Tacikistan vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib

29-04-2024, 11:08           
Tacikistan vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib
Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Bu bəyanat Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına hücumdan sonra Rusiya dövlət qurumlarının Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı təzyiqlərinin kəskin artması fonunda verilib. İş üzrə həbs edilən şübhəlilərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

Səyahətlə bağlı elan aprelin 27-də nazirliyin saytında yerləşdirilib. Sənəddə Rusiyaya yalnız təcili ehtiyac yarandıqda səfər etmək tövsiyə edilir. Bundan əvvəl insan hüquqları təşkilatları Rusiyada Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı ksenofobiya hallarının artdığını bildirmişdilər.

Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin aprel ayında bildirib ki, Rusiyada “yaxşı düşünülməmiş informasiya kampaniyası” “Tacikistan vətəndaşları və taciklər haqqında mənfi təsəvvürlər yaradır”.

Bundan öncə Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşların Rusiyaya daxil olması üçün kütləvi şəkildə imtina aldığını açıqlamışdı. Rusiya sərhəd-keçid məntəqələrində şahidlərin verdiyi məlumata görə, bu, əsasən gənc kişilərə aiddir.

2023-cü ildə Tacikistanın Əmək, Miqrasiya və Məşğulluq Nazirliyinin məlumatına görə, 652 min insan işləmək üçün Rusiyaya gedib. Onlar Özbəkistan vətəndaşlarından sonra ölkədə əmək miqrantlarının ikinci ən böyük qrupudur. Ölkənin ümümi daxili məhsulunun (ÜDM) təxminən üçdə biri işçilərin xaricdən, əsasən də Rusiyadan köçürmələri hesabına formalaşır.

Rusiya iqtisadiyyatı da öz növbəsində xaricdən işçi qüvvəsinə ciddi ehtiyac duyur. Hələ 2023-cü ildə sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov işçi qüvvəsi çatışmazlığını iqtisadiyyatın “əsas problemi” adlandırmışdı. Rusiya prezidenti Vladimir Putin həmin ilin aprelində problemə diqqət çəkərək, ölkədə “bir çox sahələrdə işçi qüvvəsi çatışmazlığının” olduğunu bildirib.

Mərkəzi Bankın məlumatına görə, işçi qüvvəsi çatışmazlığı bundan sonra iqtisadiyyatın bütün sahələrində artıb, müəssisələrin təxminən 70 faizi bu problemlə qarşılaşır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.