Brejnev tələb etdi, kosmik gəmi qəzaya uğradı, kosmonavt həlak oldu - müəmmalı uçuşun sirri...

23-04-2019, 19:46           
Brejnev tələb etdi, kosmik gəmi qəzaya uğradı, kosmonavt həlak oldu - müəmmalı uçuşun sirri...
Leonid İliç Brejnev 1967-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 50 illik yubileyi ərəfəsində Sov.İKP Siyasi Bürosunun üzvləri, kosmonavtlar və kosmosa uçuşla bağlı müvafiq qurumların rəhbərləri ilə geniş iclas keçirir. Baş katib yubiley münasibətilə kosmonavtların yeni bir uğura imza atmasının arzusunda olduğunu söyləyir.

O, hətta bu uğurun nədən ibarət olmasını da müşavirə iştirakçılarına peşəkar səviyyədə izah edir:“İki kosmik gəmi kosmosda görüşməli, kosmonavtlar açıq fəzaya çıxaraq, bir-birlərinin gəmilərinə keçməlidirlər. Mütəxəssislər baş katibi əmin edirlər ki, proqramın həyata keçirilməsi mümkündür. Brejnev onlara uğurlar arzulayaraq, işə başlamaları barədə göstəriş verir…”

Həqiqətən də Brejnevin təklifinin həyata keçirilməsi mümkün məsələ sayılıb. Amma bu işə kifayət qədər vaxt tələb olunması ilə bağlı heç kim cəsarət edib, Brejnevə bir söz deməyib. Hazırlıq və təlim məşqlərinin keçirilməsi müddəti çox qısa olub.

Proqramın həyata keçirilməsi belə planlaşdırılıb: Birinci uçuşu “Soyuz 1” gəmisində Vladimir Komarov həyata keçirir, bundan sonra “Soyuz 2” gəmisi uçuş edir və onlar kosmosda görüşürlər, kosmonavtlar açıq fəzaya çıxaraq, gəmilərində yerdəyişmə həyata keçirirlər.

Uçuşların bu qədər qısa müddət ərzində uğurlu olmasına heç kim inanmayıb. Təlim-uçuş Mərkəzində böyük gərginliklər yaşanıb. Komarova ciddi təkidlər olunub ki, uçuşdan imtina etsin.



Kosmonavt isə bu təkidlərə belə cavab verib: “Mənim imtina etməyim heç nəyi dəyişməyəcək. “Soyuz 1”-in ehtiyat kosmonavtı Yuri Qaqarindir, mənim əvəzimə onu göndərəcəklər, mən isə bir dost kimi onu çətin vəziyyətə sala bilmərəm...”

Yuri Qaqarin bir-neçə dəfə Brejnevlə görüşməyə cəhd etsə də, bunun qarşısı alınıb, bu görüşün məqsədəuyğun olmadığını ona başa salıblar.

Uçuşa bir gün qalmış konstruktorlar kosmik gəmini test edərkən nə az, nə çox, irili-xırdalı 203 nöqsan aşkar ediblər. Amma onlara da bu haqda danışmaq qəti qadağan edilib.



24 aprel 1967-ci ildə Komarovun “Soyuz 1” gəmisinin uçuşuna start verilib. Elə ilk dəqiqələrdən nasazlıqlar özünü büruzə verməyə başlayıb. İlk olaraq Günəş batareyalarının panelləri açılmayaraq, sıradan çıxıb. Daha sonra naviqasiya cihazları bir-bir sönməyə başlayıb, sürət və temperatur rejiminin tənzimlənməsində problemlər yaranıb. Bütün bunlara yerdən nəzarət olunarkən artıq “Soyuz 2” gəmisinin uçuşa buraxılması mənasız sayılıb. Komarovun bütün cəhdlərinə baxmayaraq, gəminin idarə olunması hər saniyə çətinləşib. Uçuşun idarəetmə məntəqəsindən Komarova mümkün olan ilk andaca uçuşu sona çatdırmaq tövsiyyə edilib. Uçuşun idarəetmə məntəqəsindəki göstəricilər Komarovun sağ qalmasına heç bir ümid yeri buraxmayıb.

SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin məntəqəyə gələrək, kosmonavtla videoəlaqəyə girib və yalnız bir cümlə deyə bilib: “Vladimir Mixayloviç, siz əsl qəhrəmansınız...”



Həyat yoldaşı Komarovla danışanda və soruşanda ki, “Mən uşaqlara nə deyim”, Kosıgin hönkürməkdən özünü saxlaya bilməyib.

Bu danışıqlardan sonra rabitə əlaqəsi də kəsilib. Komarov daha 5 saat fəzada qalıb, eniş etmək istəyəndə paraşüt sistemləri işləməyib. Kosmonavt 7 kilometr hündürlükdən Orenburq vilayəti ərazisində torpağa çırpılıb.

Müxtəlif və fərqli versiyalar mövcud olsa da, bu günə qədər Komarovun uçuşunun belə tələskənliyi, müəmması, vaxtında Kreml rəhbərliyinə real vəziyyətin məruzə edilməməsin səbəbi sirr olaraq qalır.

40 yaşlı Vladimir Komarovun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək üzərinə xatirə lövhəsi vurulub.

Qeyd edək ki, Vladimir Komarov 1927-ci ildə Moskvada anadan olub. Atası mənzil-kommunal sahəsində süpürgəçi işləyib. Təhsilləri olmayan valideynlərin ən böyük arzusu övladlarını oxutmaq olub. Komarov orta təhsilini başa vurduqdan sonra orta ixtisas hərbi məktəbində, daha sonra isə Serov adına Ali Hərbi Aviasiya məktəbində təhsil alıb. 1960-cı ilə qədər ayrı-ayrı hərbi hissələrdə xidmət edən Komarov həmin il martın 7-də Kosmonavtlar Dəstəsinə qəbul edilib.

Komarov ilk uçuşunu 12-13 oktyabr 1964-cü ildə “Vosxod 1” gəmisində həyata keçirib. 24 saat 17 dəqiqə 3 saniyə davam edən uğurlu uçuşdan sonra kosmonavt Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub. Komarov eyni ada ikinci dəfə ölümündən sonra layiq görülüb.



Komarov 1949-cu ildə Qroznıda xidmət etdiyi dövrdə Valentina adlı qadınla ailə həyatı qurub. Tanışlıqları isə fərqli olub. Komarov sənəd üçün fotoatelyeyə şəkil çəkdirməyə gedəndə atelyenin pəncərəsinə yapışdırılmış bir qız şəkli görüb.

Fotoqrafdan onun kim olduğunu soruşub. Dəqiq tanımadığından fotoqraf yalnız Komarova bir məlumatı verə bilib ki, qız pedaqoji institutda oxuyur. Komarov bir neçə müddət həmin institutun qarşısında tələbələri müşahidə etməyə başlayıb və nəhayət, şəkildəki qızı tapıb. Tanışlıqdan altı ay sonra ailə qurublar, cütlüyün bir qızı və bir oğlu dünyaya gəlib.



Vladimir Komarovla Yuri Qaqarinin sıx dostluqları olub. Komarovun həlak olmasından sonra Qaqarin bir il ərzində - öz müəmmalı ölümünə qədər həmkarının ailəsinin qayğıları ilə maraqlanıb, ortaya çıxan problemlərini həll edib...

İlham Cəmiloğlu,
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.