“Parçalanma təhlükəsi ilə üzləşmiş bir ölkəyə...” - Rövnəq Abdullayev məqalə yazdı

19-09-2019, 11:10           
“Parçalanma təhlükəsi ilə üzləşmiş bir ölkəyə...” - Rövnəq Abdullayev məqalə yazdı
SOCAR prezidenti Rövnəq Abdullayev rəsmi Azərbaycan qəzetində “Ulu Öndərin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşı” adlı məqalə ilə çıxış edib.
Yenisabah.az xəbər verir ki, məqalə “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunub.O, məqaləsində bu günə qədər görülən işlərin öz həcminə və əhəmiyyətinə görə olduqca möhtəşəm və heyrətamiz olduğunu qeyd edir.

“Bu gün Hasilatın Pay Bölgüsü Sazişlərinin imzalanması Azərbaycan üçün adi hala çevrilsə də, 25 il əvvəl bu, kifayət qədər problematik bir məsələ idi. Azərbaycan öz tarixinin bəlkə də ən ağır, keşməkeşli dövrlərindən birini yaşayırdı. Siyasi və iqtisadi risklər potensial xarici investorlar üçün qeyri-məqbul dərəcədə yüksək idi. Müharibə vəziyyətinə salınmış, parçalanma, hətta bir dövlət olaraq məhv olma təhlükəsi ilə üzləşmiş, ciddi kapital ehtiyatına malik olmayan bir ölkəyə etimad bəsləmək, külli miqdarda sərmayə yatırmaq çoxlarına məntiqsiz görünürdü.

Üstəlik, xarici təzyiqlərin artması, məlum qüvvələrin Xəzər bölgəsi və onun resursları uğrunda apardığı mübarizənin kəskinləşməsi bütün mümkün konstruktiv niyyət və meyilləri dalana dirəyirdi. O dövrdə dünya neft bazarında şərait də indiki kimi əlverişli deyildi. Doğrudur, sonrakı illərdə konyunktura dəyişmiş, xam neftin qiymətləri 100 dollar və daha yüksək qiymətə çatmışdı. Lakin "Əsrin müqaviləsi” ilə bağlı qərar verilən zaman dünya bazarında neftin qiyməti cəmi 10-12 dollar civarında dəyişirdi”.

SOCAR prezidenti yazıda qeyd edir ki, son 25 ildə ölkəmizdə neft hasilatı 4 dəfədən çox artıb. “Bu, olduqca böyük nəticədir və ölkə həyatının bütün sahələrində özünü parlaq şəkildə büruzə vermişdir.

Əldə olunan neft gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində ordunun, təhsil, elm və səhiyyə müəssisələrinin müasirləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi, urbanizasiya və müasir şəhər infrastrukturunun inkişaf etdirilməsi və başqa sahələrdə əsl sıçrayış baş vermişdir. Təsadüfi deyil ki, son 25 il ərzində ölkədə ümumi daxili məhsul 216 dəfə artmış, yoxsulluq səviyyəsi 10 dəfədən də çox azalmışdır”.

R. Abdullayev bildirib ki, ötən müddətdə ölkəyə ümumilikdə təqribən 265 milyard, neft sənayesinə 101 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə AÇG-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı 36 milyardı keçib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.