Britaniya ilə Avropa İttifaqı arasında yeni Brexit razılaşmasında nələr var?

17-10-2019, 20:22           
Britaniya ilə Avropa İttifaqı arasında yeni Brexit razılaşmasında nələr var?
Avropa liderlərinin cümə axşamı günü Brüsseldə nəzərdə tutulan görüşündən qabaq Britaniya və Avropa İttifaqının danışıqlar qrupu razılaşma əldə edib.

"Biz nəzarəti geri qaytaran "mükəmməl yeni anlaşma" əldə etdik", Baş nazir Boris Johnson Twitterdə yazıb.

Britaniyanın Aİ-dən çıxmasına dair Brexit razılaşması əvvəlcə tərəflərin parlamentlərinin müzakirələrindən keçməlidir.

Həm Jean-Claude Juncker, həm də cənab Johnson öz parlamentlərini razılaşmanı dəstəkləməyə çağırıb.

"Mən istənilən uzadılmanı istisna edirəm", Avropa Komissiyası prezidenti Jean-Claude Juncker Britaniyanın Baş naziri Johnsonla görüşdükdən sonra jurnalistlərə bildirib.

"Razılıq varsa vəssalam, uzadılmaya ehtiyac yoxdur. Bu, britaniyalıların fikridir və mən də belə düşünürəm", avropalı rəsmi bildirib.

Sakit! Sakit! - Britaniya demokratiyasının qəribə adətləri
Brexit: Britaniyanın Aİ-dən çıxışına dair sadə bələdçi
"Sakit olun!" Britaniya parlamentinin spikerinə güclü səs niyə lazımdır?
Bu razılaşmanın Parlamentdə qəbul olunması üçün Demokratik Birlik Partiyasının (DUP) dəstəyi vacibdir.

DUP yeni sənədi dəstəkləməyəcəklərini açıqlayıb.

BBC müxbiri Vicki Young deyir ki, DUP-dan olan deputatlar təklifi müzakirə etmək üçün İcmalar palatası ilə görüşüb, amma təklifə səs verməyəcəklər.

Şimali İrlandiya partiyası daha əvvəl yaydığı bəyanatda deyib ki, təklifləri "olduğu kimi" dəstəkləyə bilməyəcəklər. Baş nazirin açıqlamasından sonra isə partiya "bəyanatlarının qüvvədə olduğunu" açıqlayıb.

Leyboristlər partiyasının lideri Jeremy Corbyn sazişin Baş nazirin sələfi Theresa May-in irəli sürdüyündən daha pis olduğunu və millət vəkilləri tərəfindən "rədd edilməli" olduğunu söyləyib.

Avropa Komissiyasının sədri Jean-Claude Juncker bunu "ədalətli və balanslı razılaşma" adlandırıb.

Baş nazirin iqamətgahından olan mənbə BBC-nin siyasi redaktoru Laura Kuenssberg-ə deyib ki, cənab Johnson Aİ liderlərindən Brexit müddətinin 31 oktyabr-a qədər uzadılması tələbini rədd etməsini istəyəcək.

Deputatların sentyabr ayında qəbul etdikləri qanuna görə, parlament üzvləri razılaşma əldə etməsə və ya Aİ-ni razılaşmasız tərk etməyi qərara almasa, o zaman Baş nazir 19 oktyabrda müddətin uzadılmasını istəyə bilər.

Millət vəkilləri növbəti addımları müzakirə etmək üçün şənbə günü İcmalar Palatasında əlavə bir iclas keçirib-keçirməmək barədə səs verəcəklər.

Kabinetin Aparat naziri Michael Gove iclasın təsdiqlənəcəyi təqdirdə hökumətin sazişlə bağlı səs verəcəyini söyləyib.

O, "məğlubiyyəti düşünmədiyini, amma planın millət vəkillərinin dəstəyini almadığı təqdirdə, alternativin [Aİ-ni -red.] razılaşma olmadan tərk etmək olduğunu" deyib.

Yeni razılaşmanın əsas maddələri: nə dəyişib, nə dəyişməz qalıb?

Nə dəyişməz qalıb?
İngiltərə 2020-ci ilin sonunadək və bəlkə də daha uzun müddətdə Aİ-nın qaydalarına riayət etməyə davam edəcək. Bu, sahibkarlığın tənzimlənməsinə görə ediləcək.
Böyük Britaniya hələ də təqribən 39 milyard funt sterlinqlik "boşanma pulu" ödəyəcək
İngiltərədə yaşayan Aİ vətəndaşlarının və Aİ-da yaşayan Böyük Britaniya vətəndaşlarının hüquqları təmin ediləcək
Dəyişiklər nə olub?
Şimali İrlandiya Aİ-nın vahid bazarına uyğunlaşdırılacaq
Tənqidçilərin İngiltərəni Aİ ilə gömrük ittifaqında qeyri-müəyyən müddətə saxlaya biləcəyindən ehtiyat etdiyi mübahisəli "backstop" yığışdırılıb
Şimali İrlandiya İngiltərənin gömrük ərazisinin bir hissəsi olaraq qalacaq, buna görə də Brexit-dən sonra hökumətin gələcək ticarət sövdələşmələrinə daxil ediləcək.
Lakin Şimali İrlandiya Aİ-nın gömrük zonasına giriş nöqtəsi kimi qalacaq. Böyük Britaniya Şimali İrlandiyaya daxil olan və sərhəddən çıxarılmayacaq məhsullara tariflər tətbiq etməyəcək.
Birgə Aİ / İngiltərə komitəsi hansı malların vahid bazara girmə riski altında olacağına qərar verəcək və İngiltərə Aİ adından Aİ-nın tariflərini toplayacaq.
2017-ci ilin yanvar ayından etibarən dayandırılmış Şimali İrlandiya Məclisi hər dörd ildən bir yeni ticarət tənzimləmələrinə davam edib-etməyəcəyinə dair səsvermə keçirəcək.
Qərar həm ittifaqçıların, həm də millətçilərin əksəriyyətinin bu qaydaları dəstəkləmələrini tələb etmək əvəzinə, sadəcə çoxluğa əsaslanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.