Qaz milyardları Azərbaycana geri qayıdır

24-04-2019, 00:00           
Qaz milyardları Azərbaycana geri qayıdır
2020-ci ilin ikinci yarısında TAP kəməri ilə Azərbaycan qazının Avropaya kommersiya tədarükünə başlanacaq.

Bunu jurnalistlərə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib. SOCAR-dan bəyan edilib ki, TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin TAP-ın istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

Vaqif Əliyev təəsüflə bildirib ki, TAP qaz kəmərinin istifadəyə verilməsi ilkin qrafikdən geridə qalır: “Bu, İtaliyada baş verən hadisələr (ekologiya ilə bağlı - red.) və bir sıra texniki səbəblərlə əlaqədardır. Azərbaycan qazının Avropaya komersiya tədarükünə 2020-ci ilin ikinci yarısında başlanacaq, lakin ayı dəqiq qeyd etməyəcəyəm. Qazın sınaq tədarükünə daha əvvəl başlanıla bilər”.

O, həmçinin qeyd edib ki, TANAP-ın tikintisində heç bir gecikmə yoxdur və elan olunduğu kimi, 1 iyul 2019-cu ildə boru kəməri Azərbaycan qazının Avropaya tədarükü üçün tam hazır olacaq. 2019-cu ilin fevral ayında TAP konsorsiumun icraçı direktoru Luka Şippatti bəyan edib ki, TAP-ın tikintisi üzrə irəliləyiş 85 faizi keçib, qaz kəməri 2020-ci ildə Azərbaycan qazının qəbuluna hazır olacaq.

Xatırladaq ki, ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 milyard kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

Bu il aprelin 15-dən Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi üzrə konsorsium boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək (Əskişəhər-İpsala) olan hisəsinə qazın verilməsinə başlayıb.

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq İtaliyaya qədər uzanan “Trans-Adriatik” (TAP) boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyətə gətirilməsi gözlənilir.

Maraqlıdır, Azərbaycan qazının Avropaya qaz tədarükü büdcəyə nə qədər vəsait qazandıracaq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə deyib ki, təbii qazın Avropaya ixrac olması çox mühüm hadisədir:

“Avropaya qaz tədarükü Azərbaycanın Avropa məkanı ilə iqtisadi anlamda daha sıx bağlanmasına, həmçinin büdcə gəlirlərində müəyyən artıma səbəb olmasına təkan verəcək. Amma neft gəlirləri qədər büdcə daxilolmaları artmayacaq və neft gəlirlərini əvəz də edə bilməyəcək. Təbii ki, ixrac olunan qaz həcmlərinin Azərbaycan büdcəsinə təsiri olacaq. Amma Azərbaycan uzun müddət sonra Cənub Qaz Dəhlizi layihəsinə qoyduğu təqribən 25-26 milyard investisiyanın geri dönüşünü təmin etməyə başlayacaq. Yəni, sırf mənfəətə çıxmaq üçün uzun illər lazım olacaq. Çünki bu layihələrə çox böyük sərmayələr qoyulub və Azərbaycan həm “Şahdəniz-2”, həm TANAP, həm də TAP layihələrinin ən böyük investordur. Ona görə də ümumilikdə gələn ildən başlayaraq Avropaya təqribən ildə 10 milyard kubmetrə qədər qaz satılacaq. 10 milyard qazın həmin həcmdə satılması da gözlənilmir, bütün hallarda daha az olacaq. Təqribən 2022-ci ildən həcm olaraq artmağa başlayacaq və 10 milyard kubmetrə çatacaq. 10 milyard kubmetr qazın bugünkü Avropa bazar qiyməti təqribən 3.2 milyard dollardır. Amma bu vəsaitin hamısının birbaşa Azərbaycana çatacağı gözlənilmir. Çünki həm tranzit, həm də hasilat xərcləri var, bunlar çıxılacaq. Daha sonra qazancdan 7 payçı şirkətin öz payını götürməsi gözlənilir. Bundan sonra yerdə qalan vəsaitin Azərbaycana daxil olacağı ehtimal olunur. Bu da ildə təqribən 600-700 milyon dollara yaxın vəsaitin Azərbaycana daxil olmasına səbəb olacaq. Bu, kifayət qədər böyük məbləğdir”.

Ekspert onu da qeyd edib ki, adıçəkilən layihələrin həyata keçirilməsinə Azərbaycan külli miqdarda kredit götürüb:

“Təqribən 9 milyarda yaxın kredit sırf bu layihələrin reallaşdırılması üçün cəlb edilib. Kredit faiz dərəcəsi təxminən 2.5-3 faizə yaxındır. Gəlirlərin az qala yarısı həmin faizlərin ödənilməsinə xərclənəcək. Qazdan gələn gəlirlərin şişirdilməsinin əleyhinəyəm. Qazdan daxilolmalar artacaq, bu özü Azərbaycan iqtisadiyatı üçün pozitivdir. Amma neft gəlirlərinin heç onda birini də təşkil etməyəcək”.//Cebhe.info//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.