Vaksin hazırdı, bəs biz necə, vaksinasiyaya hazırıqmı?

25-09-2020, 10:26           
Vaksin hazırdı, bəs biz necə, vaksinasiyaya hazırıqmı?
M.Hüseynov: "Azərbaycan, azı, 6 ay gözləməli, heç bir ölkədən vaksin sifariş etməməlidir"

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bir neçə gün öncə bildirdi ki, Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq. Bildirdi ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib və risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir.
R.Bayramlı vaksinasiya prosesinin könüllü xarakter daşıyacağını da nəzərə çatdırdı, vurğuladı ki, peyvənd olunmuş insanların donor olmasında heç bir problem yaranmayacaq.

Baxmayaraq ki, vaksinasiya ilə bağlı strategiya açıqlanmayıb, amma artıq insanlarda koronavirusa qarşı peyvəndlə bağlı ciddi narahatlıq, təşviş, qorxu hiss olunur. Dominant.az olaraq, mövzunun aktuallığını nəzərə alıb həm mütəxəssis, həm də ictimaiyyətin fikirlərini öyrənməyə çalışdıq.

Həkim-farmakoloq Müşfiq Hüseynov insanları vaksinsiya ilə bağlı narahat edən məqamlara aydınlıq gətirdi. M.Hüseynov, ilk olaraq, “Koronavirusa qarşı vaksinə necə etibar etmək olar?” sualını cavablandırdı:

“Pandemiyanın ilk günlərindən bəlli idi ki, COVID-19-un dərmanı yoxdur. Tək çarə zəhərin antidotunun, yəni vaksinin tapılması idi. Artıq 5 aydır ki, irili-xırdalı, dünyanın 300-dən çox şirkəti vaksini ilk olaraq tapma yarışına giriblər. Bəlli məsələdir, işin ucunda milyardlar, bəlkə də trilyonlar var. Dünyada vaksin və dərman istehsalının ənənəvi lider ölkələri var. Bunlar ABŞ, İngiltərə, Çin, Fransa, israil və Yaponiyadır. Necə deyərlər, əczaçılıq bazarının əsas “oyunçuları”. Vaksin istehsalı çox güclü maddi-texniki baza tələb edir. Bunun üçün ultramüasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri, profesional kadrlar tələb olunur. İstənilən məhsul, istər yeni dərman olsun, istər peyvənd, istehsala girməmişdən əvvəl uzun yol keçir”.

Həkim-farmakoloq ümumi vaksinasiya prosesi barəsində də danışdı:

“Vaksinasiya mikroskopik miqdarda, ya da ölmüş virusun orqanizmə yerdilməsidir. Bundan sonra orqanizmin bu tip “süni” yoluxmaya reaksiyası müşahidə edilir. Yəni vaksinin orqanizmə təsirini bilmək üçün elmi-kliniki araşdırmalar aparılır. Bu araşdırmalar zamanı əvvəlcə vaksinin tərkibi müəyyən edilir, sonra mikrobioloji möhtəviyyatlarda və heyvanlar üzərində araşdırma aparılır. Yalnız bundan sonra, yəni, ilkin nəticələr bəlli olduqdan sonra insanlar üzərində test çalışmalarına icazə verilir. Ümumdünya Səhiyyə Təşkilatının əsasnamə və tövsiyələrinə görə istənilən vaksin 3 fazada test sınaqlarından keçir. 1-ci fazada, əsasən, 100-300 könüllü iştirak edir. Bu fazada əsasən, vaksinin təhlükəsizliyi, əlavə təsirlərin, ağırlaşdırıcı halların olub olmaması, immunitetə təsiri öyrənilir. 2-ci faza 300-1000 adam üzərində aparılır. Bu zaman preparatın kliniki gücü, yüngül əlavə təsirlərin olması və dozası müəyyən edilir. 3-cü fazada isə, ən azı, 10000 pasient üzərində vaksinin kliniki nəticəsinin olub-olmaması və dərmanlarla müqayisədə hansı gücə malik olması öyrənilir”.

“Artıq məlum olduğu kimi bir neçə ölkə yaxın həftələrdə vaksin çalışmalarının nəticələrini elan edəcək. ABŞ-da, Pfizer və Modena şirkətləri 3-cü fazada sınaqları keçirdirlər, hətta Prezident Tramp artıq noyabrda vaksinin istehsal olacağı təxminini açıqlayıb. Oksford Universiteti və “AstraZeneca” ikinci faza sınaqlarına bir müddət ara versələr də (könüllülərin birində beyin iflici problemi olmuşdu), nəticədə davam etmə qərarı verdilər, hazırda 3-cü faza testləri başlayıb. Bundan başqa, ÜST patronajlığı altında 170 ölkədən ibarət konsorsium vaksin çalışmalarına davam edir. Beynəlxalq müşahidəçilər Oksford və “AstraZeneca” tandeminin problemin həllinə daha yaxın olması qənaətindədirlər. Bununla belə, Rusiyanın “Gamalei” adına mərkəzi artıq “Sputnik V” vaksini istehsal etməyə başlayıb”, - deyə ekspert vurğuladı.

Həmsöbətimizin sözlərinə görə, 3-cü faza testləri hələ keçirilməyən vaksinin, hətta Rusiyada belə əleyhdarları çoxdur:

““Prezident Putinin qızı da vaksinasiya olunub” kimi həm absurd, həm də saxta məlumat belə insanları inandıra bilmədi. Amma fakt olaraq, Rusiya regionlarına ilk dozalar göndərilib. Bununla paralel Çumakov adına digər elmi-tədqiqat mərkəzi də 3000 xəstə üzərində 2-ci etap sınaqlara başladı. Bu da səhiyyə sisteminin Sputnikə o qədər də inanmadığını göstərir”.

M.Hüseynov daha sonra “Bu mərhələdə biz nə etməliyik?” sualına aydınlıq gətirdi:

“Fikrimcə, Azərbaycan birinci vaksinasiya dalğasını gözləməli, heç bir ölkədən vaskin sifariş etməməlidir. Bunun üçün, ən azı, 6 ay, ən çoxu 1 il gözləmək olar. Bizdə pandemiya elə də dağıdıcı gücə malik deyil və problem olacağını sanmıram. Mütləq vaksinasiyanın olduğu ölkələrdəki vəziyyətə nazərət etmək, vaksinin yan təsirlərinin olub-olmadığını öyrənmək lazımdır”.

Müsahibimiz insanların vaksinasiyanın məcburi olacağı ilə bağlı narahatlığına da münasibət bildirib:

“Dünyanın heç bir ölkəsində vaksinasiya məcburi deyil, ola da blməz. Bu iş könüllülük prinsipinə əsaslanır. Tamamilə mümkündür ki, yaxın 3-4 ay ərzində virus özünün dağıdıcı gücünü itirsin və insan orqanizmi üçün ölümcül təsirə malik olmasın. Bu zaman vaksinasiyanın keçirilməsi məcburi deyil. Məsələn, artıq heç kim quş və donuz qripindən qorxmur, bunun üçün vaksin var, amma heç kim peyvənd olmur. Önümüzdə çox vacib 2-3 ay var və hər şey bizdən aslıdır. Özümüzü qorusaq, problem həll olacaq. Əks halda ümid tək vaksinə qalacaq. Bir sözlə, dünyadakı bütün laboratoriyalar bu iş üçün səfərbər olublar, amma bununla belə “vaksindən gələcək milyardlarla vəsait kimin cibinə gedəcək?”sualı çox şirkətləri düşündürür”.

Vaksinasiya ilə bağlı insanların da münasibətini öyrəndik. Aldığımız cavablar fərqli olsa da, çoxu vaksinasiyadan imtina edəcəyini bildirdi:

Elyar İslamoğlu: “Özümü və ailəmi virusdan qoruyuram. Qapalı məkanlarda, avtobus və metroda maskadan, dezinfeksiya məhlullarından istifadə edirəm. İmmuniteti gücləndirəcək tərəvəz və ərzaqlarla qidalanırıq. Vaksinin koronavirusun qarşısını aldığını, mənfi təsirləri barədə dəqiq məlumat yoxdur. Hətta bəzi testlərin də virus yaydığı ilə bağlı məlumatlar yayılmışdı. Ona görə də vaksindən imtina edəcəyəm”.
Təranə Xudabaxşiyeva: “Mən vurdurmayacam. Çünki həkimlər təsdiq edir ki, qrip viruslarının vaksinləri olmur və ya o vaksinlər təsirli olmur”.

Züleyxa Nadir: “Mən risk qrupuna daxiləm - şəkərli diabet. Birinci mənə vuracaqlar...”

Zərifə Bəşirqızı: “1997-ci ildə son dəfə hər kəsə peyvənd vurdular, difteriyaya qarşı. Öncə 40 yaşdan yuxarı olanlara vurmuşdular. Sahə poliklinikasinda vurdurmayanlara işdə vururdular. Millət indi panikaya düşüb, peyvəndə qarşıdır”.

Qalib Əsədov: “Ümumdünya Səhiyyə Təşkilatının sertifikatı almamış vaksini vurdurmaq təhlükəlidir”.

Nailə Məhərrəmova: “Mən şəkərsiz diabetəm, amma vurdurmayacağam”.

Hazırladı: Turqut Qılınc












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.