Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - TƏHLİL

20-07-2019, 09:58           
Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır - TƏHLİL
2019-cu ilin birinci yarısında dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar açıqlanıb. İlin ilk 6 ayında dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat olub, 545,5 milyon manat məbləğində dövlət büdcəsinin kəsiri (defisit) yaranıb.

545 milyonluq büdcə kəsiri bəzi KİV-lərdə az qala iqtisadi fəlakət kimi qeyd edilir. Ancaq əvvəlcə 2019-cu il dövlət büdcəsi haqqında qanuna baxmaq lazımdır. 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat nəzərdə tutulub. Yəni qanunla bu ilin sonunadək 2 milyard 22 milyon manat büdcə kəsiri planlaşdırılıb. Orta hesabla götürsək, ilin birinci yarısı üçün büdcə kəsiri 1 milyard 11 milyon manat olmalı idi. Ancaq ilin birinci yarısının kəsiri yarım illik proqnozdan 85 faiz azdır. Yəni büdcə kəsirinin çox olması haqda manipuliyasiyalara ehtiyac yoxdur.

Təbii ki, büdcə kəsirinin proqnozdan az olması büdcə gəlirlərinin proqnozdan daha çox yığılması ilə bağlıdır. Maliyyə Nazirliyinin məlumatına görə, ilin ilk 6 ayında büdcə gəlirləri 10 miliyard 405,5 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz və yaxud 590,2 mln. manat çoxdur.

Təbii ki, büdcə xərcləri də artıb. 2019-cu ilin birinci yarısı ilə müqayisədə büdcə xərcləri 15 faiz və ya 1 milyard 426,7 milyon manat artıb. Xərclərin artımı əsasən əməkhaqqı və pensiyaların artımı ilə, eləcə də dollar kreditləri ilə bağlı təzminatların ödənilməsi ilə bağlıdır. Yüksək xərc artımının böyük kəsirə gətirib çıxarmamasının səbəbi isə büdcə xərclərinin optimallaşdırılması və idarəetmə xərcləinə qənaət edilməsidir.

Ümumiyyətlə, büdcə kəsirinin fəlakətli həddə olması kəsrin Ümumi Daxili Məhsul (ÜDM) istehsalına nisbəti ilə ölçülür. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir. Bu ilin birinci yarısında ölkənin ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 milyard 825,2 milyon manata çatıb. 545 milyonluq büdcə kəsiri 37 milyard 825 milyonluq ÜDM-in cəmi 1,4 faizidir və kritik həddən ən azı 2 dəfədən çox aşağıdır.

Dövlət büdcə kəsirinin örtülməsi üçün yerli mənbələr bunlardır: vergilərin sayının və vergi daxilolmalarının həcminin artırılması, gömrük rüsumları, əhalidən daxil olan vergilər və ödənişlər, özəlləşdirmədən daxil olan gəlirlər, bank ödənişləri, sığorta gəlirləri, uduş istiqrazları və s.

Maliyyə Nazirliyinin məlumatına görə, ilin birinci yarısında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3632,8 mln. manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 250,3 mln. manat çoxdur. Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2065,2 mln. manat vəsait təmin edilib ki,, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz və yaxud 446,2 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 234,4 milyon. manat təşkil etmişdir ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz və ya 55,5 milyon. manat çoxdur.

Yəni yerli mənbələrdə artım dinamikası var ki, bu da büdcə kəsrinin örtülməsi üçün yetərlidir. Dövlət büdcə kəsirinin aradan qaldrılmasında yerli mənbələrin təsiri zəif olduqda xarici mənbələrdən istifadə edir. Onlardan ən başlıcası xarici ölkələrdən, beynəlxalq banklardan alınan dövlət kreditləri və investisiya vəsaitidir.

Göstəricilərin təhlili göstərir ki, büdcə kəsrinin örtülməsində xarici mənbələrə ehtiyac yoxdur. Bu həm də hökumətin strateji xəttidir – xarici borclanmanı azaltmaq və daxili resurslardan effektiv istifadə. Bütün hallarda ÜDM-in 1,4 faizi nisbətində olan büdcə kəsirinin fəlakət kimi qabartmaq peşəkar yanaşma deyil və spekulyasiyadır.

İlin birinci yarısında icmal büdcə ilə bağlı yekun göstəricilər də narahatçılığa heç bir əsas vermir.Cari ilin altı ayında icmal büdcənin gəlirləri 17 milyar 583,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 467,6 milyon manat və ya 16,3 faiz çoxdur. İcmal büdcənin xərcləri 11 milyard 682 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 milyon manat və ya 7,7 faiz çoxdur.

İcmal büdcədə 5 milyard 901,1 milyon. manat büdcə artıqlığı (profisit) yaranıb. Yəni ilin birinci yarısının maiyyə göstəriciləri qənaətbəxşdir. İndi əsas məsələ biznes mühitinin yaxşılaşdırılması və sosial sferanın təkmilləşdirilməsi barədə növbəti qərarların verilməsidir. Adekvat qərarların verilməsi üçün maliyyə təminatı artıq var.
Qadir İBRAHIMLI \\istiqlal.az\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.