Bakı “moykaları” - dünyanın qızıl qiymətinə aldığı su amansızlıqla israf edilir…

10-05-2019, 21:27           
Bakı “moykaları” - dünyanın qızıl qiymətinə aldığı su amansızlıqla israf edilir…
İçməli su istənilən dövlət üçün ən qiymətli resurslardan biridir. Bu məsələnin həll olunması energetika, kənd təsərrüfatı, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması və ümumilikdə, ölkənin sanitar sisteminin inkişafı üçün əhəmiyyətli dərəcədə vacibdir. Azərbaycanın su ehtiyatları məhduddur.

Ölkə üzrə ümumi su ehtiyatları orta hesabla 28,5-30,5 kubkilometr təşkil edir, quraqlıq illərdə bu göstərici 22,5 kubkilometrə qədər azalır. Digər tərəfdən, Azərbaycanın su təchizatı 50-80 faiz xarici mənbələrə bağlıdır. Söhbət bizdə axan bir sıra böyük çayların mənbələrinin digər ölkələrin ərazisində yerləşməsindən gedir.

Birləşmiş Millətlər Təşkilatının tədqiqatına əsasən, gələcəkdə içməli su qıtlığı müşahidə ediləcək ölkələrdən biri də Azərbaycandır. Buna görə də su israfının qarşısını almaq aktual məsələyə çevrilir. Ancaq içməli suyun israf edildiyi yerlərdən biri avtoyuma (“moyka”) məntəqələridir. Problem ondadır ki, bu yerlərdə avtomobillər məhz içməli su ilə yuyulur. Həmin məntəqələrdə yüksək təzyiqli aparatların mövcud olduğunu nəzərə alsaq, bu zaman nə qədər böyük həcmdə içməli suyun istifadə edildiyini təsəvvür etmək çətin deyil. Əslində, avtoyuma məntəqələrində texniki sudan istifadə olunmalıdır. Dünyanın bir sıra ölkələrində bu belədir. Bəzi ölkələrdə avtomobillər məişətdə istifadə edilən sularla yuyulur. Hətta israf olmaması üçün su xüsusi çənlərə yığılaraq, yenidən emal edilərək avtomobillərin yuyulması və digər bu kimi məqsədlər üçün istifadə edilir. Bəzi ölkələrdə avtoyuma məntəqələrində içməli sudan istifadəyə görə sahibkarlar sərt cəzalandırılır. Bununla bağlı yüksək çərimələr tətbiq edilir. Reallıq ondan ibarətdir ki, dünyanın bir sıra ölkələri içməli su problemindən əziyyət çəkirlər.

Bütün bunların fonunda, Bakıdakı avtoyuma məntəqələrində içməli sudan istifadə nə dərəcədə doğrudur?

Eyyub Hüseynov: “Bizdə texniki suyun olmaması üzündən avtoyuma məntəqələri içməli sudan vəhşicəsinə istifadə edirlər”
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, içməli sudan bu məqsədlər üçün istifadə edilməsi yolverilməzdir: “Çox təəssüflər olsun ki, bu gün “moyka”larda avtomobillər içməli su ilə yuyulur. Bizdə texniki suyun olmaması üzündən avtoyuma məntəqələri içməli sudan vəhşicəsinə istifadə edirlər. Hesab edirəm ki, bu böyük mədəniyyətsizlikdir. Digər tərəfdən, Bakıda avtoyuma məntəqələrinin sayı dünyadaki digər şəhərlərlə müqayisədə çoxdur. Mən özüm bir sıra Avropa şəhərlərində olmuşam, orada belə məntəqələrin sayı bizdən xeyli azdır. Həmin yerlərdə suya qənaət üçün elə sistem qurulub ki, avtomobillər tez-tez çirklənmir. Ən başlıcası isə, avtomobillər ancaq texniki sularla yuyulur. Təəssüf ki, hələlik bu bizdə yoxdur. Çünki bizdə texniki su istehsal edilmir. Nəticədə avtoyuma yerləri də içməli sudan istifadə edir. Hansı ki, dəniz suyunu emal edib bu məqsədlər üçün istifadə etmək olar. AİB olaraq bu yöndə səy göstəririk, amma hələlik bir nəticə yoxdur. Baxmayaraq ki, içməli su ilə avtomobillərin yuyulması böyük israfçılığa yol açır. Hesab edirəm ki, avtoyuma yerlərində həm də vergi yüksək olmalıdır. Ən başlıcası isə, texniki suların istehsalına önəm verilməlidir”.

Anar Cəbrayıllı: “Digər ərazilərə texniki suların verilməsi ilə bağlı ayrıca xətlərimiz yoxdur”
Bizdə nəyə görə texniki suların istehsal edilməməsi ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, texniki su istehsal olunur, amma bu yalnız “Azəryanacaq” Neft Emalı Zavoduna verilir: “Digər ərazilərə texniki suların verilməsi ilə bağlı ayrıca xətlərimiz yoxdur. Ona görə də avtoyuma məntəqələri şəhərə gedən içməli sudan istifadə edirlər. Ancaq bu məqsədlə tətbiq edilən tariflər əhaliyə tətbiq edilən tariflərdən yüksəkdir. İstifadə edilən bir kubmetr suya görə avtoyuma məntəqələri 2 manat pul ödəyirlər. Hələlik bizdə elə bir plan yoxdur ki, “moykalara” ayrıca texniki su xətti çəkilsin. Haçan olsa, o zaman belə bir layihə həyata keçiriləcək”.
baki-xeber.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.