Bakının tıxacdan xilas yolu - iki təklif

24-04-2019, 08:10           
Bakının tıxacdan xilas yolu - iki təklif
Ərşad Hüseynov: “Xəzərin üstü ilə asma körpü tikməyə sərf olunan pulla Bakı Metropoliteninin 20 stansiyasını tikmək olar”
Bir neçə gündür Bakının mərkəzi küçə və prospektlərində tıxac yaranır. Xüsusən də səhər saatlarından etibarən paytaxtın Moskva, Tiflis, Mətbuat prospektlərində, 28 May, Vağzalyanı, Rəşid Behbudov küçələrində tıxaclar müşahidə olunur. Səbəb odur ki, Bakıda növbəti “Formula 1" Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı dünəndən etibarən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Digər yollarda yük artdığından sıxlıq müşahidə olunur.

Ümumilikdə isə Bakıda yolların yükünün hədsiz çox olması, alternativlərin azlığı, bəzi hissələrdə, ümumiyyətlə, olmaması uzun müddətdir müzakirə olunur. Bunun üçün yeni nəqliyyat növü kimi, tramvay və trolleybusların bərpasından tutmuş, Bakıda Xəzərin üzərindən keçməklə Şıxovla Zığı birləşdirən asma körpünün tikilməsinə qədər bir çox variant müzakirə olunub. Problemin həlli istiqamətdə zaman-zaman müəyyən işlər görülsə də, qeyd olunan iki meqalayihə həyata keçirilməyib. Xüsusən asma körpü məsələsi 2010-cu illərdə müzakirə edilib, hətta layihə və smeta da hazırlanıb. Lakin bəlli olmayan səbəblərdən arxivdə qalıb. 2010-cu ildə mətbuat yazırdı ki, bir neçə il sonra dənizin ortası ilə Şıxovdan Zığ qəsəbəsinə qədər uzanacaq körpü təkcə şəhərimizə xüsusi gözəllik verməyəcək, həm də şəhərə daxil olan avtomobillərin vaxt və yanacaq itkisi etmədən mənzil başına çatmalarına kömək olacaq: ”Körpüdə iki istiqamətli 4 hərəkət zolağı olacaq, uzunluğu 26,5 km nəzərdə tutulur. Koreyalıların görəcəyi bu işlər Bakının mərkəzi rayonunun müfəssəl planının tərkib hissəsi kimi həyata keçiriləcək. Qərb və cənub tərəfdən gələn nəqliyyat vasitələri inşa ediləcək körpü vasitəsilə Abşeron yarımadasının digər nöqtəsinə qədər hərəkət edə biləcək. Hazırda avtomobillər bunun üçün şəhərin içi ilə və ya dairəvi yollarla hərəkət edir ki, bu da yetərincə vaxt və yanacaq itkisi deməkdir".

Üzərindən 9 il keçib, Bakıda əhalinin sayı daha da artıb, tıxac problemi daha da güclənib, sözügedən vaxt itkisi hər bir Bakı sakininin ömründən gedir. Lakin bu məsələ gündəmə belə gəlmir.

Bəs görəsən, indiki durumda bu layihənin gündəmə gəlməsi mümkündürmü və effektiv sayılırmı? Ekspertlər Bakı yollarının yükünü azaltmaq üçün hansı alternativ nəqliyyat vasitəsini effektiv hesab edirlər?

Nəqliyyat eksperti Ərşad Hüseynov məsələ ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, həmin layihə külli miqdarda vəsait tələb edir, bu məbləğ hətta Azərbaycanın illik büdcəsi ilə müqayisə olunacaq həddədir: “Buna görə də belə böyük bir layihənin çəkilməsinə ehtiyac yoxdur. Dəniz üzərindən belə körpüləri adətən adalarda edirlər, bir adadan başqa adaya körpü çəkilir.

Azərbaycanda da belə ada yoxdur. Bakı buxtasının o tərəfi ilə bu tərəfini birləşdirmək üçün bu qədər pul xərcləməyə də ehtiyac yoxdur. Xəzər dənizi üzərindən körpü tiksək belə, o, bir neçə ildən sonra istismar müddətini başa vurmağa başlayacaq. O körpünü saxlamaq onu tikməkdən də baha başa gəlir. Ona görə də asma körpüyə ehtiyac yoxdur".

Ekspertin fikrincə, həmin pulla şəhərin daxili infrastrukturunda daha yaxşı işlər görmək olar: “Burada təkcə yoldan söhbət getmir, məskunlaşma məsələlərini də həll etmək olar. Təhlil etmək lazımdır ki, insanlar Hövsandan mərkəzə nə üçün gəlir, nəticənin biri belə ola bilər ki, orada yaxşı məktəb yoxdur. Həmin pulun bir hissəsi ilə orada iki yaxşı məktəb tikmək olar və insanlar məktəb üçün mərkəzə gəlməz. Bu kimi məsələləri həll etmək lazımdır. Bakı buxtasının üzərindən keçən körpü olsa belə, şəhərin daxilindəki yükü fantastik dərəcədə azaltmayacaq. Ona görə də maddi yükünün ağır olması və perspektivin qaranlıq olması baxımından belə bir layihəyə ehtiyac yoxdur”.

Su nəqliyyatının olmasına gəlincə, Ə.Hüseynov bildirdi ki, Bakı buxtasından bərə ilə hərəkətin olması vaxt baxımından sərfəli deyil, ancaq şəhəriçi daşımalarda sürətli, kiçik tutumlu sərnişin gəmiləri sərfəli ola bilər: “Bibiheybət, Bayraq Meydanı ərazisindən Hövsana, Zığa bir marşrut açmaq olar. O da bahalı bir şeydir, gəmilər üçün yanalma infrastrukturu yaradılmalıdır. Orada sərnişinlər sahilə çıxıb şəhəriçi avtobuslara minməlidirlər”.

Tramvay və trolleybus xətlərinin çəkilməsinə gəlincə, ekspert bildirdi ki, belə yollar olsaydı, elə ictimai nəqliyyat bu yollarla maneəsiz hərəkət edərdi: “Bu da çıxış yolu deyil. Əsas çıxış yolu metro şəbəkəsini genişləndirməkdir. Bakı buxtasının üzərindən körpü tikməyə sərf olunan pulla Bakı Metropoliteninin 20 stansiyasını tikmək olar. Hövsana da, Xırdalana da, Sumqayıta da metro çəkmək olar. Pulu oraya xərcləmək lazımdır, metro şəbəkəsini genişləndirmək lazımdır. İctimai nəqliyyatı inkişaf etdirmək lazımdır ki, ictimai nəqliyyata üstünlük versinlər, fərdi nəqliyyat vasitəsinə qaçmasınlar. Daha sonra şəhərin planlaşma işlərində bunu nəzərə almaq lazımdır. Şəhərin elə yerləri var ki, hərəkət onsuz da çox çətindir, bu gün də zəbt olunmaqda davam edir. Hündürmərtəbəli binaların yol kənarında tikilməsinin də qarşısı alınmalıdır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.