BMT: Turizmin çökməsi dünya iqtisadiyyatına 3,3 trilyon dollara başa gələcək

2-07-2020, 09:59           
BMT: Turizmin çökməsi dünya iqtisadiyyatına 3,3 trilyon dollara başa gələcək
Pandemiya səbəbindən turizm sektorundakı böhran 12 aya qədər davam edərsə, dünya iqtisadiyyatının itkiləri 3,3 trilyon dollara çata bilər. Banker.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) çərşənbə günü nəşr olunan hesabatında deyilir.

Vurğulanır ki, “dünya turizm sektoru koronavirus pandemiyası səbəbindən demək olar ki, dörd ay ərzində durğunluq yaşayır və bu 1,2 trilyon dollar (ÜDM-nin 1,5%-i) itki deməkdir”. Eyni zamanda, mütəxəssislərin fikrincə, böhran səkkiz ay davam etdiyi təqdirdə, bu itkilər 2,2 trilyon dollara qədər artacaqdır. “UNCTAD-ın proqnozlarına görə, ən pis halda pandemiya 12 ay davam edə bilər və bu da 3,3 trilyon dollar (ÜDM-nin 4,2%-i) itkiyə səbəb olacaqdır”, – hesabat müəllifləri bildirirlər.

“Kiçik ada dövlətləri kimi bir çox ölkə üçün turizmin çökməsi onların inkişaf perspektivlərinin çökməsi deməkdir və buna yol vermək olmaz”, – UNCTAD-ın beynəlxalq ticarət şöbəsinin direktoru Pamela Kouk-Hamelton söyləyir.

Hesabatda göstərilir ki, ən böyük itki inkişaf etməkdə olan ölkələrin payına düşür. Belə ki, Tailandın itkiləri ÜDM-nin 11%-i, Yamaykanın 9%, Keniya, Misir və Malayziyada isə 3%-dək təşkil edir. Bu ölkələrdə işsizliyin artması gözlənilir. Mütəxəssislərin sözlərinə görə, turizm gəlirlərinin hər 1 milyon dollarını itirmək, iqtisaqdiyyatın digər sahələrində olan qeyri-müəyyənliyi nəzərə alsaq dövlətlər üçün ümumilikdə 2-3 milyon dollar itki deməkdir.

Bununla əlaqədar hesabat müəllifləri hökumətləri iflas riski ilə qarşılaşan turizm sektorundakı şirkətlərə yardım göstərməyə çağırırlar. Xüsusilə, otellər və aviaşirkətlərə. Bu problemin həlli yolu kimi aşağı faizlə kreditləşmənin tətbiqi təklif olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.