Villada hazırlanan çevriliş planı: Generallar Paşinyana qarşı

25-05-2019, 20:55           
Villada hazırlanan çevriliş planı: Generallar Paşinyana qarşı
Qarabağ separatçıları ilə İrəvan hakimiyyəti arasında gərginlik artan templə davam edir.

“Qarabağ klanı”nın dəstəkçiləri Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyanın onlara olan münasibətini qəbul etmir, mövqelərini gücləndirmək üçün təzyiq göstərməyə çalışırlar. Ermənistanın ikinci prezidenti, “Qarabağ klanı”nın rəhbəri hesab olunan Robert Köçəryanın həbsdən azad olunması da Rusiyanın dəstəyi ilə separatçıların mərkəzi hakimiyyətə göstərdiyi təzyiqin nəticəsi kimi şərh olunur. Separatçılarla Paşinyanın qarşıdurmasının hərbi müdaxliəyə keçəcəyi ilə bağlı iddialar da var və görünən odur ki, proses məhz buna doğru gedir.

Ermənistanın "Jamanak” qəzeti də bu iddia təsdiq edən informasiya yayıb. Belə ki qəzetin yazdığına görə, Qarabağdan olan generallar Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər. "Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan generallar bir villaya toplaşıblar. Görüşü separatçı rejimin "müdafiə naziri”nin keçmiş müavini Samvel Karapetyan təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur - red.) da iştirak edib” -deyə, qəzet yazıb.

Maraqlıdır, Qarabağ “generalları”nın bu istəyinin reallaşması mümkündürmü? Onlara bu dəstəyi kim verir?

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə şərhində Paşinyanın devrilməsi məsələsinin real olmadığını deyib:

“Çünki Paşinyan küçədən gəlib və xalqdan dəstəyi var. Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında çox ciddi ziddiyyət var. Bu ziddiyyət isə getdikcə daha da dərinləşir. Paşinyan Qarabağ ermənilərinin əksəriyyətini hakimiyyətdən sıxışdırıb çıxardıb. Onların çoxu Serj Sarkisyanın ətrafına toplaşıb. Sözsüz ki, onlara dəstəyi Moskva verir. Birmənalı olaraq burada Moskvanın dəsti-xətti görünür. Robert Köçəryanın da həbsdən buraxılması Paşinyanın iradəsindən kənar baş verdi. Ermənistanın küçələrindəki bütün bu gərginlik də Köçəryanın həbsdən buraxılması ilə əlaqədardır. Bunun başqa adı yoxdur. Paşinyanın devrilməsi məsələsinə gəlincə isə, artıq o dövr arxada qalıb. Bu gün Ermənistanın müdafiə naziri David Tonayan Paşinyanın dedikləri ilə oturub-durur. Baş qərargah rəisi, aparıcı idarələrin rəhbərləri də, həmçinin. Hər ikisini vəzifəyə Paşinyan gətirib. Separatçılar isə hər zaman Moldovada, Gürcüstanın, Ukraynanın işğal olunmuş ərazilərində olanlar kimi özlərinə vurğundurlar. Zaxarçeva, Givi var idi ki, Rusiya onlara əvvəl dəstək verdi, sonra da aradan götürdü. Qarabağ generallarından da birini istənilən vaxt Moskvaya çağırıb təlimat da verə, aradan da götürə bilərlər. Generallar and içə bilərlər, amma Paşinyanın devrilməsini real hesab etmirəm”.

Üzeyir Cəfərov sonda bildirib ki, Nikol Paşinyan and içən Qarabağ generallarını cəzalandıracaq:

“Paşinyan çox kinli adamdır. Ona görə də onun ictimailəşən bu məlumatla bağlı yəqin ki, müəyyən cavab addımları olacaq. Necə ki, Samvel Babayanla, erməni cəllad Qriqoriyanla və digərləri ilə bağlı necə qərar verdisə, bu generalların da aqibəti o cür olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.