“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
27-04-2024, 13:23
“Masallı Elektrik Şəbəkəsinin əməkdaşları qanunsuz olaraq obyektimə gələn elektrik xəttini kəsmək istəyirlər”
Bu sözləri Masallı rayonu Ərkivan qəsəbə sakini Əliyev İbrahim Nağı oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, nüsxəsi - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova göndərilən şikayət məktubunda yazılıb.
Bir nüsxəsi də Asiya.az-a daxil olan şikayət məktubunu təqdim edirik:
“Cənab Prezident! Şikayətim Masallı Elektrik Şəbəkəsindəndir. Çıxarışla mülkiyyətimdə olan qeyri yaşayış sahəsinə qonşuluqda yerləşən sahibkara məxsus transformatordan üç fazalı 15 kVt-luq elektrik xətti çəkdirmişəm. Obyektimdə elektrik enerjisi təminatında “güc çatışmazlığı”, işıqların yanıb-sönməsi barədə məlumat almaq üçün 14.02.2024-cü il tarixdə “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi müraciət etdim. Mənə bildirdilər ki, müraciətiniz qeydə alındı. Sizə cavab məktubu gələndən sonra yaxınlaşarsınız. Mənə SMS gəldi və mən yenidən “Azərişıq” ASC-nin Masallı ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə yaxınlaşdım. Burada mənə bildirdilər ki, 995 manat pul ödəyəcəyim təqdirdə tranformatora baxış keçirə bilərlər. Maddi imkanım olmadığından bu istəyimdən imtina etdim. Üzərindən üç ay keçdikdən sonra Masallı Elektrik Şəbəkəsinin əməkdaşları mənə təhdid və təziq altında həmin 995 manat pulu zorla ödətdirmək istəyirlər. Ödəməyəcəyim təqdirdə obyektimə gələn elektrik xəttinin kəsiləcəyi ilə məni hədələyirlər. Açıq-aşkar bildirirlər ki, hara istəyirsən şikayət et, qorxumuz yoxdur. 23.04.2024-cü il tarixində mən təkrarən “Azərişıq” ASC-nin ASAN Xidmət Mərkəzində yerləşən nümayəndəliyinə rəsmi ərizə ilə müraciət edərək 14.02.2024-cü il tarixdəki ərizəmin nəzərə alınmamasını xahiş etdim. Həmin ərizəm dərhal portala yerləşdirilmişdir. Lakin yenə də Masallı Elektrik Şəbəkəsinin əməkdaşları öz qanunsuz əməllərindən əl çəkməyərək mənə əsassız və qanunazidd olaraq obyektimə gələn elektrik xəttinin kəsiləcəyi barədə bildirişlər göndərirlər.
Cənab Prezident! Belə məmurlar sizin siyasətinizin əksinə “xidmət” edən şəxslərdir. Sizdən bir vətəndaş, bir sahibkar olaraq xahiş edirəm, qanun bilməyən, rayonumuzda reket fəaliyyəti göstərərək sahibkarları bezdirən, onları şantaj edən “Azərişıq” ASC-nin əməkdaşları barədə qanuna müvafiq ölçü götürülməsi üçün tapşırıq verəsiniz."
TEREF olaraq sahibkar tərəfindən ittiham edilən “Azərişıq” ASC-nin mövqeyini dərc etməyə hazırıq.