Qüdrət Həsənquliyevin “Muxtar iradə” üzərində 9 ay gecikən qələbəsi: Prezident deputatın tərəfində dayandı

21-11-2019, 15:56           
Qüdrət Həsənquliyevin “Muxtar iradə” üzərində 9 ay gecikən qələbəsi: Prezident deputatın tərəfində dayandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul etməsi əyalət rəhbərləri ilə ölkə başçısı arasdında son zamanlar tez-tez təsadüf olunan adi görüşlərdən deyildi. Bu görüşün həm də qanunvericilik hakimiyyətinin icra hakimiyyəti qarşısındakı nüfuzunun gücləndirilməsi kimi də böyük əhəmiyyəti vardı.

“Naxçıvanda kəndlərə girəndə elə bilirsən, müharibədən çıxıblar” – Qüdrət Həsənquliyev

Məsələ burasındadır ki, bu ilin fevral aylarında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev saytımızın redaktoru Heydər Oğuza mühasibə verərək Naxçıvanı kəskin tənqid atəşinə tutmuş və əsasən Muxtar Respublikaya ayrılan dotasiya məsələsi üzərində durmuşdu Deputat müsahibəsində statistik rəqəmlərə əsaslanaraq bildirmişdi ki, Naxçıvan öz büdcəsinin cəmi 21.7%-ni daxili resurslar hesabına təmin edə bilir: “Özü də gömrük orqanları vasitəsi ilə toplanan vəsaitlər də bu yığımlara daxildir”.

Rəsmi statistik məlumatlara əsaslanıb Naxçıvan iqtisadiyyatının 83 milyon manat vergi ödəmək gücündə olduğunu vurğulayan deputat Muxtar Respublikanın da digər rayonlar kimi iqtisadiyyatının dirçəltməsinin, azad rəqabət mühitinin yaradılmasının, yerli sakinlər üçün iş imkanlarının artırılmasının vacibliyinə toxunmuşdu. Onun fikrincə, Naxçıvanda azad sahibkarlığın boğulması, iş yerlərinin azlığı bölgə insanlarının xaricə axınına səbəb olur, Muxtar Respublika boşalır, kəndlər müharibədən çıxmış xarabazara bənzəyir: “Mən burda öz kəndlilərimizin yas mərasiminə gedəndə, görürəm ki, bütün kənd ordadır. Deyirəm; İlahı, Əbrəqunusda kimsə qalıbmı, görəsən? Naxçıvanın, demək olar, bütün kəndləri eyni vəziyyətdədir; ya körpə uşaqlar, ya da ağsaqqallar və ağbirçəklər qalıblar. Ağsaqqalların öz asudə vaxtlarını səmərəli keçirmələri də çətinləşdirilib. Çayxanalar, mağazaların çoxu bağlatdırılıb, kənd yerlərində, məsələn, Əbrəqunusda təqaüdçülər evi dağılıb, kitabxana, klub, xəstəxana uçub, getdikcə istifadəsiz hala düşən şərab zavodları dağılıb. Həmin yerlərdə insanlar, görünür, şərtlər ağır olduğundan götürüb nəsə tikmirlər, qurmurlar. Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb”.

Qüdrət Həsənquliyevin xüsusilə son cümlələri Muxtar Respublikada ciddi ajiotaj yaratmışdı. Naxçıvanın MM-ə seçilən bütün deputatları, müxtəlif idarələrinin, elm və mədəniyyət mərkəzlərinin rəhbərləri millət vəkilinə total hücuma keçmişdilər. Bir çoxları bu hücumların Muxtar Respublika rəhbərliyi tərəfindən təşviq olunduğunu düşünür və bunu bir səbəblə əlaqələndirirdilər: görünür, Vasif Talıbov rəsmi Bakının nəbzini yoxlayır. Məqsəd millət vəkilinə cavab kampaniyası təşkil etməklə əslində ölkə başçısının mövqeyini öyrənməkdir. Əgər prezident İlham Əliyev millət vəkili ilə razılaşmasa, ona təzyiq edərək susdurar və məsələyə nöqtə qoyular. Qüdrət bəy isə susmaq niyyətində deyildi. Onun, demək olar ki, sonuna qədər müqaviməti bu çıxışın həm də ölkə rəhbərliyi tərəfindən müdafiə olunduğu qənaəti yaradırdı.

Ölkə rəhbərliyinin nəbzini yoxladıqdan sonra Naxçıvandan millət vəkilinə qarşı hücumlar da dayandı. Üzərindən cəmi 9 ay keçəndən sonra ölkə başçısı Muxtar Respublika Ali Məclisinin Sədrini qəbul etdi. Və onun qarşısında Qüdrət Həsənquliyevin qaldırdığı məsələləri xüsusi tapşırıq kimi qoydu:

“Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”.

Qeyd edək ki, Qüdrət Həsənquliyevin həmin müsahibədə irəli sürdüyü arqumentlərdən biri də Naxçıvan Muxtar Respublikasının digər rayonlardan “gözü qara” olmaması ilə əlaqədar idi. Deputat bildirirdi ki, necə olur, başqa rayonlar özü-özünü təmin edəcək vəziyyətə gəlir, amma Naxçıvan öz büdcəsinin 80%-ni dotasiya ilə doldurur: “34 rayon və şəhər ümumiyyətlə, dotasiya almır və bəziləri yerli xərcləri ödəməklə yanaşı, büdcəyə milyonlarla manat vergi ödəyir. Öz xərclərini tam ödəyə bilməyən bütün digər rayonlar üst-üstə Naxçıvandan 3 dəfə az, 104 milyon manat dotasiya alır. Bunlar öz yerində, mən Naxçıvan sözçüsünün məntiqini də anlaya bilmirəm. Bəyəm, digər rayonlarda vəziyyət pisdirsə, bu, əsas verir ki, Naxçıvan neqativlikdə o biri rayonlarla yarışsın? Mən deyirəm ki, Naxçıvan Azərbaycanda xüsusi bölgədir və onun iqtisadiyyatının inkişaf etdirilməsi Dağlıq Qarabağın işğaldan azad olunması qədər əhəmiyyətli məsələdir. “Başqa rayon qanunu pozur, mən də pozum, inkişafdan geri qalıb, mən də geri qalım” anlayışı bu qədər önəmli strateji məsələlər müzakirə olunduğu zaman nə dərəcədə əsaslı arqumentdir? Yəqin başa düşdünüz ki, bu anlayışla Muxtar Respublikanın iqtisadiyyatını inkişaf etdirmək mümkünsüzdür”.

İlham Əliyevin Vasif Talıbova incə iradlarının arasında bu məqama da rast gəlmək mümkün idi. O da eyni məntiqdən çıxış edərək, Muxtar Respublikanı digər rayonlardan ibrət dərsi almağa çağırdı: “Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu vəsait sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır”.

Millət vəkilinin hətta bir çox nazirlərin belə sözünün keçmədiyi Naxçıvan Muxtar Respublikası üzərində 9 aydan sonra reallaşan bu qələbəsi ölkəmizdə yeni dövrün başlamasının xəbərçisidir. Belə anlaşılır ki, bu yeni mərhələdə milli iradənin təmsilçi sayılan deputatın sözü ən yüksək səlahiyyətli icra başçısından və ya əyalət rəhbərindən daha keçərli olacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.