Blinken Qəzzada durum və regional təhlükəsizliklə bağlı danışıqlar aparmaq məqsədilə Yaxın Şərqə yollanır

29-04-2024, 11:14           
Blinken Qəzzada durum və regional təhlükəsizliklə bağlı danışıqlar aparmaq məqsədilə Yaxın Şərqə yollanır
ABŞ dövlət katibi Antoni Blinken Qəzzaya humanitar yardım, Fələstin əraziləri üçün müharibədən sonrakı yol xəritəsi və Yaxın Şərqdə sabitlik və təhlükəsizliklə bağlı müzakirələr aparmaq üçün bazar ertəsi və çərşənbə axşamı Ər-Riyada səfərə yollanır.

“Dövlət katibi Qəzza zolağında girovların azad edilməsini təmin edəcək atəşkəsə nail olmaq üçün davam edən səyləri və HƏMAS-ın Fələstin xalqı ilə atəşkəs arasında necə dayandığını müzakirə edəcək,” Dövlət Departamenti bildirib.

Blinken Səudiyyə Ərəbistanının paytaxtında İran körfəzi ilə həmsərhəd ərəb ölkələrinin regional ittifaqı olan Körfəz Əməkdaşlıq Şurasının nazirlər toplantısında iştirak edəcək.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi bazar günü ABC tele kanalının “Bu həftə” proqramında deyib ki, Birləşmiş Ştatlar Qəzzada İsrail və HƏMAS militantları arasında təxminən 7 aydır davam edən müharibədə altı həftəlik atəşkəsə nail olmaq üçün səylərini davam etdirir.

Atəşkəs danışıqları aylardır davam edir və vaxtaşırı razılaşmanın yaxın ola biləcəyinə dair siqnallara baxmayaraq, Kirbi müzakirələrdə yeni irəliləyişin olduğuna işarə etməyib.

Onun sözlərinə görə, İsrail ABŞ rəsmilərini belə bir hücumun orada sığınan 1 milyondan çox fələstinlinin həyatını təhlükəyə atacağına dair ABŞ-ın narahatlığını nəzərə almadan Qəzzanın cənubundakı Rəfah şəhərinə quru qoşunları göndərməyəcəyinə əmin edib.

Kirbi aclıq çəkən fələstinlilərə daha çox humanitar yardımın çatdırılması üçün Aralıq dənizində Qəzza sahilində inşa edilən müvəqqəti estakadanın iki və ya üç həftə ərzində tamamlana biləcəyini bildirib.

Qəzzada durum, müharibədən sonrakı yol xəritəsi

Gündəlik yardımın artmasına və İsrailin humanitar yardımın çatdırılması üçün şimal keçidindən və Aşdod limanından istifadə etməyə başlamasına baxmayaraq, Qəzzada humanitar böhran hələ də ağır olaraq qalır.

Birləşmiş Ştatlar dənizdə humanitar dəhlizin yaradılması üçün tərəfdaşlarla əməkdaşlıq edir, lakin Qəzzanın bütün əhalisinin aclıq və qida çatışmazlığı riski ilə üzləşdiyi vxt bu səylər kifayət deyil.

ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton İsraillə yanaşı mövcud olan Fələstin dövlətinin yaradılması istiqamətində əməli addımların atılması da daxil olmaqla, həm israillilər, həm də fələstinlilər üçün davamlı sülh və təhlükəsizliyin təşviqinə sadiqdir.

Dövlət Departamentinin Yaxın Şərq üzrə dövlət katibinin köməkçisi Barbara Leaf bu yaxınlarda keçirdiyi brifinqdə deyib: “İordan çayının Qərb sahili və Qəzza zolağı Fələstin Muxtariyyəti altında yenidən birləşdirilməlidir. Yenilənmiş Fələstin Administrasiyası həm İordan çayının Qərb sahilində, həm də Qəzzada Fələstin xalqı üçün nəticələrə nail olmaq və sabitlik üçün şərait yaratmaq üçün vacibdir”.

Vaşinqton həmçinin HƏMAS-ın bu cür idarəçilikdə heç bir rolu olmamalı olduğunu açıq şəkildə bildirib.

Səudiyyə Ərəbistanı və İsrail arasında münasibətlərin normallaşdırılması perspektivləri

Bayden administrasiyası bəzi rəsmilər və təhlilçilərin bunu imkansız hesab etmələrinə baxmayaraq ki, İsraillə münasibətlərin normallaşmasına gətirib çıxara biləcək potensial razılaşma üzərində işləməyə davam edir.

İsrailin baş naziri Benyamin Netanyahu iki dövlətli həll variantını və Fələstin Muxtariyyətinin Qəzza zolağına nəzarətinin qaytarılmasını rədd edib. Bu tələblər beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənir.

Səudiyyəlilər İsraildən ilkin şərt olaraq iki dövlətli həllə sadiq qalmasını tələb ediblər.

“Netanyahunun mövqeləri dəyişməsə, yəqin ki, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına nail ola bilməyəcək. Ola bilsin ki, belə bir normallaşma üçün ABŞ-Səudiyyə təklifi ictimaiyyətə açıqlansın və beləliklə də israillilər seçkiyə gedəndə bu seçimi nəzərə ala bilərlər”, Yaxın Şərq İnstitutunun İsrail üzrə baş elmi işçisi Nimrod Qoren Amerikanın Səsinə email vasitəsilə bildirib.

ABŞ İsrail Müdafiə Qüvvələrinin bölmələri tərəfindən iddia edilən hüquq pozuntularını araşdırır

Blinkenin Yaxın Şərqdə planlaşdırılan görüşləri ABŞ-ın İsrailin bəzi hərbi birləşmələrinin qara siyahıya salınıb-salınmamasını müəyyən etmək üçün İsrail hökumətindən alınan yeni məlumatları qiymətləndirdiyi vaxta təsadüf edir.

Bu hərbi birləşmələr HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı terror hücumlarından əvvəl İordan çayının Qərb sahilində fələstinli mülki şəxslərin insan hüquqlarını pozmaqda ittiham olunur.

Tənqidçilər Dövlət Departamentinin qərar verməsində “ləng irəliliyişin” İsrailə göstərilən xüsusi münasibəti vurğuladığını qeyd edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.