Şəhər meri əlil qiyafəsində meriyaya gəldi və gördüklərinə inanmadı

14-07-2019, 21:46           
Şəhər meri əlil qiyafəsində meriyaya gəldi və gördüklərinə inanmadı
Meksikanın Çiuaua ştatındakı Kuautemok şəhər meri şablonları qırmağa qərar verib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, mer ölkədəki korrupsiya faktlarına və məmur özbaşınalığına göz yummaq əvəzinə gerçəkdən vətəndaşların qeydinə qalıb.

Mer Karlos Tena şəhərdəki əlillərin problemlərinin həlli məsələsində xeyli narahat idi. Əlillər iddia edirdilər ki, sosial xidmətlər öz öhdəliklərini yerinə yetirmirlər və onlar problemlərlə bağlı daha yüksək instansiyalara müraciət etmək istəyəndə bunun qarşısı alınır. Tena bu şikayətlərlə bağlı sözügedən qurumların nümayəndələri ilə söhbət aparanda isə sonuncular əlillərin onlara şər atdığını, səlahiyyətlərini tam yerinə yetirdiklərini bildiriblər. Odla su arasında qalan Tena isə bu düyünü çözmək üçün maraqlı bir ssenari düşünüb.

Tena bu təcrübəni şəxsən öz nümunəsində yaşamaq üçün iki ay boyunca hazırlıq görüb. O, özünə inandırıcı qrim, fərqli mimika seçib və əlil arabası tapıb. Bu əməliyyatda ən vacib olan tanınmaz qalmaq idi.

Bütün bunları edəndən sonra mer Tena əlil arabasına oturub və Sosial İnkişaf idarəsinə gedib. Bomj-əlil kimi qrimlənmiş mer orda işçilərdən pulsuz nahar istəyib. Şəhər qanunlarına görə, bu tələb tamamən qanunidir. Tenanın bildirdiyinə görə, idarənin işçiləri onun bu istəyini rədd ediblər, özü də kobudcasına.

Bundan sonra mer öz ofisinə - meriyaya gedib. Bomj-əlil qiyafəsində meriyaya gələn mer işçilərinə az öncə yaşadıqları ilə bağlı vətəndaş kimi şikayət edib, ondan ərizə qəbul etmələrini istəyib. O, eyni zamanda merlə görüşmək istədiyini də deyib. Ona təbii olaraq, merin yerində olmadığını deyiblər. “Bomj” bu dəfə də şəhər merinin köməkçisi ilə görüşmək istədiyini deyib. Çünki sonuncunun funksiyası birbaşa əhalinin şikayətlərini dinləməkdir. Amma bu dəfə də ona 1.5 saat gözləməyi tapşırıbıar.

Meriyanın binasında gözləyən zaman onun müşahidə etmək imkanları da olub. O, işçilərinin sadə vətəndaşlarla necə davrandığını, süründürməçiliyə yol verdiyini görüb. Halbuki Tenanın siyasətinin əsas tezisi meriyada bütün vətəndaşlara bərabər imkanların yaradılmasıdır.

Beləcə, merin şəxsi araşdırması onu sözün pis mənasında təəccübləndirib. Amma şəhər əhalisi ümid edir ki, merin təəccübünün müsbət nəticələri olacaq və bundan sonra müvafiq qurumlar əhalinin müraciətlərinə daha məsuliyyətlə yanaşacaqlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.