Konqres və Senat üzvlərindən Trampa sərt təpkilər: “Biz məgər Səudiyyə Ərəbistanından əmr gözləyən nökərik?!”

20-09-2019, 08:22           
Konqres və Senat üzvlərindən Trampa sərt təpkilər: “Biz məgər Səudiyyə Ərəbistanından əmr gözləyən nökərik?!”
Bütün diqqətlər möhtəməl ABŞ-İran müharibəsinə yönələrkən Vaşinqtondan savaş əleyhinə səslər yüksəlməyə başlayıb.

Ovqat.com xəbər verir ki, İrana qarşı müharibəyə sərt təpki göstərənlər sıravi amerikalılar da deyil. Savaş əleyhdarları arasında Konqres və Senat üzvləri ilə yanaşı, növbəti prezidentliyə iddiaçılar var. Onlar Səudiyyə Ərəbistanına aid neft obyektlərinə edilən hücumların Səudiyyə rəhbərliyinin öz problemi olduğunu iddia edərək, Tramp hakimiyyətini hadisəyə hərbi müdaxilə etməməyə çağırıblar.



Məsələ ilə bağlı ilk reaksiya Demokrat partiyasının üzvü Senator Kris Mörfidən gəlib. O, ABŞ ordusunu "Səudiyyə və İran arasında vüsət alan regional yarışda" tərəf olmamasının gərəkdiyini vurğulayıb. Regional sabitsizliyin bu həddə çıxmasında Sədiyyə Ərəbistanını günahlandıran Mörfinin fikrincə, krallıq öz əkdiyini biçir:

"1980 - 2000-ci illərdə Husiləri marginallaşdıran Səudiyyə rəhbərliyi 2015-ci ildəki münaqişələri naşıcasına idarə etməyə çalışmışdı. Təbii ki, Husilərin və iranlıların da əli qana batmış vəziyyətdədir. Trump rəhbərliyi hücumların İran tərəfindən edildiyini təsdiqləyən bir dəlil varsa bölüşməli, ancaq ABŞ bu münqaşəyə daxil olmamalıdır".



Demokrat Partiyasından Virciniya Senatoru Tim Keyn da Trampın İrana hərbi müdaxiləyə hazır olduqları barədə eyhamlı sözlərinə qarşı çıxaraq deyib: "ABŞ Səudiyyənin neftini qorumaq üçün müharibəyə girməməlidir”.



Bənzər bir açıqlama da Respublikaçı Senator Mitt Romnidən gəlib. Romni İranın hücumlardan məsul olduğuna inansa da, bu faktın ABŞ-ın hərbi müdaxiləsini tələb etmədiyini bildirib: "Səudiyyə Ərəbistanına İran tərəfindən hücum edildiyi məlumdur. Ancaq necə cavab veriləcəyini düşünməli olan tərəf Səudiyyə rəhbərliyidir".

ABŞ-ın "dünyanın polisi" olmadığına vurğulayan Romni ABŞ-dan milyardlarla dollarlıq silah alan Səudiyyə Ərəbistanının özünü qoruyacaq gücə malik olduğunu bildirib.



Senator Ben Kardın də İran-ABŞ müharibəsinin tərəfdarı deyil və iki dövlət arasında yaranmış gərginliyin günahını prezident Donald Trampın nüvə sazişindən çəkilməsində görür. B.Kardinin fikrincə, İranın bütün siyasi cəhdlərinə baxmayaraq, Tramp hakimiyyəti nüvə müqaviləsindən çəkilərək bütün diplomatik səyləri puça çıxarıb:

“İki ölkə arasındakı gərginlik kulminasiya nöqtəsindədir. Buna görə normaldan daha çox diqqətli olmağımız lazımdır. Müharibə həll yolu deyil. Heç bir ölkənin istəməyəcəyi uzun və dağıdıcı bir müharibəyə mane olmaq üçün əlaqələrin bərpa olunması gərəkdir. Milli təhlükəsizlik maraqlarımıza zidd bir qarşıdurmanın ortasında qala bilərik. Bu üzdən də diplomatik yolla həll ediləcək yeni bir variant tapmalıyıq".



Demokratların 2020-ci il prezident seçkilərində namizədlərindən olan, Konqresmen Tulsi Gabbard da Amerikanın “Fox News” kanalına verdiyi açıqlamada Tramp hökumətini Səudiyyə Ərəbistanına dəstək verdiyi üçün qınayıb. Mövcud hakimiyyətin Səudiyyə Ərəbistanı siyasətlərinin Amerika xalqını utandığını deyən Gabbarda görə, Tramp Amerikan xalqını və əsgərini Səudiyyə Ərəbistandan buyruq gözləyən qul vəziyyətinə salıb və bu, utancvericidir: “Mən keçmiş əsgərəm. Həm hərbçi, həm də millət vəkil olarkən ABŞ qanunlarını qorumağa və Amerika xalqına xidmət etmək üçün and içmişəm. Səudiyyə krallığını qorumaq üçün deyil. Bu cür siyasətlər bizim müstəqilliyimizdən imtina etməyimiz deməkdir".

Gabbard Trampın nüvə müqaviləsindən geri çəkilmə strategiyasının uğursuz olduğunu və təkrar prezident seçiləcəyi təqdirdə yeni saziş bağlayaraq, İranın bu silahlara sahib olmasını əngəlləyəcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, ötən şənbə günü yerli vaxtla saat 4.00-da Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramco”ya aid iki zavodda yanğın çıxmışdı. Rəsmi Riyad bu dəhşətli yanğının raket hücumu nəticəsində baş verdiyini açıqlamışdı. Daha sonra Yəməndəki Husilər hücumun məsuliyyətini öz üstlənmiş və “əməliyyatı” 10 silahlı pilotsuz hava aparatı ilə gerçəkləşdirdiklərini iddia etmişdilər.

Hücumun arxasında İran olduğunu irəli sürən ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-riyada verdiyi açıqlamada bunun "müharibə səbəbi" olduğunu bildirmişdi. İranın Xarici İşlər naziri Zərif isə Pompeoyu ABŞ prezidenti Donald Trampı İrana qarşı müharibəyə sürükləmək üçün aldatmaqda günahlandırmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.