"Baxın, Prezident güclü müxalifət görməyi ümid edir" - VİDEO

6-01-2020, 17:52           
"Baxın, Prezident güclü müxalifət görməyi ümid edir" - VİDEO
Azərbaycan Televiziyasının “Həftə” analitik proqramında sosial şəbəkələrdə saxta profillərdən yazılmış bir neçə şərhi əsas götürərək müzakirələr açan, bununla bağlı verilişlər hazırlayan şəxslərə müraciət edilib.

Proqramda sözügedən şəxslərə saxta şərhlərə sığınmağı deyil, beynəlxalq sosial araşdırma mərkəzlərinin, reytinq agentliklərinin ölkəmizlə bağlı hesabatlarına nəzər salmaq məsləhət görülüb:

“Azərbaycan inkişaf edir, yalnız regional deyil, beynəlxalq münasibətlər sistemində öz sözünü deyir, müstəqil siyasət yürüdür, ölkəmiz öz lideri ilə tanınır, sevilir, qəbul olunur. Bu gün iqtisadi inkişafımız, yürüdülən sosial siyasət, vətəndaşa ən ali səviyyədə göstərilən diqqət və qayğı, həssas münasibət göz önündədir. Çox uzağa getmək lazım deyil. Yalnız artıq başa çatan 2019-cu ilin sosial-iqtisadi yekunları hər kəsdə, damarından azərbaycanlı qanı axan hər bir həmvətənimizdə qürur hissi oyadır. Ən əsası isə sabit və təhlükəsiz Vətənimiz, davamlı inkişafı ilə seçilən müstəqil dövlətimiz, xalq-lider birliyi var. Amma təəssüf ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də Azərbaycanımız inkişaf etdikcə gözü götürməyən, dövlətin yürütdüyü hər bir siyasətdə qara nöqtə axtarmağa və onu gözdən salmağa çalışan dairələr də aktivləşir, hər vəchlə müxtəlif təsir metodlarına əl atırlar. Təbii ki, bu yolda sapı özümüzdən olan baltalardan da yetərincə istifadə edilir. Bu baltaların adlarını çəkməyə ehtiyac yoxdur. Daha çox klaviatura qəhrəmanları, sosial şəbəkə ulduzları olan həmin “qəhrəman”ların halına bu gün yalnız acımaq olar.

Heç bir sosial dayağı, dəstəyi olmayan həmin fərdlər, görün, nə qədər rəzil duruma düşüblər ki, sosial şəbəkələrdən elə onların öz sinfinə aid 3-5 saxta profilin şərhlərini əsas götürüb veriliş hazırlayır, diskussiya təşkil edirlər. Əvvəla, bu binəvalar bilməlidirlər ki, 3-5 nəfər xalqın düşüncəsini, mövqeyini heç bir zaman əks etdirə bilməz. İkincisi, əgər sizi xalqın hakimiyyətin yürütdüyü siyasətə münasibəti maraqlandırırsa elə 2019-cu il ərzində, demirəm yerli, hər zaman əlinizdə bayraq etdiyiniz beynəlxalq sosial araşdırmalar mərkəzlərinin, reytinq agentliklərinin hesabatlarına nəzər salın. Əgər əlbəttə ki, özünüzü peşəkar jurnalist və əsl vətəndaş, həqiqətən də bu xalqın və millətin təəssübünü çəkən biri hesab edirsinizsə.

Yaxşı, sorğuları qoyaq bir kənara. Görəsən, sosial şəbəkələrdə xalqa ağıl öyrədən bu zavallılar, çox demirik, heç olmazsa, bir dəfə xalqımızın başına gətirilən istər 20 Yanvar, yaxud 26 fevral kimi dəhşətli bəlalardan, soyqırımı hadisələrindən nə zamansa, haradasa danışıblarmı, sayı 1 milyondan çox olan qaçqın və məcburi köçkünlərimizin üzləşdiyi problemləri, 20 faiz torpağımızın işğalı faktını, yaxud elə işğalçı Ermənistanın yürütdütü terror siyasətini canla-başla xidmət etdikləri amerikalı, yaxud avropalı parlamentarilərlə müzakirəyə çıxarıb, məsələlərə hüquqi qiymət tələb ediblərmi? Və ya dövlətin bu istiqamətdə yürütdüyü siyasətə, elə götürək indiyənə qədər bir neçə dəfə məhz bu məqsədlə təşkil olunan ümumxalq yürüşünə dəstək veriblərmi? Xeyr. Çünki bunun üçün azərbaycanlı olmaq lazımdır. Yalnız sənəddə deyil. Həm də əqidə, həya, abır, əxlaq, düşüncə baxımından. Bu keyfiyyətlər isə dükanda satılmır ki, alıb həmin məzlumlara paylayasan. İnsan ya həmin dəyərlərlə doğulur, ya da... Həya, abır və məsləkini itirmiş kəslər üçünsə Vətən anlayışı da yoxdur. Onlar üçün yalnız maraq var. Əgər 3-5 nəfərin marağı onların düşüncəsi və yanaşması ilə üst-üstə düşürsə, həmin adamlar qəhrəmanlaşdırılır və təbliğ olunur, müzakirələr açılır. Lakin artıq o dövr bitdi, xanımlar və cənablar. Azərbaycan inkişaf edir, yalnız sosial – iqtisadi göstəricilər baxımından deyil, həm də insan resursları, kadr potensialı və düşüncə tərzi baxımından. Və əmin olun ki, bu xalq yaxın keçmişdə sizin sələflərinizi süpürüb tarixin zibilliyinə atdığı kimi, bu gün yürütdüyünüz dırnaqarası ideoloji işinizə də acı təəssüf və gülüşlə yanaşır. Çünki sizin əslində kim olduğunuzu hər birimizdən, elə sizin özünüzdən də yaxşı bilir. Ona görə də sizə artıq önəm belə verilmir, ona görə də xalq öz liderinin, bu dövləti inkişafa aparan, ona sabitlik bəxş edən Prezidentinin ətrafındadır.

O Prezident ki vətəndaşı, onun marağını dövlət siyasətinin mərkəzində görür, o Prezident ki vətəndaşın probleminin həlli onun üçün bir nömrəli strateji məsələdir, o Prezident ki özü başda olmaqla, hər bir məmuru xalqın xidmətçisi adlandırır və nəhayət o Prezident ki hətta müxalifətə müraciət edərək deyir: “Nəyisə əldə etmək istəyirsinizsə, ilk növbədə naftalin qoxusu gələn ünsürlərdən təmizlənməli, sağlam, müasir müxalifət formalaşmadırmalısınız. Hansı ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. ümumxalq məsələləri hər şeydən üstün tutacaq”. Və bildirir: “Mən ümid edirəm ki, nə vaxtsa, biz bunu görəcəyik”. Baxın, Prezident güclü müxalifət görməyi ümid edir.

Etiraf edək ki, qlobal miqyasda çox nadir hallarda rast gəlinən bu yanaşmanın özü belə, Azərbaycan dövlətinin və Prezidentinin öz xalqına və vətəndaşına münasibətini, bu dövlətin, onun liderinin gücünü ortaya qoyur. Bax, şərh olunası, təhlil ediləsi məqam budur, daha 3-5 nəfərin haradasa yazdığı şərh deyil. Bunu nə qədər tez anlasanız bir o qədər xeyrinizə olar. Hərçənd ki, çətin”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.