22 il əvvəl yanvar günlərində Ağdərə cəbhəsində baş verənlər: 772-ci batalyon. „1993-1994-cü il qış hücum kampaniyası“.

27-01-2016, 12:17           

Həmsöhbətim:
Yalquzaq.

- 22 il əvvəl yanvar günlərində Qarabağ cəbhəsində nə baş verirdi?
- Yanvarın 3-ü bizi qərargahdan iki bölüklə Caylı kəndinə göndərdilər. Biz cıxmamışdan briqada komandiri şəxsən mənə şifahi tapşırıq verdi ki, gecə Madaqiz su hövzəsini (üstündəki körpüdən) keçib, Levon-arx istiqamətində irəliləyək. Əraziyə yaxınlaşdıq. Gecə idi. Asta hərəkət edirdik və deyilən mövqeyə yaxınlaşdıq. Hücumu səhər sübh cağına planlaşdırdıq. Biz cəmi 80 nəfər idik. Ermənilərin mövqeyinin xarakteristikasından xəbərimiz vardı. Öz durduğumuz mövqenin əlverişsiz olduğunu hava acılanda gördük. Ermənilər bizdən hündürdə yerləşirdi, bizim ərazinin sol-sağı və arxası açıqda idi. Əgər biz sağa, sola, və ya arxaya hərəkət etmək məcburiyyətində qalsaydıq ermənilər bizi asanlıqla vura bilərdi. Aramızda məsafə dikinə 300 metr olardı, səslərini eşidirdik. Aramızda kol belə yox idi ki, arxasına gizlənək.
Yanımda olan döyüşçülərdən rəhmətlik Rassoxa dedi ki, irəliləyək. Arxadan da əmr gəldi ki, irəliləyin. Amma vəziyyəti qiymətləndirdikdə görürdüm ki, mən çox sayda insan tələfatına yol vermiş olacam və irəliləməyin mənasız olduğu qərarını verdim. Belə durumlarda piyadalarla hücum məna kəsb etmir. Piyadalar adəta yolun sağ və ya solundan keçərək, düşməni cınaqlardan və ya arxadan atəşlə təlaşa salır və bu zaman əsas qüvvələr irəliləyir. Bizimki bir başa özünü ölümə vermək idi, bu səbəbdən də irəliləmək qərarından vaz keçdim, yerimizdə hərəkətsiz axşama qədər qaldıq. Hava qaraldıqdan sonra isə ərazini sakitcə tərk etdik.

- Sizi belə anlamsız əməliyyata göndərmək nə xeyir gətirə bilərdi?
- Biz əvvəldən, hələ reyd dəstəsi olduğumuz dövrdən, ad çıxarmış hərbi hissə idik, bizim hər şeyi bacaracağımız təsəvvürü vardı və görünür, bu səbəbdən bizi uğursuzluqla bitməsinə 99% əminlik olan əməliyyatlara da göndərirdilər, uğur ümidiylə.

- Şifahi və yetərincə də səriştəsiz bir əmr.
- Bəli. Elə bir durum idi ki, bizdən əgər kimsə yaralansaydı, biz onu çıxara da bilməzdik, şəhid versəydik, onu daşıyacaq imkana malik olmayacaqdıq... Ermənilər minomyotla işləsəydi, bizdən kimsə sağ çıxa bilməzdi də!
Geri döndüyümüzdə (şifahi də olsa) əmri yerinə yetirməməyimizin izahını verdik. Vəziyyəti izah etdikdən sonra, təklif etdik ki, biz eyni əmri başqa istiqamətdən, biraz uzaqdan keçərək yerinə yetirə bilərik. Həm də biz əraziyə müşahidə aparmadan göndərilmişdik, əraziyə bu gedişimizlə artıq həm də müşahidələrimizi aparmış olmuşduq. Nəticəsiz dönməmişdik, əmr yerinə yetirilməsə də biz kəşfiyyat işlerini həyata keçirmişdik. Ikinci dəfə əraziyə hansı təpə və cığırlardan istifadə edərək, hansı istiqamətdə gedərək əmri uğurla yerinə yetirə biləcəyimizi müəyyənləşdirmişdik. Sonradan, hələ sizə danışacağım əməliyyatda, məlumatlarımızda yanılmadığımız bəlli oldu...
Ayın 5-inda bizi Madaqiz su hövzəsindəki 583 saylı hündürlüyə bizimkilərə köməyə göndərdilər. Axşam çağı 17:00 radələrində hərəkətə başladıq. Şam ağaclarına sığınaraq, sürətlə 400 metrə uzunluqda olan körpünü keçdik. Ermənilər bizi artilleriya atəşinə tutmuşdu, mərmilər bizim arxa tərəfə və əsasən gölə düşürdü və su başımız üzərinə qalxırdi.
Sizə belə bir epizod da danışmaq istərdim. (Bəzən ani yaşanan xırda xatirələr də var ki, insan yaddaşına həkk olur.) Əjdər Qafarovun yanvarın 5-ində ad günü idi. Biz də əməliyyata gedirdik. Mənə dedi ki, bu gün ad günümdür... Mən də dedim, arxayın ol, sənə heç nə olan deyil bu gün. Gülüşdük. Əslində ürəkli döyüşcü idi. O da, mən də bu söhbətə yüngül zarafat kimi yanaşmışdıq.
Biz 583-ə çatanda orada bizimkilərin geyim əşyalarını gördük, amma özləri yox idi. Qərargaha məlumat verdim ki, burada kimsə yoxdur. Bizə cavabda dedilər ki, orada olanlar 961-ci yüksəkliyə qalxıblar. Ora çox daha yüksək idi, hava isə qaralmışdı, 20:00 radələri idi.
Bizim bölük iki qrupa bölünmüşdü. Hərəsində təxminən 20 nəfər vardı. Bir bölüyümüz 583-də qaldı, ikinci bölüklə biz yuxarıya hərəkət etdik. Yol tikanlıq və kələ-kötür idi, yavaş hərəkət etməli olduq. Bizimkilərə çatdığımızda səhərə yaxın idi. Onlar bizi tanımadı və atəş açmağa başladılar. Biz onlara səsləndikdən, parolu dedikdən və əmri onlara çatdırdıqdan sonra bizi tanıdılar.
Belə hadisə də olmuşdu, Həsən Şükürovu tapşırıqla göndərmişdim, onu orada itirdik, amma sonra başqa ərazidə görüsdük.
Bizə 961-ə qalxmaq əmri verilmişdisə də 130-un (h/hissənin) hücum edəcəyi deyilməmişdi. Səhər saatlarında hücum başlayanda biz yüksəklikdə mövqe tutaraq, oradan aşağı erməni mövqelərini atəşə tutduq, bizdən öncə bu yüksəklikdə olanlar isə kor-təbii hücuma keçdi və orada 2 şəhid verdilər.
Mənim bu hücum əməliyyatında bu gün də razılaşmadığım bəzi məqamlar var. Bizə əvvəldən 130-un hücuma keçməsi deyilsəydi, biz təklif etdiyimiz kimi sağdan uzaq məsafədən fırlanaraq, ermənilərin arxasına keçə bilərdik. Hündürlüyə qalxmamıza ehtiyac yox idi. Hündürlükdə olanların isə elə olduqları mövqedən erməni mövqelərini atəşə tutması yetərliydi və hücuma keçmələrində məna yox idi. İki şəhid də verməzdilər. Biz isə erməni arxasına keçməklə geri çəkilən qüvvələri tamamilə məhv edə bilərdik.
Sonralar 961-dən də irəli getdik. İlk olaraq, öz ordumuzun PDM-ləri bizim bölük olan hündürlüyü vurmağa başladı, onlara o yüksəklikdə ermənilərin olduğunu demişdilər. Orada olduğumuzdan xəbərləri yox idi. Biz hündürlüklə irəliləyə bilmədik. Biz rabitəylə xəbər verdik, amma irəliləməyi dayandırmaq əmri verildi, bizim istiqamətdə açılan PDM-lərimizin atəşi də dayanmadı. Axşam bizə hündürlükdən enmək əmri verildi və gecə geri qayıtdıq. Əslində isə tapşırıq yerinə yetirilmiş hesab edilə bilərdi...
Biz Suqovuşan kəndinə geri döndük.
Həmin ərazini bizim qüvvələr onsuz da götürdü, amma ferqli şəraitdə. Sonradan yanvarın 6-sında biz həmin ərazidə briqadanın əməliyyata gedən hərbi hissəsinə sağ cınaqdan köməyə çıxdıq. Gecə idi. 130 saylı hərbi hissə isə Levon-arx tərəfə PDM-lərlə hücum etdi. Bu əməliyyat artilleriya işlədikdən sonra başladılmışdı. Biz qalxdığımız yüksəklikdən hücumu izləyirdik. Ermənilər PDM-lərlə hücumun qarsısında dayana bilməyib, mövqeləri qoyub, qaçırdılar. Həm artilleriya işləmişdi, həm də texnika irəliləyirdi, onlar buna hazır deyildi. O döyüsdə bizim briqada texnika və canlı qüvvə itkisi vermədi, amma yaralılar barəsində tam məlumata malik deyiləm. Biz isə oturduğumuz yüksəklikdən geri çekilən ermənileri AQS və plumyotlardan atəşə tutmuşduq.

9 yanvar əməliyyatı.
Yanvarın 9-u səhər saat 4 radələrində biz döyüşə gedirdik. Bizim arxa cəbhə Tərtərə yaxın ərazidə yerləşirdi. Əslində bizim batalyon xüsusi təyinatlı olduğu üçün bir ərazidə dayanmır, yalnız müəyyən tapşırıqları yerinə yetirirdi. Bəzən qüvvə çatışmamazlığı olduğunda isə biz mövqelərdə bir-neçə ay dayanırdıq. Biz kəşfiyyat xarakterli, və ya hücum tapşırıqları olduğunda irəli gedir, əməliyyat keçirib, geri dönürdük. Bəzən, tapşırıqların xarakterindən asılı olaraq, ön cəbhədə 15-20 gün qala bilərdik.
9 Yanvar idi. Xatirinizdədirsə, tarixdə 9 yanvarla bağlı qanlı gün var. (1905-ci il 9 yanvar, Sankt Peterburq, "Qanli bazar" - K.S.) Gizirlər - Qafarov Əjdər və İsrafilov Nazimlə toplaşmışdıq, dedim, sabah 9 yanvar günüdür, qanlı yanvar, nəsə ürəyimə damıb ki, vəziyyət pis olacaq...
Yük maşınlarıyla (Qaz66, Zil31) çıxdıq, tapşırığa gedəcəkdik. Hava çox dumanlıydı. Səhər kənddən çıxanda hava hələ açılmamışdı. Alatoran idi, hava açılmamışdam mövqelərə çatıb, irəliyə hərəkət etməliydik. Bizim maşınlardan biri yoldan çıxaraq, aşdı. Yaxşı ki, yol kənarı dərin dərə deyildi. Dayaz əraziydi, maşın firlanmadı, aşdı və bir tərəfi üstə dayandı. Əsgərlər maşından tökülüşdülər. Bir az əzilənlər olmuşdu. Ciddi bir şey yox idi. Döyüşçülərdən 6 nəfər əzildiyi üçün geri qayıtmalı oldular. Sonra bizə yenə başqa maşın verdilər və iki maşın yolumuza davam etdik. Gəldik döyüş mövqeyimizə... Tapşırığı həyata keçirmək üçün mövqedən irəli hərəkət etməyə başladıq. Ağdərənin Madaqiz kəndində su anbarı var. Biz onun üzərindən hərəkət etməyə başladıq. Dəniz səviyyəsindən hündürlükdə olan 1001 hündürlüyünü tutmalıydıq. Lüləsaz kəndi bizim hərərət istiqamətində aşağıdaydı. O istiqamətdə olan yolda erməninin bir postu vardı, oraya biz, 2 bölük, iki istiqamətdən hücum etdik. Əslində bölükdə 100 nəfər şəxsi heyət olmalıdır, amma biz 40 nəfərlə vəziyyəti idarə etməyə çalışırdıq. Canlı qüvvə çatışmırdı. Yaralananımız olanda da biraz da azalırdıq. Şükür, bizdə şəhid az olub. Digər bölüyün komandiri Bakıda yaşayan kazak idi. Yanvar döyüşlərində, yanvarın sonu şəhid oldu. Onun bölüyü soldan, mənimki sağdan gedirdik. Ona dedim ki, tələsmə, Mən postu firlanım və sağdan keçim erməninin arxasına, sənə xəbər edəcəm. Sən hücum edərsən, mən də arxalarından gələrəm, onları məhv edərik. Baxmayaraq ki, kazak idi(!), Azərbaycanı vətəni bilirdi və çox vətənpərvər oğlan idi. Vətənpərvər olduğu qədər də cəsur idi! Döyüşə girəndə bir əliylə döyüş maşınını sürür, bir əliylə avtomatdan atəş açırdı, bu qədər çevik idi. Mərmi olmayanda qumbaraatanı açırdı, içinə dəmir parçaları doldurub atırdı. O vaxtlar 42 yaşı vardı. Əsl müharibə adamıydı Valeriy Rassoxa. Hər vəziyyətdən çıxış yolunu asanlıqla tapırdı. Bizim hərbi hissə (772-ci reyd dəstəsi) hələ 92-də Bakiya göndərilib, Xüsusi Təyinatlı batalyon (XTB) kimi formalaşdırılanda Rassoxa bizlə Bakiya getməmişdi. Başqa hərbi hissəyə qoşulub, döyüşməyə davam etmişdi. Biz cəbhəyə döndüyümüzdə də yenidən bizim batalyona qayıtmışdı.
Mən bölüyümlə aralanmışdım, bir də gördüm ki, bu bağırır ki, Za Rodinu! Vperyod! (Vətən naminə! İrəli!). Bizim arxaya keçməyimizi gözləməmiş onlar irəli hərəkət etdilər, biz də sağdan irəlilədik. Ermənilər bizi görən kimi mövqelərini qoyub qaçdılar. Ermənilərin 2 nəfər itkisi oldu. Meyidləri də qalmışdı.
Mən müharibə dövründə bir məqama diqqət etmişəm, bizim zabit və döyüşçülərin cibində sənəd olmazdı, amma ermənilər bütün sənədlərini ciblərində daşıyırdılar. Bizdə heç zabitlər geyimlə də əsgərlərdən seçilməzdi. Məsələn, mən əsgərlərlə eyni geyinirdim, amma onlarda hər şey əksinəydi. Ölü və ya əsir götürdüyümüzdə hərbi hissənin nömrəsinə qədər yazılı sənədlər, hətta arayışlar belə üzərlərində olurdu.
Biz bu mövqeyi ələ keçirdikdən sonra 1001 hündürlüyünə tərəf hərəkət etdik. Biz bir qədər irəliyə keçmişdik. Bölüyün əsgərləri bizdən arxada gəlirdi.
Mən 3 nəfəri irəliyə buraxdım. Arxasınca biz gedirdik. Tağımın döyüşçüləri isə bizdən arxada idi. Yaxınlaşanda ermənilərdən 2 nəfəri görürdük, dayanıb, dəstəni gözlədiklərini düşündük. Onlar bizi görmədilər. Oturub, çörək yeyirdilər. Əyinlərində qolsuz kürklər vardı. Ümumiyyətlə, ermənilərdə təhçizat bizdən yaxşı idi. Onlardan əlimizə keçən qənimətlərdən bilirdik bunu. Israil istehsalı, hazır sup paketləri, Almaniya istehsalı dəmir qabçaqlarda konservleçdirilmiş çörək, Fransa istehsalı olan üst geyimləri – palto. Suriya istehsalı çəkmələr. Görünür xaricdən erməni diasporu təminatı öz boyunlarına çəkibmiş.
Mən dəstəni döyüş üçün düzdüm. Biz başladıq atəşə, qruplarla 6-7 nəfərlə oturub, yemək yeyirmişlər, biz onların yeməyini haram etdik... Amma xəbərimiz yox idi ki, bunlar orada bütöv batalyon imiş. Meşədə hər yeri görmək olmur deyə düşmən qüvvəsinin tam həcmdə silahlıları haqqında məlumat toplaya bilməmişdik.
Döyüş zamanı bizdən 4 nəfər yaralandı. (Vaqif Tagiyev və Fərhad Səmədov yaralanmışdı.)
Düşmən tərəf isə çox itki verdi. Döyüşün sonuna onlar bizi yarı mühasirəyə aldılar. Sol cınağımızdan hərəkət edərək, arxamıza keçdilər. Arxa tərəfimizdə bir cığır vardı, sol tərəf isə uçurum idi. Yarpaqlar tökülmüşdü. Qar yox idi. Noyabr ayında qar durduğu halda o günlərdə qar yağmamışdı. Bölüyün rabitəçisi – Rövşən Xəlilov mənə dedi ki, komandir, arxadan ermənilər gəlir. Bundan əvvəl yaralıları, imkan tapıb, arxaya göndərmişdim. Düşündüm, arxadan bizimkilər gələ bilər, qayıda bilərlər yarı yoldan, buna səbəb dedim ki, tələsməyin. Arxadan gələnlərə, ehtiyat səbəbiylə, atəş açmadıq. Sonra onların danışığından artıq bəlli oldu ki, arxamızda olanlar da ermənilərdir. Bizi uçuruma sixişdırırdılar.
Sonradan yaralıları aparanlarla da söhbət etdim, dedilər ki, biz qayıdırdıq, erməniləri gördük. Döyüşçülərdən Müşfiq deyib ki, onlar erməni ola bilməz, bizimkilər olmalıdır, biz ordan gəlmişik bayaq, amma Mahmudov Rəfael deyib ki, ehtiyatlı olaq, hər şey ola bilər. İkisi də çavuş rütbəsindəydi. Onlar arxaya qayıdıb, biz də orada özümüzünkilərin ola bilməyəcəyindən əmin olmadığımızdan ermənilərə atəş açmamışıq.
Üş tərəfli mühasirədən qurtarmaq üçün başqa yol yox idi. Əmr verdim və özümüzü qayadan aşağı atdıq. Tökülən xəzanın üzəriylə sürüşürdük, bu bizə kömək oldu. Daşlıq olsa da düz idi qayanın örtüyü, kələ-kötür deyildi. Təxmini 50 metr sürüşdük. Ermənilər ardımızca, təpəliyə yaxınlaşandan sonra yuxarıdan bizə atəş açmağa başladılar. Onlar bizi hərəkətdə olduğumuza yaxalaya bilmirdi, atdıqları atəş bizi tutmurdu.
Qəfil hücum etməmizə səbəb onlar itki vermişdi, amma bizdən itki olmadı.
Orada Tonaşen kəndi var, 3 yerə bölünür. Tonaşen 1, 2, 3 deyirlər. O kənd Tər-tər çayının kənarında olan kəndlərdir. Çay da gəlib tökülür Madaqizin su anbarına.
Artıq biz arxaya, öz mövqeyimizə qayıdırdıq. Komandir ikinci bölüyü bizə köməyə göndərmişdi, amma mən məlumat verdim ki, biz mühasirədən çıxdıq, kömək gərək deyil. Onlar isə artıq hərəkətə başlamışdı. Ermənilər 2-ci bölüyə hücum etmişdilər. Biz onların arasında atışmanın səslərini eşidirdik. Mən 2-ci bölüyün tagım komandirinə çatdırıb, xəbər etmişdim ki, ermənilər üzərinizə hərəkət edir, ehtiyatlı olun. Döyüs zamanı balatlyon komandiri rabitəylə əlaqəyə çıxaraq, bizə onlara kömek etmeyi əmr etdi. Biz 2 saat ərzində nə qədər çalışsaq da qayalıqla onlara kömək ücün yol tapıb, gedə bilmədik. Sonradan, Tərtərdə qaldığımız kənddə yerli, keçmiş döyüşçülərdən soruşduq, dedilər ki, o istiqamətdə yalnız bir cığır var, biz isə onu tapa bilməmişdik.
9 yanvar da belə başa çatdı...
1994-cü il 14 yanvarda biz düşmən cəbhəsinin arxasına keçmişdik. Bizə başqa batalyonlardan kömək gəlməliydi, amma gəlmədi. Orda ermənilərin üç maşınını vurduq, biri tam məhv edildi, ikisi, içində yaralılarla, ərazidən uzaqlaşa bildi. Bu, bizim ikinci döyüşümüz idi. Kənardan ermənilərə əl edib, keçdik, onlar anlamadı. Ərazidə 1 km kimi boşluq - qorunmayan hissə vardı və biz oradan keçib, getdik. Mən ərazidə olan digər hərbi hissələrə əvvəlcədən demişdim ki, biz bu tərəfdən keçəcəyik erməninin arxasına, bizə atəş açmayın. (Elə olurdu ki, erməni arxasına keçib, qayıdanda ermənilər də bizə atəş açırdı, bizim tərəfdə səngərdə dayanan hərbi hisssələr də. - Yalquzaq.) Xəbərdarlıq etməyimə baxmayaraq, yenə bizə öz tərəfimizdə mövqelərdə duran hərbi hissə tərəfindən atəş açıldı, bu səbəbdən dərənin arxasıyla hərəkət etdik ki, bizə heç nə olmasın...
Akop-Komari cəbhəsində sağ və sol cınaqlarımızdan hücuma keçməli qüvvələrdən yalnız sağ tərəfdəki qüvvələr hücuma keçmişdi. Ortadan isə zirehli qüvvə gəlməliydi, gəlmədi. Biz də geri qayıtdıq, itkimiz olmamışdı. Vurduğumuz maşınlarda nə qədər erməni məhv etmişdik, bilmədik.
Tapşırıq, Akop-Komari ilə Maqavuz kəndi arasındakı yolu kəsmək idi. Məqsəd, erməniyə gələn köməyin qarşısını almaq idi. Bu döyüşdə M1, M2 adlanan Mingəçevir batalyonları, 703 saylı hərbi hissə iştirak etməliydi...
Akop-Komarinin arxasına keçmişdik, orada "Alma bağı" deyilən bir yer var, onun yanındaydıq. Yolu kəsib, dayanmışdıq. Lakin hücum alınmadığından bizə də geri qayıtmaq əmri verildi. "Broni qruppa" gəlmədiyinə göre 16:00 radələrində geri qayıtdıq, ermənilər bizi görmüsdü, atəşə tuturdular. Ermənilər yerimizi bilirdi, üstümüzə əlavə qüvvə göndərə bilərdilər, yaralanan və ya şəhidimiz olsaydı, geri qayıdınca dəstə məhv ola bilərdi, məsafə uzun idi və yaralı daşıyanda döyüşçülər vuruşa bilmir.
Mən şəxsi heyyəti çox təhlükəyə atmırdım, onları qorumağa çalışırdım, tapşırıqları yerinə yetirmək şəxsi heyəti itirmək bahasına olmamalıydı və mən maksimum itki verməməklə tapşırıqları başqa yol, və ya zamana salaraq, yerinə yetirirdim.
Söz ardı
Kəlbəcərdə yanvarın 18-i ümumi hücum kampaniyasina başlanıldı. Ilk baxımdan uğurlu idi, 15-20 kənd alınmışdı, lakin arxa-sol istiqaməti, Qaragöl ərazisini ehtiyyat qüvvəsiylə möhkəmləndirmədən Kəlbəcər rayon mərkəzinə yaxınlaşmışdılar. Nəticədə yanvarın axırı - fevralın əvvəli Ağdərədən Qaragöl istiqamətinə hücum edərək, onları mühasirəyə salmışdılar. Bizim qüvvələr itki verərək geri çəkilməyə, alınan əraziləri tərk etməyə məcbur olmuşdular. O qüvvələri dekabr hücumunda bizim istiqamətə atsaydılar, xeyli ərazini azad etmək mümkün idi. Bizim istiqamətdə hava şəraiti də buna imkan verirdi. Kəlbəcərdə isə sərt-qarlı hava şəraiti vardı…

- Daha sonra ərazidə hansı əməliyyatlar keçirildi?
- Yanvarın 19 - 20-si arası Ağdərənin Televışka deyilən ərazisinin sağ istiqamətindən şimala doğru mövqeləri - Fermalar adlanan ərazini tutmaq əmr verilmişdi. Biz gecə hərəkətə başlamışdıq və əraziyə gec saatlarda gəlmişdik. Komandirimiz xəbərdarlıq etmişdi ki, yolunuzda bir neçə təpə olacaq, onları səhv salmayın. Təpələrin hamısını keçmək gərəkirdi. Biz bir-neçə təpəni aşdıqdan sonra yolumuzun üstündə yoxuş vardı, orada mövqe tutduq. Amma səhər hava açılmağa başladığında gördük ki, erməni mövqelərinə hələ bir qədər məsafə var. Təxmini 250 metreden az məsafə olardı. Bunun fərqinə varan kimi hərəkətə başladıq. Hava açılsa da irəlilədik. Bizim bölük iki qrupa bölünmüşdü, birinə mən, digərinə Dikson ləqəbli döyüş yoldaşımız rəhbərlik edirdi. Bizim hərəkətimizi ermənilər gördü və bizi atəşə tutmağa başladılar. Biz başımızı qaldıra bilmirdik. Eniş-yoxuşa baxmayaraq, ərazi açıqlıq idi. Ərazinin "ölü nöqtəsini" müəyyən edib, mövqemizi orada qurduq. Erməni atəşləri bizi tutmurdu, başımızın üstündən keçirdi. Amma biz də onlara atəş aça bilmirdik. Yenə də onlar mövqelərini tərk edib, bizə yaxınlaşa bilməzdi. Diksonun qrupu isə sağdan getdiyində bir neçə minanı zərərsizləşdirəndən sonra bir mina partladı, qrupun bir neçə əsgəri yaralandı. Onlar vəziyyətdən çıxa bildi. Biz mövqelərimizdən erməniləri atəşə tutmağa başlamışdıq. Onlara atəşimizdən ziyan gəlməsə də, bizim geri çevrilib, qayıtmadığımızı anlamaları lazım idi. Beləliklə, onlar da mövqelərindən çıxıb, üzərimizə gələ bilmirdilər. Bizim ermənilərə nisbətdə mövqeyimiz soldan idi, amma Diksonun qrupu ermənilərlə üzbəüz idi. Digər bölük isə bizim bölükdən sağda idi. Bizə əlavə yardım üçün bir dəstə də göndərilmişdi. Onlarla gələn Mədətov Bünyamin də ayağından yaralanmışdı bu döyüşdə. Bu əraziyə biz 2 dəfə hücum etdik, amma hücumumuz alınmırdı. Televışkaya ordumuzun başqa qüvvələri hücum etmişdi, amma tam ərazini tuta bilməmişdilər. Yüksəkliyin ətəyində durmağa məcbur olmuşdular. Bu hündürlük strateji əhəmiyyətli idi, ən yüksək hündürlük idi. Bütün Ağdərəni və hündürlüyün arxasında ermənilərin əlində olan Moxnataq kəndini də nəzarətə almaq mümkün idi. Tapşırığı yerinə yetirə bilmədik. Bu döyüşdə bizim bölüyümüzdən şəhid vermədik, dörd yaralımız oldu. Bir neçə gün ərzində biz maşınlarda 3-4 saat yatıb, dincələ bilmişdik. Bu döyüşdə mən soyuqladım və sonrakı əməliyyatlarda iştirakıma izin verilmədi. Mən öskürürdüm və kəşfiyyatçının tam səssiz olmalı olduğunu nəzərə alsaq, mənim əməliyyatlarda iştirakım imkansız idi.

- Ərazidə nə vaxta qədər qaldınız?
- Yanvarın 31-i bizi ərazidən çıxardılar, siralarımızı doldurmaq, dincəlmək və təlim keçmək üçün geri dislokasiya yerinə göndərildik. Martın axırlarında bizə təlim keçməmiş əsgərlər vermişdilər, 2 həftə təlimə zamanımız oldu və aprel ayının 10-unda ermənilərin hücuma keçməsi səbəbiylə bizi təcili aprelin 13-14-ünə bölgəyə qaytardılar. Amma komandir bizim de imzamizla yazılı raport vermişdi ki, yeni əsgərlər döyüşə hazır deyil. Biz onlara 2 həftə ərzində nə təlim keçmişdiksə o bilgiləri ilə döyüşə atıldılar. Daha əvvəlki herbi hissede (3 ay erzinde Priküskül qesebesinde) heç bir təlim görməmişdilər.
Yaralananlar:
Yadigar Eliyev, Asim Qurbanov, Neriman Müstafayev, Bünyamin Medetov.
-----------------------------------------------------------------------------

Adının açıqlanmasını istəməyən, müharibə zamanı Starik qrupundan bir döyüşçü 9 yanvar döyüşü haqqında maraqlı epizod anlatdı.
Həmin günü bizim h/hissə iki bolüklə hücum əməliyyatını keçirmişdi, hər bölükdə təxminən 30 əsgər var idi, bizimlə bərabər həmin əməliyyatda 703-ün Mingəçevir batalyonundan bir bölmə də iştirak edib, biz mühasirəyə düşəndə, onlar bizim yaralıları çıxardan uşaqlarla geri qaytdı.
Əməliyyat başlayanda 1-ci bölük sağdan, biz soldan hücuma keçdik, bizim bölük 12-15 nəfər olmaqla 3 qrupa bölündük və əsas yüksəkliyə bir qrup soldan, bir qrup mərkəzdən, digər bölük isə sağdan girməli idi, bizim qrup mərkəzdən düşmən mövqeyinə yaxınlaşanda qarşıda gedən dozorda Rassoxa özü gedəcəyini dedi, əslində isə Eynulla ilə mən getməyi planlaşdırırdıq. Dozor bizdən 150 metr meşənin içərisinə və aşağı doğru düşüb, cığırla sola yüksəkliyə doğru qalxmağa başlayanda, biz də onların arxasınca hərəkətə keçdik, onlar yüksəkliyə doğru qalxan zaman qəfildən 5-6 atəş səsi gəldi və Eynulla ilə Rassoxa təlaş içində geri bizə doğru qaçmağa başladı, biz mövqe tutub, nə baş verdiyini soruşduqda, onlar az irəlidə 2 erməni ilə cığırda qarşı-qarşıya çıxdıqlarını və hər ikisini vurduqlarını dedilər. Biz aşağıdan yuxarı ermənilərin mövqeyini nəzarətdə saxladıq, onlar heç nə olmamış kimi sağa -sola gəzirdilər, sanki öldürülən ermənilərdən xəbərləri yox idi. Biz digər bölmələrin də hərəkət etdiyini nəzərə alaraq, ləngimədən yuxarı qalxaraq, qəfil basqın etmək qərarına gəldik, ermənilər heç müqavimət göstərməyə cəhd etmədən mövqeləri atıb qaçdı.
Sonra Akop-kamarinin qərbindəki azad etdiyimiz yüksəklikdə bütün qruplar toplanıb, qarşıya doğru hərəkətə başladıq. Təxminən 2-3 km Maqavuza doğru hərəkət etdik, qarşıda Yalquzağın bölüyü gedirdi və onlar düşməni gördüklərini xəbər verdi, onlar iri çaplı silahlarla düşmənə zərbə endirməyə başlayan kimi, böyük qüvvələri səfərbər edib, yeni mövqe tutmağa çalışan düşmən əks hücum əməliyyatına başladı, az keçmədən bizi tank da vurmağa başladı, biz yaralıları çıxardıb, yeni mövqelər tutmağı planlaşdıran zaman şərq tərəfdən düşmənin digər bölməsi bizim yolumuzu bagladı, qərb tərəfimiz isə Tərtərin sıldırım qayası idi, bu vəziyyətdə risk etməyərək sıldırım qayadan aşığı enməyimiz qərara alındı, sonradan yaralı çıxardan uşaqlar əlavə qüvvələrlə bizə köməyə gələn zaman ermənilərlə qarşılaşdıq, itki verərək geri çəkilmişdilər. Ümumiyyətlə, həmin günü səhər mövqelərini əldən verən düşmən 3 əkshücum əməliyyatı keçirsə də, bütün hücumlar dəf edilmişdi, 3-cü hücum zamanı biz öz qüvvələrimizlə birlikdə idik, gecə yarı üzərimizə hərəkər edən düşməni sıx meşəlikdə yaxın məsafəyə qədər buraxıb, mümkün qədər çox zərbə vurmağa çalışdıq və onların hücumları şiddətli atəşlə dəf edildi, səhərüzü hava işıqlanan zaman biz qarşıda meyidlər müşahidə edib irəli getmək istəyərkən bizim sağ və arxa tərəfdə mövqe tutan bölmələrimiz bizi erməni bilməsin deyə onları xəbərdar edib, ərazini yoxlamaq qərarına gəldik , məlum oldu ki öldürülənlərdən biri onların briqada komandiri əvəzi olan podpolkovnik Markaryan imiş, onun üzərindən götürülən sənədlər komandanlığa təqdim edildi, sonra həmin günü biz mövqeləri briqadanın bölmələirinə verib, ərazini tərk etdik.

* Öldürülmüş hay polkovniki haqqında düşmən mənbələrindən məlumat: Markaryan Qaqik Aşotoviç - doğum: 20.01.53 Ararat rayonu, Vedi qəsəbəsi; ölüm: 09.01.94 Ağdərə rayonu.
-----------------------------------------------------------------------------

Həmsöhbətim:
Mehdi Cavadov

19 yanvar Ağdərə ərazisində Şorbulaq və Televışka istiqamətində hücumlar təşkil olunmuşdu. Ermənilər həmin yüksəklikləri minalamışdı. Onlar hücumu gözləyirdilər. Bu əməliyyatda bizim bölükdə 25 əsgər vardı, onlar iki yerə bölünmüşdü. Bir hissə minaya düşmüşdü. Aynur Səfərov, Tahir Abbasov, Valeriy Rassoxa, Natiq Quliyev şəhid olmuşdu. Əməliyyat isə alınmamışdı. Yüksəklikləri götürə bilməmişdik...

- Qış kampaniyası üçün son döyüşünüz harada oldu?
- Doğrusu, bu döyüşdə əvvəldən iştirak etməmişdim, lakin sona yaxın biz də köməyə gedəsi olduq...
Yanvarin 27-sində son döyüş olmuşdu. Yanvarın 25-i həmin istiqamətdə başqa h/hissələr tərəfindən ilk hücum həyata keçirilmişdi, lakin bu istiqamətdə mövqedə duran batalyonlardan biri mövqeyini buraxıb, getmişdi. Həmin yüksəkliyi yenidən nəzarətə götürmək bizim batalyona tapşırıldı. Bizim qüvvələr 26-sı axşam yola çıxdı və 27-si səhər saatlarında ermənilərlə əlverişsiz mövqelərdə rastlaşdılar. Ermənilər yüksəklikdə bizimkilər isə aşağıda idi. Döyüş zamanı şəhid olanların cəsədini döyüş ərazisindən çıxarmaq mükün deyildi. Mən əvvəlki döyüşlərdə yaralanan bir çox əsgərlərimizlə bərabər, Qospitalda yer olmadığı üçün, Tərtərin Səhlabad kəndində olan bazamızda müalicə olunurduq. Komandir bizə müraciət etdi, yerimə imkanı olan əsgərlər döyüş ərazisinə batalyona köməyə yollandıq.
Axşam saatlarında, hava qaralana yaxın cəsədləri də götürüb, geri çəkildik. Həmin əməliyyatda İlqar Zülfüqarov, İlqar Ələkbərov (Şəki rayonu), Yalçın Heybətov (Bakı, Fatmeyi qəsəbəsi), İlqar Niftəliyev (Ağstafa) şəhidimiz olmuşdu, xeyli sayda yaralımız vardı. Axşama doğru arxadakı əlverişli yüksəkliklərə çəkildik. Sonra mövqeləri Tərtər batalyonuna təhvil verib, döyüş bölgəsini tərk etdik.
Yanvarın 15-i Tərtərə hamama getmişdik, botinkamı orda yumuşdum və həmin gün təcili əməliyyata gedəsi olduq. Botinka dəri olduğundan islanarkən gec quruyur, üstəlik o günü 15 dərəcə şaxta olmuşdu. Akop-kamaridə ayaqlarımı don vurmuşdu.
27 -si cəsədləri çıxartmağa gedəndə sol ayağımda 3 , sağ ayağımda 1 barmağımda dəri yox idi...

Könül Sərdarlı


22 il əvvəl yanvar günlərində Ağdərə cəbhəsində baş verənlər: 772-ci batalyon. „1993-1994-cü il qış hücum kampaniyası“.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.