"Zoom"un rəhbəri: Süni intellekt sayəsində 3 günlük iş həftəsi yaxınlaşır
Bu gün, 17:44

"Zoom" şirkətinin qurucusu və baş icraçı direktoru Erik Yuan süni intellektin geniş tətbiqindən sonra ənənəvi beşgünlük iş qrafikinin aradan qalxacağını bildirib.
Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, çatbotlar və rəqəmsal agentlər işçilərin əhəmiyyətli hissəsinin vəzifələrini üzərinə götürəcək və bu da insanlara daha çox azad vaxt qazandıracaq.
"Əgər süni intellekt həyatımızı daha yaxşı edə bilirsə, niyə həftədə beş gün işləməliyik? Hər bir şirkət üç və ya dörd günlük iş həftəsini dəstəkləyəcək. Nəticədə bu, hər kəs üçün vaxt azad edəcək", deyə Yuan vurğulayıb.
Bu ideya "Microsoft"un həmtəsisçisi Bill Qeytsin, "Nvidia" rəhbəri Censen Xuanqın və "JPMorgan Chase"in baş direktoru Ceymi Daymonun əvvəlki proqnozları ilə səsləşir. Qeyts 10 ildən sonra insanların daha az işləyəcəyini söyləmişdi. Yuan süni intellektin kütləvi tətbiqinin çox güman dörd günlük iş həftəsinə gətirib çıxaracağını ehtimal etsə də, insanların daha da məşğul olacağını qeyd etmişdi. Daymon isə hələ 2023-cü ildə gələcək nəsillərin 100 il yaşayacağını və cəmi 3 gün işləyəcəyini açıqlamışdı.
Yuan həmçinin etiraf edib ki, bu dəyişikliklərdən hamı faydalanmayacaq. Sənaye inqilabı və internetin yaranması dövründə olduğu kimi, bir sıra peşələr – xüsusilə giriş səviyyəsində – yox olacaq, lakin süni intellektlə işləmə bacarığı tələb edən yeni ixtisaslar meydana çıxacaq.
Qısaldılmış iş həftəsi artıq bəzi şirkətlərdə tətbiq olunur. ABŞ-da "Exos" şirkətinin araşdırması göstərib ki, dörd günlük iş qrafiki işçilərdə yanma sindromunu iki dəfə azaldır və məhsuldarlığı təxminən 25 faiz artırır. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, bu dəyişikliklər bütün sahələri əhatə etməyəcək və yeni iş yerləri uğrunda rəqabət daha da kəskinləşəcək.
Xatırladaq ki, 2025-ci ilin əvvəlindən etibarən dünyada 50 mindən çox İT mütəxəssisi ixtisar olunub. Bu, təkcə yeni işçilərə deyil, həm də "Google", "Microsoft" və "Amazon" kimi şirkətlərdə uzun illərin təcrübəsinə malik mütəxəssislərə təsir edib. Eyni zamanda, Albaniya dünyanın ilk dövləti olaraq, dövlət satınalmaları naziri postunu süni intellektə həvalə edib.