"PLAGİAT İSTİSNA DEYİL" - Agentlik mübahisələrə SON QOYDU

11-05-2019, 00:00           
"PLAGİAT İSTİSNA DEYİL" - Agentlik mübahisələrə SON QOYDU
"Tərtib olunmuş əsərlərdə hüquq pozuntusu, o cümlədən plagiat istisna deyil"

Hurriyyet.org neçə müddətdir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu əməkdaşları arasında yaşanan plagiat qalmaqalına aydınlıq gətirilməsi üçün Əqli Mülkiyyət Agentliyinə sorğu ilə müraciət edib.

Agentlikdən aldığımız cavabı təqdim edirik:

Əqli Mülkiyyət Agentliyinin elektron poçtuna ünvanladığınız 6 may 2019-cu il tarixli müraciətinizə baxılmışdır.

Müraciətinizlə bağlı aşağıdakıları bildiririk:

1. Müəllif-hüquq qanunvericiliyinə əsasən, lüğətlər və digər tərtib edilən əsərlər toplu (tərtibat) kateqoriyasına aid edilir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun (bundan sonra- “Qanun”) 10-cu maddəsinə əsasən tərtib edilmiş əsərlərin tərtibatçı-müəllifləri yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsinə və ya düzümünə görə müəlliflik hüququna malikdirlər. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Bu halda mütləq şəkildə istifadə olunmuş lüğətlərin və digər əsərlərin müəlliflərinin adları göstərilməlidir.

2. “İzahlı dilçilik terminləri lüğəti”nin Agentlikdə qeydiyyatdan keçirilməsi ilə bağlı bildiririk ki, lüğətin tərtibatçı müəlliflərindən biri olan Sayalı Sadıqova Agentliyə ərizə ilə müraciət edərək, “İzahlı dilçilik terminləri lüğəti”nin qeydiyyatdan keçirilməsini xahiş etmiş və ərizəsində təminat vermişdir ki, “əsər yaradılarkən digər şəxslərin müəllif hüquqları pozulmamışdır. Ərizədə göstərilən məlumatlar düzgündür və depozitə götürülən materiallara uyğundur.”.

Qeydiyyat qaydalarına uyğun olaraq, “İzahlı dilçilik terminləri lüğəti” tərtibat əsəri (lüğət) kimi qeydiyyatdan keçirilmişdir.

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Agentlik tərəfindən heç bir lüğətin, o cümlədən “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olub-olmamsı ilə bağlı heç bir açıqlama verilməmiş və həmin lüğətin plagiat sayılmadığı haqqında kitabın şərik müəlliflərindən biri olan S. Sadıqovaya sənəd verilməmişdir.

Tərtib olunmuş əsərlərdə hüquq pozuntusu, o cümlədən plagiat istisna deyil. Müəlliflik hüququnun pozulması o zaman yaranır ki, əgər digər şəxs tərtib olunmuş əsərdə verilən müəlliflik hüququ əlamətlərini, o cümlədən tərtibat əsərinə daxil olan elementlərin və ya bu materialların düzümünü və ardıcıllığını təkrarlayır.

Bununla yanaşı müəllif hüququnun pozulması o zaman əmələ gələr ki, tərtibat əsərinə daxil olan müəlliflərin hüquqlarına riayət edilmir. Yəni istifadə edilən mənbəyə istinad müəllif-hüquq qanunvericiliyi baxımından həyata keçirilmir.

3. Onu da qeyd edirik ki, “İzahlı dilçilik terminləri lüğəti”ndə plagiat faktının olması barədə Agentliyə yazılı müraciət olduğu təqdirdə Agentlik tərəfindən müvafiq qaydada araşdırma aparılır və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülür.

Bu məqsədlə ərizəçidən əsərin və plagiat ehtimal edilən əsərin nüsxələrinin Agentliyə təqdim olunması istənilir. Agentlikdə onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə hazırlanmış rəy hüquq sahibinə təqdim edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.