Yeni gömrük rüsumundan sonra MAĞAZALARDAKI QİYMƏTLƏR

3-11-2016, 19:47           
Yeni gömrük rüsumundan sonra MAĞAZALARDAKI QİYMƏTLƏR
Bu gündən başlayaraq Azərbaycana idxal ediləcək bəzi ərzaq məhsullarına yüksək gömrük idxal rüsumları tətbiq olunacaq. Bu siyahıya toyuq əti və ət əlavələri yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.

Hafta.az-ın verdiyi xəbərə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.

Bu gün paytaxtdakı mağazalarda xaricdən gətirilən ərzaq məhsullarının qiymətlərində hər hansı qiymət artımının olub-olmaması ilə maraqlandıq.

“Rahat” marketlər şəbəkəsinin “İnşaatçılar” filialından bildirdilər ki, satışda olan alma, armud, qoz, toyuq və mal əti, yumurta, kimi məhsulların demək olar ki, hamısı yerli məhsullardır. Yerdə qalan portağal, banan, kivi, ananas və bir sıra meyvə şirələri, qırmızı kartof (Hollandiya növü) xaricdən gətirilir. Mağazadan həmçinin bildirildi ki, sonuncu dəfə gətirilən ərzaq məhsulları və xarici meyvələr təxminən beş gün öncə anbarlara yığılıb. Ona görə də, hələlik yeni qiymət artımları tətbiq olunmayıb. Qarşıdakı bir-iki gün ərzində də adıçəkilən marketlərdə sakinlər həmin məhsulları köhnə qiymətlərlə ala biləcəklər.

Spirtli içkilərin qiyməti qalxdı…

“Bizim market” brendi altında fəaliyyət göstərən marketlərdə isə artıq qiymət artımları hiss olunmağa bağlayıb. Belə ki, “Mont blanc”, “Anbarnaya”, “Finlandia”, “Zolotoy kalçso”, “Standart" markalı spirtli içkilərin qiyməti təxminən 10-15 faizarası qalxıb. Belə ki, yeni rüsumun tətbiqindən əvvəl 22 manat olan “Finlandia” arağı 26 manat 50 qəpik olub. Əvvəl 0,5 ölçülü “Zolotoy kalçso”, “Standart” markalı araqların qiyməti 9-11 manat arasında dəyişirdisə, həmin növ spirtli içkilər müvafiq olaraq 11-14 manata satılır.

Yeni gömrük rüsumundan sonra

Toyuq və ət məhsulları…

Mağazada toyuq və ət məhsulları demək olar ki, əvvəlki qiymətə satılır. Yalnız xaricdən gətirilən filenin (toyuğun döş əti) qiymətində müəyyən dəyişiklik var. Belə ki, əvvəl 4,45 manat olan sinə ətinin bir kiloqramı indi 4,95 manat olub. “Rahat”da olduğu kimi “Bizim market”də də yumurta və digər ət məhsullarının hamısı yerlidir. Ona görə də, qiymətlər əvvəlki qaydada tənzimlənir.

Qoz-fındıq, alma…

Qoz və fındığın qiyməti isə dəyişməz qalıb. Satıcılar bunu adıçəkilən məhsulların yerli olması ilə əlaqələndiriblər. Hazırda bazarda qoz 7, fındıq 8 manat 50 qəpiyə alıcılara təklif olunur.

Banan, kivi, ananas, portağal…

Əsasən xarici ölkələrdən Azərbaycana idxal olunan banan, kivi, ananasın qiyməti bugünlük dəyişməz qalıb. Yalnız portağalın qiymətində cüzi dəyişmə var. Belə ki, əvvəl bir kiloqramı 1.90 azn-ə alıcılara təklif olunan bu subtropik meyvə hazırda 2 manat 10 qəpiyə satılır. Satıcıların sözlərinə görə, bu məhsulların satışı hazırda çox zəifdir. Qiymət bahalaşması isə təxminən üç-dörd gündən sonra hiss olunmağa başlayacaq. Əsas bahalığın isə Yeni il ərəfəsində olacağı gözlənilir.

Ərəbistan və İran xurmaları kimi tanınan məhsulların da qiymətində hələlik bir dəyişiklik hiss olunmur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.