“Maliyyə nazirinə atəş Bakıdan açılıb” - şok iddia

15-03-2016, 10:03           
“Maliyyə nazirinə atəş Bakıdan açılıb” - şok iddia
“Üçqat agent” qalmaqalında Eldar Mahmudov “qovluğu”; Tanınmış jurnalist Eynulla Fətullayev Samir Şərifova qarşı kompromat materiallarının Yuri Şvetsə ötürülməsini sabiq milli təhlükəsizlik nazirinin təşkil etdiyini iddia edir və həbsinin istəyir: “MTN-də baş verən bunca cinayətlərə rəğmən o, hələ də azadlıqdadırsa, niyə müqavimət göstərir? Onu danışdıran və arxasında duran qüvvələr kimdir?
Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikada maliyyə analitiki kimi fəaliyyət göstərən Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə müsahibəsində maliyyə naziri Samir Şərifovu üç ölkənin-Rusiya, Türkiyə və ABŞ-ın “ağenti” adlandırmasından sonra mediada ən müxtəlif versiyalar müzakirə edilməkdədir. Əsas versiyalardan biri budur ki, maliyyə naziri baş nazirlik uğrunda mübarizədə əsas simalardan biri olduğu üçün hədəf seçilib.

Hakimiyyətin bu məsələdə susqunluğu daha bir versiyanı aktuallaşdırıb - manatın dəyərdən düşməsi iqtisadi-maliyyə siyasətində yaranmış gərginliyin səbəbkarı kimi maliyyə naziri bu qalmaqal bəhanəsi ilə qurban verilə bilər. Üçüncü versiya isə Beynəlxalq Bankdakı mənimsəmə qalmaqalında Samir Şərifovun adının da hallanmasıdır.

Naziri hədəfə gətirən üç versiya

“Yeni Müsavat” ötən həftəsonu “Samir Şərifov baş nazirliyin bir addımlığında imiş...” başlıqlı manşet yazısında əsasən üçüncü versiya üzərində dayanmışdı. Həmin yazıdan bir sitatı xatırladaq: “Beynəlxalq Bankdakı mənimsəmə qalmaqalı ortaya çıxanda Samir Şərifov ”sudan quru çıxdı". İndi Eldar Mahmudov evdə, Cahangir Hacıyev Kürdəxanıda dustaqdır. Mahmudov susur, Cahangir Hacıyev isə həbsdən Samir Şərifovu ittiham edir. Amma bu ittihamların heç biri, hətta devalvasiyaya görə sərt qınaqlar belə Samir Şərifovun tükünü tərpətmədi, mövqeyinə təsir etmədi. İndi isə nazir gözlənilmədən ən sərt ittihamlar qarşısındadır. Diqqət etsək, bu Beynəlxalq Bankda mənimsəmə qalmaqalı ortaya çıxandan sonra “trioda” yeganə salamat qalan Samir Şərifov idi. Korrupsiya ittihamı nədir ki? Oğulsan, buna döz..." Həmin məqalə “olmaya ölkəni elə içəridə oturub Amerikadan qarışdırırlar...” cümləsi ilə yekunlaşırdı.

Atəş Bakıdan açılıb, bəs əmri kim verib?

Martın 14-də haqqın.az saytının və virtualaz.org saytının təsisçisi Eynulla Fətullayev Samir Şərifova yönəlik ittihamlarla bağlı prezident İlham Əliyevə sensasion müraciət edib. E.Fətullayev əldə etdiyi özəl informasiyalara və apardığı təhlillərə əsasən S. Şərifovun “üçqat agent” olması barədə dosyenin keçmiş KQB zabiti, hazırda ABŞ-da fəaliyyət göstərən Yuri Şvetsə ötürülməsini təşkil edən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olduğunu yazıb. Jurnalist yazır ki, E.Mahmudovun mütəşəkkil cinayət qruplaşmasının üzvlərinin əksəriyyəti zərərsizləşdirilsə də, o, hələ də azadlıqdadır və dövlətə qarşı təxribat əməllərini davam etdirir.

“Niyə məhz Samir Şərifov” sualına cavab axtaran müəllif yazır: “Samir Şərifov ölkənin siyasi rəhbərliyinə daxil deyil, xarici siyasətin formalaşmasına, beynəlxalq istiqamətin müəyyənləşdirilməsinə və xarici siyasət seçiminə təsir göstərmir. Güclü dövlətlərin xüsusi xidmət orqanları belə şantaj növünə yalnız ən müstəsna hallarda əl atırlar ki, ölkənin taleyində həlledici rola malik qərarların qəbul edilməsi öncəsi nüfuzlu şəxsə təzyiq göstərsinlər. Şərifov isə bu cür addımlara görə cavabdeh simaların siyahısına daxil deyil.
Bundan əlavə, S.Şərifov qərbyönümlü şəxs kimi tanınır və ölkə iqtisadiyyatının sürətli islahatlarının tərəfdarıdır. Eyni zamanda məhz o, Beynəlxalq Bankdakı korrupsiya piramidasının ifşa olunmasında və Cahangir Hacıyev başda olmaqla, “kredit oliqarxları” işinin başlanmasında başlıca rol oynayıb. Bax indi biz, deyəsən, S.Şərifova qarşı bu təxribatın əsas səbəbinə yaxınlaşdıq.

Beləliklə, azərbaycanlı nazir nə Qərbə, nə Rusiyaya, nə İrana, nə də Türkiyəyə mane olmurdu. Bu işdə xarici iz, həm də sifarişin çox primitiv səviyyədə icra edilməsini nəzərə alsaq, tamamilə nəzərdən çıxarılmalıdır. Nəhayət, çox nümunəvidir ki, Şvetsin səs-küylü çıxışı sosial şəbəkələrin Azərbaycan seqmentində məhz o gün tirajlanmağa və yayılmağa başlayır ki, həmin gün heç bir şeydən xəbəri olmayan S.Şərifov xüsusi vacib missiya ilə ABŞ-a yollanır. Cənub Qaz Dəhlizi (TAP) layihəsi nəinki Azərbaycan üçün, həm də Qərb üçün, ilk növbədə bu meqalayihəni Avropanın energetik və geoiqtisadi təhlükəsizliyinin zəmanəti kimi açıq şəkildə dəstəkləyən ABŞ hökuməti üçün strateji əhəmiyyətə malikdir.

Hazırda nümayəndə heyətinin başçısı kimi S.Şərifov dünyanın maliyyə mərkəzlərində - Londonda, Nyu-Yorkda, Los-Ancelesdə, San-Fransiskoda, Bostonda TAP layihəsi üçün istiqrazların “road-show”sunu (ilk nümayişini) keçirir. Bununla birgə, qiymətli kağızların yerləşdirilməsi üzrə səlahiyyətli təşkilatlar kimi aparıcı Amerika bankları - Citi Bank, UniCredit və JP Morgan müəyyən olunub, Lazard FreresSAS şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi kimi çıxış edir. Daha hansı arqumentlər lazımdır ki, bu çirkin, həddən artıq qarışıq, amma şok effekti yaradan işin əsl səbəbini müəyyən edəsən? Birmənalı olaraq, Samir Şərifova atəş Bakıdan açılıb!"

Məqalənin sonunda E.Fətullayev prezident İlham Əliyevə müraciət edir. Müraciətdə deyilir: “MTN-dəki mütəşəkkil cinayətkar qruplaşma ilə bağlı situasiya Sizin üçün şübhəsiz ki, bizlərdən daha ağrılı və məyusedicidir. Axı etibar etdiyiniz, dövlətin təhlükəsizliyinin, maliyyə sisteminin taleyini həvalə etdiyiniz adamlar Sizə qarşı satqınlıq ediblər. Eldar Mahmudov və Cahangir Hacıyev təkcə Sizi yox, bütün Azərbaycanı satıblar. Yalnız Sizin qətiyyətiniz, dönməz siyasi iradəniz sayəsində Azərbaycan xalqı bu cəhənnəm məkanından-sosial nifrət və quldurluq aşılayan bu strukturdan xilas oldu. Bu quldur yığınının zərərsizləşdirilməsindən sonra ölkə necə də azad nəfəs aldı. Lakin düzünü desəm, ölkə ictimaiyyəti bu kriminal qruplaşmanın lideri Eldar Mahmudovun hələ də azadlıqda dolaşmasını, dövlətimizin dayaqlarını sarsıdan fəaliyyətini davam etdirməsini başa düşə bilmir.

Birmənalıdır ki, maliyyə naziri Samir Şərifova qarşı təxribatın, eləcə də bir çox digər cinayətlərin arxasında Eldar Mahmudov dayanır! Bu, təkcə xalqa qarşı çağırış deyil, Sizin şəxsinizdə bütün xalqa qarşı çağırışdır! Bütün bunlar göstərir ki, məhz Eldar Mahmudov Azərbaycanda əsas dağıdıcı qüvvəyə çevrilib. Düzdür, onun başçılıq etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın böyük hissəsi həbs olunub, lakin 10 il ərzində bu qrupa rəhbərlik edərək, deyəsən, öz cəzasızlığına və günahlarının bağışlanacağına şübhə etmədən o, hakimiyyətlə açıq mübarizəyə başlayıb.

Bunlar üzdə olanlardır: Mahmudov Samir Şərifova deyil, Sistemə, Prezidentə, Dövlətə və bütün hakim sinfə qarşı çıxıb. Bu, bir nazirin nüfuzunun qaralanması cəhdi deyil, ölkənin dövlət maraqlarına zərbədir!

Sizdən və Sizin şəxsinizdə dövlətimizdə möhkəm yer tutmuş yüksək ədalətdən səmimi şəkildə xahiş edirəm ki, bu şər qüvvənin törətdiyi cinayətlərə görə qanunun bütün ciddiyyəti ilə cəzalandırılmasını təmin edəsiniz!"

Eldar Mahmudov niyə müqavimət göstərir?

Eldar Mahmudovun keçmiş KQB zabitinə bu cür kompromat materiallar ötürə bilməsi realdır. Çünki məlumatlar var ki, məhz Beynəlxalq Bankda üzə çıxan maliyyə yeyintiləri E.Mahmudovun sonrakı taleyində həlledici rol oynayıb. Beynəlxalq Bank qalmaqalı olmasaydı və bu işdə Eldar Mahmudov adı əsas fiqurant kimi keçməsəydi, yəqin ki, MTN-dəki cinayətlər də indilikdə üzə çıxmayacaqdı. Məlumdur ki, 2015-ci ilin mart ayının 18-də Cahangir Hacıyev Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən “səhhətində yaranmış problemlərə” görə istefa vermişdi. C.Hacıyevin həbsi dərhal gündəmə gəlsə də, onu hakimiyyətdə ən ciddi dayağı olan qudası Eldar Mahmudov qoruyurdu. Müşavirələrin birində prezident ad çəkməsə də, belə bir fikir işlətmişdi ki, bəzi vəzifəlilər yaxın adamlarının cinayətlərini ört-basdır etməyə çalışırlar. Mayda başlayan “Beynəlxalq Bank işi”nə görə bir sıra oliqarxlar həbs olundu, amma C.Hacıyev arxalı adamına söykənərək müqavimət göstərdi, məsuliyyəti təkcə həbsdəkilərin deyil, o cümlədən Beynəlxalq Bankda əsas səhmdarlara nəzarət edən maliyyə nazirinin üzərinə yönəltməyə çalışdı. Samir Şərifov da Beynəlxalq Bankla bağlı danışarkən daima dövləti talayanların məsuliyyətini “o vaxtkı rəhbərliyin səhv maliyyə siyasəti” ilə izah edirdi.

Beynəlxalq Bankdakı talama prosesində Eldar Mahmudovun hansı dərəcədə iştirak etdiyi hələ də rəsmən açıqlanmayıb, çünki MTN şefi barədə rəsmi cinayət işi belə yoxdur. Amma əgər deyilən doğrudursa, yəni Samir Şərifov Cahangir Hacıyevin ifşasında əsas rol alıbsa, Eldar Mahmudov da tifaqının dağılmasında məhz maliyyə nazirini suçlu görə bilərdi. Sabiq səfir Arif Məmmədov agent qalmaqalından dərhal sonra iddia edib ki, Eldar Mahmudov “Azərbaycanda dövlətə qarşı işləyən şəbəkə”nin-yəni Samir Şərifov da daxil qrup haqda prezidentə məruzə edib. Belə bir görüşün olub-olmaması barədə dəqiq bilgi heç kimdə yoxdur. Amma mümkündür ki, Samir Şərifov haqda indi yayılmış məlumat məhz Eldar Mahmudovun qovluğunda olub. Hətta o da mümkündür ki, Eldar Mahmudov məhz bu şantaj materiallına görə görəvdən alınıb, hakimiyyətin içində qarışıqlıq salmaq niyyətinin qarşısı alınıb. Yada salaq ki, E.Mahmudov vəzifədən çıxarılandan sonra onun bir çox iş adamının şantaj etdiyi, yuxarı instansiyalara vəzifəli şəxslər barəsində “donos” xarakterli məlumatlar ötürdüyü üzə çıxıb. Ona görə də Eldar Mahmudovun və qudasının əsas düşməninə çevrilmiş maliyyə nazirinin bu cür hədəfə çevrilməsi versiyası inandırıcıdır.

Amma “Eldar Mahmudov suçludur” deməklə iş bitmir, əksinə, ortaya yenə suallar çıxır. Ləğv olunmuş MTN-də əsas general heyəti həbsdə və ya işdən qovulduğu halda, Eldar Mahmudovu doğrudan da niyə indiyədək həbs etmirlər? Daha bir maraqlı sual da var: Eldar Mahmudov MTN-də baş verən bunca cinayətlərə rəğmən hələ də azadlıqdadırsa, niyə müqavimət göstərir? Niyə dinc oturmur? E.Mahmudovun təsir imkanları qalmayıbsa, taleyi ilə barışmaqdansa, niyə hələ də içərisindən atıldığı hakimiyyətə qarşı çıxır?

Onu danışdıran və arxasında duran qüvvələr kimdir?

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.