Qlobal valyuta müharibəsi: Dünya dollardan imtina etməyə başlayıb

28-02-2016, 20:14           

Almaniyanın “Die Welt” qəzeti maraqlı iddia ilə çıxış edib.
Strateq.az-ın məlumatına görə, qəzet Rusiya prezidenti Vladimir Putinin son zamanlar qızıl almaq siyasətinə üstünlük verdiyini yazır. Bunun isə düşünülmüş bir planı olduğu, yəqin ki, dolları zəiflətmək istəyindən irəli gəldiyi ehtimal olunur: “Qızıl ehtiyatının artırılması Rusiyaya öz iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı qorunmaq və mövcud xarici siyasətini davam etdirmək fürsəti verir”.

Qəzet Putinin bu addımını dollar hegemonluğuna səssizcə edilən hücum kimi qiymətləndirir: “Vladimir Putin qızılı alır, amma bu siyasətini nümayiş etdirmədən həyata keçirir. Yanvar ayında qızıl ehtiyatları uzun zamandan bəri ilk dəfə tam 20 ton artırıldı. Hazırda Rusiyanın qızıl ehtiyatları 1300 tonun üzərindədir” .

Ekspertlərin Moskva ilə Qərb arasında yeni soyuq müharibənin başlamasından qorxduğunu yazan qəzetə görə, “halbuki, uzun zamandan bəri döyüşlər maliyyə sektorunda ortaya çıxıb və hazırda bütün şiddətiylə davam edir”.

Qəzet, Putinin bu yolla dünya hegemonluğunu ələ keçirmək istədiyini iddia edir: "Çünki qızıl almaq siyasətinin heç bir iqtisadi əsası yoxdur. Ölkə, 1990-cı illərdən bu yana ən ağır iqtisadi böhranını yaşayır, rubl gedərək qiymətdən düşür, buna görə də hər bir dollar ölkəyə xeyli fayda gətirə bilər . Ancaq Putin qızıl ehtiyatları artırmağa üstünlük verir”.

Maraqlıdır ki, “qızılpərəstlik” eşqinə düşən yeganə dövlət Rusiya deyil. Onun təsir dairəsindəkı digər ölkələrin də eyni addım atdığını yazan “Die Welt” Avrasiya İqtisadi Birliyinin üzvlərindən Qazaxıstanın da son 40 aydır aktiv olaraq qızıl aldığını irəli sürür: "Moskvanın oraya da əl uzandığı ortadadır".

Əslində Çin də bu məsələdə Rusiya və Qazaxıstandan geri qalmır, əksinə, onları üstələyir. Rusiyadan daha aktiv şəkildə qızıl almağa yönələn Çinin 1600 tondan çox qızıl ehtiyatı var və bu potensialıyla dünya sıralamasında beşinci yeri tutur. Rusiya altıncı pillədə qərarlaşırkən, ilk dörd sırada isə ABŞ, Almaniya, İtaliya və Fransa gəlir.

Yazıda Çinin də, böyük ehtimalla, Rusiyayla eyni hədəfin arxasında olduğu və rəsmi Pekinin bu yolla dollar asılılığından xilas olmaq istədiyi vurğulanır.

Alman qəzetinin gözündən qaçsa da, İranın xarici maliyyə hesablaşmalarında dollardan imtina etdiyi, ya hər iki tərəfin milli valyutaları, ya da qızıl üzərindən sövdələşməyə meylli olduğu bilinir. Xatırladaq ki, İranın qızıla meyli Türkiyədə Rza Zarrab adlı iş adamının həbsi skandalında da ortaya çıxmışdı.

Qorxunc edam səhnələriylə dünyanın ürəyini ağzına gətirən İŞİD isə rəsmən qızıl pula keçən və xarici sövdələşmələrini də bu qiymətli metalla aparan qüvvələr arasındadır.

Bütün bu fərqli, hətta bir-birinə düşmən kəsilən ölkə və təşkilatların tədricən dollardan imtina etməyə başlaması ABŞ-ın ən ciddi maliyyə silahının get-gedə öz etibarını itirdiyindən xəbər verir.

Yeri gəlmişkən, xəbərin bir alman qəzetində dərc olunması da təsadüfi deyil. Dollar hegemonluğuna qarşı çıxan siyasi güc mərkəzlərindən biri də Avropa Birliyidir. Xüsusilə, Almaniyanın lokomotivlik etdiyi bu ittifaq dollara qarşı avro pul vahidini yaradaraq, dollara bağlılıqdan xilas olmağa çalışır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.