İran-ABŞ müharibəsi olarsa: - Cənubi Azərbaycana müstəqillik, Azərbaycanla normal münasibətlər...

7-01-2020, 10:07           
İran-ABŞ müharibəsi olarsa: - Cənubi Azərbaycana müstəqillik, Azərbaycanla normal münasibətlər...
İran-ABŞ müharibəsi olarsa:
İran ordusunun generalı Qasım Süleymaninin İraqın paytaxtı Bağdadda ABŞ tərəfindən öldürülməsi iki ölkə arasında münasibətlərin daha da pisləşməsinə səbəb olub. İndi bu məsələni müzakirə edənlərin hamısını bir sual maraqlandırır: ABŞ-İran müharibəsi olacaqmı?

Bəs müharibə olsa, bu, bölgəyə necə təsir edəcək? Cənubi azərbaycanlı soydaşlarımızın vəziyyəti necə olacaq?

Modern.az məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, keçmiş deputat Sabir Rüstəmxanlının münasibətini öyrənib.

İranlı generalın öldürülməsini pisləyən sabiq millət vəkili bildirib ki, kimliyindən asılı olmayaraq heç kimin terrora məruz qalması normal qarşılanmamalıdır.

S.Rüstəmxanlı bu hadisənin iki ölkə arasında müharibəyə səbəb olmayacağına inanır:

“Terrorun İranla Amerikanın münasdibətlərini müharibə həddinə gətirib çıxaracağına da inanmıram. Çünki dünyada belə hadisələr olur, evlər dağıdılır, təyyarələr vurulur, ən ağır faciələr baş verir. Amma müharibə çox çətin və ağır məsələdir, dünyanı alovlandıra biləcək fəlakətdir. İnanmıram ki, bir terror hadisəsinə görə münasibətlər müharibə səviyyəsinə gəlib çatsın”.

Sabir Rüstəmxanlı onu da bildirib ki, müharibə ehtimalını da nəzərə almaq lazımdır:

“Bura həm də bizim bölgəmizdir və oradakı İran əhalisinin yarısı Azərbaycan türküdür. Necə ki, Quzey Azərbaycan müharibə içindədir, Qarabağ məsələsi hələ həll olunmayıb. Orada da yeni müharibə başlasa, qırğına gedən bizim insanlar olacaq. Ona görə də buna adi hadisə kimi yanaşmaq olmaz. Təbii ki, bütün halları nəzərə almaq lazımdır. Birdən müharibə olsa, Azərbaycan buna hazır olmalıdır. İranın parçalanacağı halda hökmən Cənubi Azərbaycanın müstəqillik əldə etməsi və Şimali Azərbaycanla normal münasibətlərin qurulması bizim əsas hədəflərimizdən biri olmalıdır. Müharibə olsa, böyük insan, qaçqın kütləsi olacaq və bu da Azərbaycan üçün yeni problemlər yaradacaq. Bunu da nəzərə almaq lazımdır. Avropa, ümumiyyətlə, bütövlükdə Qərb çox çalışır ki, bölgədə müharibə genişlənsin. Suriya, İraq, Fələstinlə İsrail, orada Yəmən, onun dalınca İraq parçalanıb, dağılıb, sonra İran, Türkiyə. Bütövlüklə bölgəmizin daha da çıxılmaz bir münaqişənin içinə atılmasını arzulamaq olmaz. Hesab edirəm ki, biz müharibəyə aparan yolları və addımları qətiyyətlə pisləməliyik”.

S.Rüstəmxanlı iranlı deputatlardan birinin Ermənistanla dostluq münasibətlərində yanıldıqları, ölkəsini Azərbaycanın haqq işinə yardım gösətərməsi ilə bağlı çağırışına da münasibət bildirib.

“Bu, çox maraqlıdır ki, onlar özləri etiraf edirlər ki, Ermənistana həmişə yardım ediblər, Azərbaycanın haqqını tanımayıblar. 30 ildir bizim dediyimiz sözləri bu gün özləri deyirlər. Amma mən inanmıram ki, İran dediyi bu sözdən bir nəticə çıxarsın. İranın siyasəti bizə qarşı dəyişməzdir. Fars rejimi türkləri sevmir, türklərə nifrət edir və məzhəb təəssübkeşliyi adı altında əslində Azərbaycan türklərini bir millət kimi məhv etmək siyasəti aparır. Ona görə də dini təəssübkeşlik yolverilməzdir. Azərbaycanda İranın nə dərəcədə köklərinin olduğu, bizim camaatımızın içində nə dərəcədə itmədikləri məlumdur. Biz bunu həmişə deyirik və beyinyuma əməliyyatı gedir. Güney Azərbaycanla, İranla qardaşlıq duyğuları, normal münasibətlər qalıb bir kənara, fanatizm və cəhalət meydana çıxıb”, - deyə DAK həmsədri bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.