator.az - a məşhur iş adamı, "Xəzər adaları" adlı layihəsiylə dünyaya səs salan, sonradan ödəyə bilmədiyi bank kreditlərinə görə hətta ötən yay qollarına qandal vurularaq “Bandotdel”in zirzəmisində bir gecə keçirən Hacı İbrahim Nehrəmlini məyus edəcək ilginc bir informasiya daxil olub.
Bildirilir ki, sən demə, smeta dəyəri 125 milyard dollar olduğu iddia olunan “Xəzər adaları” şəhərciyi üçün ən uğursuz yer seçilib və bu da Nehrəmlinin xəyallarının gerçəkləşməsini əngəlləyən başlıca faktora çevrilib...
Belə ki, yeni şəhərcik üçün ərazi seçilərkən çox ciddi araşdırma və elmi tədqiqat işləri aparılmayıb, relyefin üst qatı və dənizin dibindəki geoloji risklər nəzərə alınmayıb. Buna görə də həmin şəhərciyin tikildiyi ərazinin altında sovetlər dönəmindən qalma çox nəhəng təbii qaz anbarı olmasına da əhəmiyyət verilməyib. Məlumatlara görə həmin qaz anbarı boşaldılsa belə ora müxtəlif mənbələrdən sızma halları müşahidə edilir və istənilən halda “Xəzər adaları” potensial olaraq barıt çəlləyinin üzərində ucaldılmış və obrazlı ifadə olunsa, məhşur filmdə Dərviş Məstəli şahın Parisi partlatdığına oxşar faciəvi aqibət yaşaya biləcək bir cəhənnəm adasıdır...
İddialara görə tikintiyə başlanılarkən "SOCAR" rəhbərliyi bununla bağlı Hacı İbrahimə ciddi xəbərdarlıq edib və qurum tərəfindən həmin meqalayihəyə nəinki müsbət rəy verilməyəcəyi bildirilib, belə bir nəhəng layihənin həyata keçirilməsinin gələcəkdə baş verə biləcək tükürpədici mümkün fəsadları barədə də Hacı İbrahim müfəssəl məlumatlandırılıb. Eyni zamanda "SOCAR"-dan o da bildirilib ki, ərazidə nəhəng sement zavodu fəaliyyət göstərir və nə qədər ekoloji tələblərə cavab vermiş olsa belə həmin zavodun “burnunun ucu”nda belə bir çoxmilyardlıq layihənin həyata keçirilməsi doğru deyil və alternativ ərazilər nəzərdən keçirilməsi doğru olardı. Amma həmin dönəmdə qılıncının dalı da, qabağı da kəsdiyindən yer-göylə əlləşən Hacı İbrahim Nehrəmli öz inadından əl çəkmir və kimlərinsə acığına belə bir riskli projeyə başlayır...
Bu azmış kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Nehrəmlinin müraciətinə cavab olaraq bildirilir ki, tikintinin layihəsi vaxtında nazirliyə təqdim olunmayıb və bu səbəbdən də qurum rəy verməkdən imtina edir:
"Burada əsas amil odur ki, bu şirkət tikinti işlərinə başlamazdan əvvəl, müvafiq sənədləri, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini mövcud qanunvericiliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmalı idi. Lakin bu sənəd işlərə başlandıqdan xeyli sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdu. Həmçinin ilkin vəziyyət öyrənilməmişdi, o cümlədən ətraf mühitə hansı təsirlər olacaqdı, dənizin ilkin vəziyyəti, tikinti ilə əlaqədar dənizin akvatoriyasına dəyəcək təsirlər, ziyan öyrənilməmişdi. Bütün bunları əvvəlcədən öyrənmədən və razılaşdırmadan işə başladıqlarına görə də biz ekoloji rəy verməkdən imtina etmişik".
Xoşbəxtlikdən, ya bədbəxtlikdən dövlət qurumlarının mənfi rəylərinin əngəlləyə bilmədiyi bu projeni fələyin özü tormozlayası olur. Daha doğrusu, ölkəni bürüyən birinci və ikinci devalvasiya şoku bu layihənin hətta birinci fazasının başa çatdırılmasını əngəlləyir. Hacının banklardan götürdüyü hələliik ictimaiyyət üçün dəqiq məbləği sonadək bəlli olmayan kreditlər bu layihə üçün “Stop” verilməsinə səbəb olur. Baxmayaraq ki, tikilməkdə olan və hələ tamamlanmamış binalardakı mənzillərin bir çoxunun hələ bünövrə atıldığı gündən satıldığıyla bağlı məlumatlar var. Amma istənilən halda iki nüfuzlu dövlət qurumunun – SOKAR və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyini almamış belə bir layihənin gerçəkləşdirilməsi ölkənin tikinti sektorundakı mövcud acınacaqlı durumun səviyyəsini göstərməklə yanaşı tikintinin davam etdirilməsinin təbii amillər səbəbindən ertələnməsi ziyanın yarısından qayıtmağın da nəfdən olduğyla bağlı məhşur hikmətli sözlərin Hacı İbrahim tərəfindən nəzərə alınmasını diktə edir. Yəni bu layihəyə start verilərkən laziımi dövlət qurumlarından halallıq alınmadığı ortada və “Xəzər adaları”nın xəyallar adası olacağıyla bağlı proqnozların doğrulduğunu iddia etmək üçün tutarlı faktların olduğunu görmək lazım.
Ümid etmək olar ki, yuxarıda adıçəkilən hər iki dövlət qurumu prezident İlham Əliyevə müraciət edərək bu layihəyə yenidən baxılması təşəbbüsündə bulunacaqlar, gələcəkdə hansısa bədbəxt hadisənin yaşanmaması üçün indidən zəruri tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin edəcəklər....












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.